“Hər prosedur 80 manatdır, amma mən sənə 70 manata edəcəm. 2 həftədən bir təkrarlanmalıdır, ümumən 4 seans lazımdır. Üzün körpə dərisi kimi olacaq…” Yaşı 35-i adlamış qadınların ən çox müraciət etdiyi şəxs heç şübhəsiz ki, kosmetoloqlardır. Plazma liftinq, lazer epilyasiya, ləkələrin ağardılması, üzün dartılması… və daha nələr-nələr.
Amma bu, Bakıda, Azərbaycanda bir qədər əndazəni və standartları aşıb. Naşılar, həvəskarlar az qala hər tində kosmetoloq kimi fəaliyyət göstərdiklərini elan edirlər. Bəzən də məhəllə arasındakı gözəllik salonlarına girib, 5 kvadrat metrlik bir küncdə, heç bir gigiyena və təhlükəsizlik standartına uyğun olmadan bu işi görənlərin olduğunu görürsən. İstər-istəməz insanda qorxu yaranır: üzdəki bir ləkəni götürmək istədiyimiz halda, hansısa ciddi bir xəstəliyin qurbanına çevrilməyimiz mümkündürmü? “Yeni Müsavat” bununla bağlı paytaxtdakı durumu və təcrübəni araşdırıb. “Gencaile.az” həmin araşdırmanı oxucularına təqdim edir.
Gözəllik salonuna gedib hepatitə yoluxanlar ordusu
Dəfələrlə mətbuatda gözəllik salonlarının xidmətindən istifadə edib, daha sonra ciddi xəstəliyə yoluxanlar barədə xəbərlər gedib. Bu da səbəbsiz deyil. Çünki naşı ustalar, kosmetoloqlar bir çox hallarda xəstəliklərin dəvətkarlarıdır. Məsələn, manikür üçün gözəllik salonuna gedib, sonra panarisiya xəstəliyinə yoluxanlar bu sahədə xüsusi üstünlük təşkil edir. Gözəllik salonlarında xüsusən də hepatitlər yayılıb. Amma bunu heç kim sübuta yetirə bilmir. Çünki hepatitə yoluxma dərhal özünü göstərmir.
Bundan başqa, kosmetoloqlar əksər prosedurları qanla edirlər. Məsələn, plazma üçün damardan qan alınır, sonra o, hansısa formada təmizlənir və üzə vurulur. Düşünün ki, bu, bir orqanizm üçün necə həssas bir prosesdir. O üzdən həkimlərin bu məsələdə vahid mövqeyi var: qanla işləyən kosmetoloq hepatit əleyhinə məhluldan da istifadə etməlidir. Halbuki təcrübəsiz kosmetoloqların belə bir maddədən ümumən xəbərləri yoxdur.
Bəs sterilizasiya? Ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Müasir salonlarda isə adi qaynama vasitələrindən və üzərində “sterilizer” sözü yazılan alətdən istifadə edilir. Halbuki bunlar virus infeksiyalarını məhv etmək üçün yetərli deyil. İlk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsələsinə diqqət etmək lazımdır. Bu günədək dəfələrlə belə təkliflər səslənib ki, adıçəkilən xidmətləri göstərmək üçün peşəkar mütəxəssislərə və Səhiyyə Nazirliyindən alınan müvafiq sertifikatlara ehtiyac var.
Bilməyənlər uçün kiçik arayış: Plazma liftinq nə deməkdir? Bu proses nəyi ehtiva edir? Öncə damardan 100-200 qram qan alınır və qanın trombositlərlə zəngin plazma (PRP) hissəsi götürülərək müalicə olunacaq nahiyəyə vurulur. Bu zaman həmin nahiyədəki hüceyrələr yenilənir. PRP saç tökülməsi zamanı, üzü gəncləşdirmək üçün, ayaq, çiyin, dizdəki kirəcləşmələr və s. zamanı istifadə olunan prosedurdur. Göründüyü kimi, bu zaman qan bədənin bir yerindən alınır və kənarda müxtəlif əməliyyatlar aparılaraq trombositlərlə zəngin plazma bədənin digər yerinə vurulur. Bu zaman proseduru düzgün həyata keçirmək üçün tibbi biliyin olması, bundan da əlavə gigiyenik qaydalara əməl edilməsi vacibdir – baxmayaraq ki, bir çox “kosmetoloq”ların bu anlayışlardan xəbəri belə yoxdur.
Saç tükü dırnaq qırığına qarışan yerdə gigiyenik kosmetologiya?
Həkim-kosmetoloq Nuranə İsmayılovanın dediyinə görə, spirtləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti isə 120-350 manatdır. Müsahibimiz deyir ki, hazırda Bakıdakı gözəllik salonlarında kosmetoloq kimi fəaliyyət göstərənlərin böyük əksəriyyətinin tibdən, dezinfeksiyadan xəbəri yoxdur. Onun sözlərinə görə, təhlükəsiz prosedurlar üçün adıçəkilən xüsusi aparatlar salonlarda olmalıdır. Amma əksər gözəllik salonlarında bu olmadığı üçün infeksiya yolu ilə həyata keçirilən prosedurları icra eləmək düzgün deyil. Ümumiyyətlə, qanla əlaqəli prosedurlar təmiz şəraitdə aparılmalıdır. Salonlarda isə saç kəsimi, saç rənglənməsi, manikür-pedikür az qala eyni ortamda olduğu üçün orada təmizlikdən danışmaq mümkün deyil.
