Türkiyəli diş həkimi Pertev Kökdemir oruc tutan insanları xoşagəlməz ağız qoxusundan xilas olmağın ən effektli üsulları ilə tanış edib.
Diş həkimi sahurda və iftarda cəfəri, nanə, zəncəfil, darçından bol-bol istifadə etməyi tövsiyə edib. O, bu bitkilərin ağız qoxusunu aradan qaldırdığını bildirib. P.Kökdemir deyib ki, Ramazan ayı yay vaxtına təsadüf etdiyi üçün 17 saat ac qalırıq, bu isə ağızda quruluq və qoxulara yol açır: “İftardan və ya sahurdan sonra dişlər fırçalanmadıqda ərzaq artıqları ağızda yığılır və qoxuya səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayır və bu iltihab da qoxuya yol açır. Odur ki, iftardan və sahurdan sonra yemək artıqlarını uzaqlaşdırmaq üçün dişləri mütləq ən azı iki-üç dəqiqə fırçalayın, sonra isə qarqara edin”.
Onun sözlərinə görə, iftarda bol suyla birlikdə yaşıl çay, sahurda isə bir stəkan soyuq süd içmək ağız qoxusunu təravətləndirir: “Bununla bərabər ağız qoxusunu əngəlləmək üçün bitkilərdən də istifadə etmək olar. Cəfəri, nanə, zəncəfil, şüyüd, adaçayı, darçın, yaşıl çay, okaliptus, hil, və keşniş də ağız qoxusunu aradan qaldırır. Bəzilərini çiy şəkildə udmaq, bəzilərini isə çay şəklində dəmləyib içmək müsbət nəticə verir. Həmçinin sahurda bir stəkan soyuq süd də iyi azaldır”.
Mütəxəssis tərkibində sprit olan qarqara vasitələrindən istifadə etməməyi məsləhət görüb:
“Tərkibində spirt olan qarqara vasitələri ağız quruluğunu daha da artırır. Dişləri fırçalamayıb, sadəcə, qarqarayla diş üzərindəki ərpi uzaqlaşdırmağa çalışmaq son dərəcə yanlışdır. Əksinə bu, ağız qoxusunu şiddətlədnirir. Oruclu ikən suyu udmamaq şərtilə gün ərzində ağızda suyu çalxalamaq bakteriyaları və ağız qoxusunu azaldır”.