abort

Qanunsuz aborta qarşı qanunun sərtləşdirilməsi nə vəd edir?

Baxış sayı: 1. 278
Azərbaycanda qanunsuz abort etməyə görə daha ağır cəzaların tətbiqi nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Məcəllənin 141-ci (Qanunsuz abort etmə) maddəsinə təklif olunan dəyişikliklərə görə, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə cərimə 500 manatdan 1000 manatadək, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək, bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda isə 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilir. Hazırkı Məcəllədə isə eyni əməllərə görə cərimələr, müvafiq olaraq 200 manatadək, 300 manatadək və 300 manatdan 500 manatadək məbləğdə müəyyən edilib. Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklərin Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Təkcə cərimənin miqdarının artırılması bu problemi həllidirmi? Ümumiyyətlə, bu sahədə vəziyyət nə yerdədir?
Tibb  üzrə ekspert Adil Qeybulla deyir ki, hələ sovet dövründə də qanunsuz aborta qadağa qoyulmasına  baxmayaraq, bu kimi hallar baş verirdi: “Qanunsuz abortlar indi də mövcuddur və müxtəlif tibb müəssisələrində həyata keçirilir. Abort insanların şəxsi fikri və istəyi ilə həyata keçirilə bilər. Əgər qadın uşaq dünyaya gətirmək istəmirsə və yaxud başqa bir problemi varsa, o, qanuni şəkildə abort edilə bilər. Digər tərəfdən, bəzən ananın taleyi sual altında qaldığı halda, məsələn, şəkərli diabet, böyrək çatışmazlığı və s. kimi xəstəlikləri  varsa, yəni hamiləlik ananın səhhətinə birbaşa təsir edirsə, o halda situasiya dəyərləndirilə və komissiya tərəfindən abort təyin edilə bilər. Qalan bütün hallarda, yaxşı olar ki, xəstənin istəyi nəzərə alınsın. Hesab edirəm ki, «qanunsuz abort» ifadəsi ümumiyyətlə, ləğv olunmalıdır. Cəmiyyətimizdə ictimai qınaq, milli dəyərlər anlayışlarımızla  qanunlar arasında uyğunsuzluq var. Qadağaların olması bu kimi cinayət hadisələrinə yol açır. Düşünürəm ki, cinayət hallarının aradan qaldırılması üçün abort qanuniləşdirilərsə, daha yaxşı olar. Əgər qadağadan söhbət gedirsə, mütləq cinayət halları artacaq”.
A.Qeybulla deyir ki, abort yalnız xəstəxana şəraitində, həkim-ginekoloq tərəfindən həyata keçirilməlidir: ” Ali təhsili olmayan şəxsin abort etməsi qətiyyən düzgün deyil. Çünki bu zaman infeksiya keçə, yaxud digər təhlükəli məqam ola bilər. Abort zamanı istifadə edilən alətlər steril olmalıdır. Abortun yüksək keyfiyyətlə həyata keçirilməsi ananın sağlamlığı üçün çox vacibdir. Ona görə də ginekoloq nəzarəti bu zaman çox önəmlidir. Başqa şəxslərin abort etməsi cinayət tərkiblidir. Hesab edirəm ki, ali tibb təhsili olmayan şəxslər abort etdikdə, onlara təkcə cərimə tətbiq etməklə kifayətlənmək olmaz. Bu baxımdan düşünürəm ki, qanun daha da sərtləşdirilməlidir. Lakin ümumilikdə hesab edirəm ki, cərimənin artırılması istənilən halda arzuolunmaz  halların qarşısını almaqda faydalı olacaq”.
 