Azərbaycanda heç bir ali təhsil müəssisəsində kosmetoloq ixtisası yoxdur. Lakin buna baxmayaraq, ölkədə hər addımbaşı qadın salonlarında kosmetoloq kimi fəaliyyət göstərən şəxslərə rast gəlinir. Paytaxt salonlarında kosmetoloq xidmətləri təklif edən əksər kosmetoloqlar isə Tibb Universitetinin dermatologiya, yaxud da tibbi biologiya ixtisasını bitirənlər olur. Ən yaxşı halda bu şəxslər işləmək üçün xarici ölkələrdə cəmi bir neçə aylıq kosmetoloji kurslar keçərək sertifikat alırlar.
Rusiyanın “lastik Cərrahiyə və Kosmetologiya İnstitutunda hər il 80 min pasient müalicə alır. Bu sahədə təhsil alanlardan baza bilikləri ilə yanaşı, dermatologiya, xüsusilə də müasir avadanlığın köməyi ilə estetik problemlərin həll olunması, fizioterapiya üsulları, bərpaedici tibb sahəsində əldə olunan ən son yeniliklər, ginekologiya və endokrinologiya, dietologiya, qocalma əleyhinə tibbin əsasları və psixologiyanı da bilmək tələb olunur. Avropada isə kosmetoloq olmaq üçün mütləq müalicə işi üzrə ali tibbi təhsil almaq tələb olunur.
Gözəllik salonlarının sayı həddindən artıq çox olduğundan, onlarda aylıq monitorinqlərin aparılması çətindir. Amma bununla yanaşı, artıq gigiyena qanunlarını kobud şəkildə pozan bir neçə salon üzə çıxarılıb. Bununla bağlı keçirilən monitorinqlərin nəticəsində bir neçə dəfə salon qapadılıb və belə salonların rəhbərlərinə qarşı sanksiyalar və cərimələr tətbiq olunur.
Ekspertlərin qənaətinə görə, bir neçə aylıq kursla kosmetoloq işləmək düzgün deyil. Bu məsələdə ciddi təhsil şərtdir. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qanunla Səhiyyə Nazirliyi gözəllik salonlarında belə yoxlamalar aparmır. Onun sözlərinə görə, bu işlə prokurorluq məşğul olur: “Doğrudur, Azərbaycan Tibb Universitetində kosmetologiya fakültəsi yoxdur. Ona görə də hazırda bu sahə üzrə çalışanların böyük əksəriyyəti həkim deyillər. Amma yaxşı həkimlər bu sahə üzrə ixtisasartırma kurslarına gedib, özlərini təkmilləşdirirlərsə, bu halda heç bir problem olmaz”.
Müsahibimiz dedi ki, əgər kosmetoloqla bağlı rəsmi şikayət gələrsə, bu halda araşdırma aparılır. Nazirlik hazırda kosmetoloq xidməti təklif edən müəssisə və obyektlərə qurumun nəzarət etmir.
“Aparatda işləməyi öyrənməklə kosmetoloq olmaq mümkün deyil”
Dermatoloq Rəşad İsmayılov da bildirdi ki, kosmetoloqluğa iddia edən şəxslərin tibbi savadı olmalıdır: “Baxırsan ki, bir-iki kursa gedirlər, bahalı aparat alırlar. Və elə bilirlər ki, bu sahə ilə rahat məşğul ola bilərlər. Bunun üzərində uzun müddət çalışmalı, təcrübə əldə edib başlanılmalıdır. Aparatda işləməyi öyrənmək kosmetoloq olmaq deyil”.
Müsahibimizin sözlərinə görə, bu cür məsuliyyətsiz kosmetoloqlar pasiyentlərə ciddi problem yaradırlar. Belə ki, onlar üzün sinirlərindən, quruluşundan, damarlarından xəbərdar olmadıqları üçün yanlışlara yol verirlər: “Damardan qan alırlar və onu üzə vururlar. Bir çox hallarda dərialtına, qan damarına düşürlər ki, bu da son nəticədə iltihablaşmaya səbəb olur. Ciddi fəsadlar ortaya çıxdığı üçün qadınlar müalicə prosedurundan keçirlər. Bir çox qadın salonlarında cəmi bir neçə aylıq kurs keçməklə həkim olurlar. Bu düzgün deyil. Ümumiyyətlə, Səhiyə Nazirliyi bu şəxslərin diplomlarını yoxlamalıdır”.
Ekspertlər eyni zamanda iddia edirlər ki, problemin həlli üçün birinci növbədə istifadəsinə imkan verilən müalicə metodları müəyyən olunmalıdır. Özbaşına hansısa müalicə metodlarından istifadə etmək olmaz. Bura ayrı-ayrı dərmanların dəri altına yeridilməsi də aiddir. Daha bir çıxış yolu isə odur ki, Səhiyyə Nazirliyi kosmetoloq kimi fəaliyyət göstərə bilən şəxslərə sertifikatlar versin. Bu halda sistematik olaraq kosmetoloq kimi fəaliyyət göstərənlərin dairəsi müəyyənləşir. Nazirlik sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibbi baza təhsili var, ya yox. Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır.
Ana Səhifə QADIN Gözəllik Kosmetoloqa müraciət edən xanımlar həyatlarını necə təhlükə altında qoyur? – İLGİNC FAKTLAR
Kosmetoloqa müraciət edən xanımlar həyatlarını necə təhlükə altında qoyur? – İLGİNC FAKTLAR
İyn 01, 20170
Baxış sayı: 1. 856