Hüquqşünas Ceyhun Cəfərli hesab edir ki, sanksiyaların sərtləşdirilməsi labüddür. Çünki yumşaq sanksiya cinayətə meylliliyi daha da artırır: “Qazanc, mənfəət baxımından onun arxasında duran, bu sahədə tibbi xidməti həyata keçirən həkimlər və tibbi personal bu cinayəti törətməkdən ehtiyatlanmırlar. Əgər cərimənin miqdarı  az, mənfəət çoxdursa, bu işə meyllilik daha da artır. Üstəlik, cinayətə  nəzarət mexanizmi  zəifdirsə, qanunsuz abort etdirən və edən bundan şikayət etmirsə, bu kimi halların artması və geniş yayılması üçün münbit şərait yaradır. Ümumiyyətlə, qanunsuz abortla bağlı şikayət edənlərin sayı çox azdır. Çünki çox hallarda qanunsuz abortu həyata keçirən şəxs həkimlə qarşılıqlı anlaşma əldə edir. Şikayət az hallarda, ağır fəsadlar baş verən zaman olur. Digər tərəfdən, əgər şikayət olsa belə, həmin şəxslər qanunun yumşaq olmasından istifadə edib, daha ağır cəzalardan yayına bilirlər. Nəticədə bu cinayət vüsət alır və insanların təbii artımının qarşısı alınır. Qanunsuz abortlar həm də insanın təhlükəsizliyi baxımından cinayətdir.  Hər qanunsuz abort bir insanın yaşamaq hüququnu əlindən alır. Abortun tibbin icazə verdiyi şəkildə həyata keçirilməməsi və bunun nəticəsində ananın və sonrakı uşaqların sağlamlığına da birbaşa təsir edir. Bu baxımdan da düşünürəm ki, qanunlar daha da sərtləşdirilməlidir ki, bu işlə məşğul olan tibbi personal cinayətdən çəkinsin. Əvvəllər eyni cinayətə görə cərimələnən, yaxud məsuliyyətə cəlb olunan həkimlər bu əməli təkrar edərsə, növbəti dəfə onlara daha ağır cəza verilməlidir. Düşünürəm ki, bu dəyişiklik faydalı olacaq. Çünki bəzən cərimənin miqdarı böyük  təsir qüvvəsinə malikdir. Ali tibb təhsili olmayan şəxslər bu işə cəhd etdikdə, onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Sosioloq Lalə Mehralı deyir ki, bu məsələ hər zaman aktualdır: “Həmişə aborta görə pul cəzasının çoxaldılmasının, lazımı vəziyyətlərdə hətta həbs cəzası ilə əvəz edilməsinin tərəfdarı olmuşam. Şəxsən özüm araşdırma üçün getdiyim bir neçə dövlət xəstəxanasında qeydiyyata salınmadan, xəstəlik tarixçəsi açılmadan neçə qadının abort stoluna çıxarıldığını görmüşəm. Qeydə alınan abort statistikası insanın tükünü ürpərdir, indi təsəvvür edin qeydə alınmadan nə qədər körpə ana bətnində qətl edilir, selektiv aborta məruz qoyulur. Üstəlik bunların hamısı xəstəxana şəraitində edilmir, işinin ustası olduğunu hesab edən bəzi həkimlər elə öz evinin bir otağında xəstə qəbul edir, abort həyata keçirir. Adi tibb bacısı belə abort edib, pul qazanır. Xəstəxana şəraiti olmayan yerdə tibbi müdaxilə etmək təhlükəlidir, bunun nəticəsi ölümlə nəticələnə qədər gedə bilər. Bu kimi ciddi məsuliyyətə görə 500-1000 manat cərimə çox cüzi məbləğdir. Amma vicdanını, peşə əxlaqını pula dəyişən həkimlərin getdikcə artması hökuməti bu məsələdə narahat olmağa çağırdı və bu da nəticəsidir ki, problem ciddi müzakirə edilir. Sevindirici haldır ki, dövlətimiz milli genefondun sağlam olması, ailə institutunun qorunması üçün bu cür addımlar atır. USM müayinəsində dölün cinsinin deyilməsinin qadağan edilməsi məsələsi də bu addımlardan biri idi ki, həqiqətən işə yarayırdı, amma nəzarət mexanizmi zəifləyən kimi yenə də USM həkimləri 13-cü həftədən etibarən dölün cinsini deməyə başladı, bu da öz növbəsində selektiv abort cinayətini artırdı. Çox istərdim ki, cərimələr məsələsindən sonra USM müayinəsində dölün cinsinin deyilməməsi məsələsi yenidən müzakirə edilsin. Əks halda, yaxın 10 illiklərdə ölkəmizdə oğlanlar evlənməyə qız tapmayacaqlar”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir