11

Bir qadının dəhşətli ailə dramı: Nəşə, işgəncə…

Baxış sayı: 1. 718

“Gencaile.az” Çinarə Ömrayın bir qadının dəhşətli taleyindən bəhs edən “Daş ağrısı” adlı hekayəsini təqdim edir.

 

…İçimdə əsən küləyin üzümə vurması sanki yuxudan ayıltdı məni. Bütün bunların mənim ətrafımda baş verdiyini indi anlamışdım. Nə idi axı bu?

Məni allahsızlıqda qınayanlara “allahınızı da götürüb gedin burdan”, – deyərək qışqırmağım gəlirdi. İçimdəki müharibə azmış kimi, bir də bunların da çöldən dəstək kampaniyası kimi onlara qoşulması məni dəli edirdi.

Bilirdim ki, insan vücudundan böyük bir möcüzə yoxdur. Hətta əlimi tərpətməyimin özü də bir möcüzədir. Gözəl bilirdim ki, nə edə biləcəyəmsə, bu vücudda edəcəyəm. Nə dəyişiklik etməliyəmsə də, o vücudla etməliyəm, nə axtarmalıyamsa da, onda axtarmalıyam. Mən bu bədəndən kənarda heç nəyi dəyişə bilməyəcəm. Məndünyanı bu vücudda düzəltməliyəm!

Hər şeydən qabaq hislərimin adını dəqiq qoymağı bacarmalıyam. Yoxsa vücud da karıma gəlməyəcək. Ən böyük səhvlərim də burdan yola çıxır. Hislərə düz ad qoya bilməməkdən.

***

Həftədə ən azı iki dəfə qəbiristanlığa gedib daş babam, daş nənəmlə söhbət edən mən idim. İnsanlara susduqlarımı onlarla danışırdım. Qəbiristanlığın nəzarətçisi Nəzər dayı da əvvəllər məni dəli hesab edirmiş. Onun aləmində, normal adam heç vaxt gəlib saatlarla daşlarla danışıb, gedəndə də əl eləyib getməzdi.

Ailəmiz bir az qarışıqdır. Ya da mən qat-qarışıq düşmüşəm. Məsələn, eyni evdə yaşasaq da, atamı həftədə bir dəfə ancaq görəm, ya görməyəm. Ya da, anamla gün boyu bir dəfə, o da nəsə soruşmaq lazım olanda danışıram. Yox, küsülü deyilik, sadəcə, mən danışmağı ya bacarmıram, ya da… ya daa… nə bilim… Hətta yadımdadı, bir dəfə atam elçilərimə belə demişdi: “Vallah, mən hələ bilmirəm, qızımın səsi bordu, ya incə”. Deyəsən mən taleyimi sükutumla yazmışam. Hələ də yazıram. Görək gedib haraya darıyacaq…

Atamla heç vaxt üzbəüz oturub danışmamışıq. Mənim heç rəfiqəm də olmayıb. Canlılardan çox cansızlara güvənmişəm. Ya kağıza-qələmə, ya da o daşlara sığınmışam. Heç vaxt insanlarla danışa bilməməyim də bundan olsa gərək.

***

Bu gün qəbiristanlığa gedəndə kiminsə mənim yerimdə çökdüyünü gördüm. Üzü əks səmtəydi, günbatana, görəmmədim. Mənə baxıb gah gülümsəyən, gah da nəsə demək istəyən qəbir daşlarının arasıyla yerimə çatırdım ki, kiminsə qolumdan yapışdığını hiss elədim. İlk dəfəydi qəbiristanlıqda qorxduğum. Üşəndiyimdən arxaya dönə də bilmədim, qolumdan tutanın kimliyini görəm.

– Getmə, qızım! – gözətçi Nəzər dayının səsiydi. – Atandır. Dəymə, qoy ürəyini boşaltsın. İlk dəfədir gəlir bura. Bu iki ildə ilk yol. Mən atamla eyni soyadı, eyni qanı daşısam da, nə qədər yad olduğumuzu indi anladım.

Nə mən atamı tanıyıram, nə atam məni. 28 il. Biz heç buna cəhd də etməmişik deyəsən. Qəribəsi bilirsiz nədi? Mən orda dizi üstə oturub hönkür-hönkür ağlayan bu qocaman adama, sadəcə, daş kimi susub baxırdım… Və elə o soyuqqanlılıqla da üzümü çevirib ordan uzaqlaşdım. İçimi narahat edən təkcə nənəmlə babamın ona yönələn baxışlarıydı. Mənə baxdıqları kimi baxırdılar ona da…

***

Evə gəlib nəsə danışmaq adətim deyildi. Otağımdaki kresloda oturub ya kitab oxuyar, ya da telefonla oynayardım. Anamsa gəlib oturar, oturar, məndən səs çıxmadığını görüb üzünü göyə tutar və deyərdi:

– Allah, yox, vallah, mən səndən incimirəm. Bax, elə bilirəm, evdə iki yox, üç kreslomuz var, – ardınca da deyinə-deyinə çıxardı otaqdan.

Hə, bir də, qapını açıq qoyub getməyi, mətbəxtdə danışmağı vardı. Əsasən, mənə əsəbiləşəndə belə edərdi. Səsini başına atıb danışar, ağzına gələni deyərdi. Mən də durub qapını bağlayardım, o isə bir də ərinməyib təzədən gələr, qapımı açar, qayıdıb mətbəxtdə danışmağına davam elərdi. Hələ çox bərk hirslənəndə danışmaqdan ürəyi soyumaz, gəlib yel kimi otağıma girər, qolumdan tutub silkələyə-silkələyə:

– Az-z, bir din də nə, bir cavab qaytar da. Saymırsan məni? – deyib, gedərdi.

Atam isə ayrı aləmdi. Özümə heç nə deməsə də, anamdan rahat söz göndərərdi: “Ona de, bunu belə eləməsin”, “filan şeyi belə, filan şeyi elə eləsin”. Anam da, pəh, məlumatı öz məqsədinə uyğun çatdırardı həmişə. Məsələn, məndə nəyisə bənməzdisə, atamın adından deyərdi. Axı arxayındı ki, gedib ondan soruşan deyiləm və onunla üz-üzəgəlib kəlmə kəsməməkçün nə desə, o cür də eləyəcəyəm.

Ya da əksinə edərdi anam. Bir gün atam içib danışanda eşitdim ki, guya mən anama demişəm: atama de, az içsin, onun içməsini, sonra da ağrımsaını istəmirəm. Onda anlamışdım ki, anam heç də özünə görə deyilmiş. Fürsət düşdümü, öz xeyrini dədəsinə də verməz.

Onlara olan hislərimə ad tapa bilmirdim. Nə nifrət edə, nə də sevə bilirdim. Nə idi axı içimdəki? Zəli kimi beynimi sümürən bu suallar rahatlıq vermirdi mənə. Hardansa bir qüvvə gəlib düşüncəmin, xəyallarımın əlindən tutub apardı ta o qara, o yaralı günə. Onda anladım hər şeyi. Anladım ki, atamın o alçaq kürəkəni qolumda təkcə siqaretini deyil, o siqaretlə yanaşı, hər dəfə insanlara olan sevgimi söndürürmüş. Qollarımı hər dəfə kəsəndə qan yerinə valideyinlərim axıb tökülürdü ayağımın altına, döşəməyə, yatağıma. Onlara olan sevgim idi o kəsilmiş damarlarımdan axan. Uşaqlara olan sevgim idi qolumda lal-lal sönən siqaretlər.

Yox! Mənə “sevgi” deməyin. Mənim sevgim o qış gecələrində qan əvəzi xalçalara hopub qurudu, xalça güllərini, ağaclarını qurutdu. Valideyinlərim yataqlarında rahat yatdığı gecələrdə, özləri də his etmədən qollarımdan axdılar, qollarımda kabab olub cızıltıyla söndülər.

Məni hissizlikdə, sevgisizlikdə kimsə qınaya bilməz! Hislərimi nazik gecə geyimi ilə qarlı qış gecələrində həyətdə, ağacın altında donanda itirmişəm. Mənim sevgim o şaxtalı gecələrdə Allaha “kaş ki, uşaq ağlasın, məcbur qalıb məni evə çağırsın…” istəyində can verib. Bir ananın övladının ağlamaq səsinə üzüldüyü anlarda sevinirdim mən. Mənim uşağa mərhəmətim ağlamağıyla o soyuqda küçədə donmaqdan məni xilas etdiyi üçündü. Kimsə məni daş olmaqda qınamasın. Mənim dil olduğum hər zaman sakitlik olub. Sakitliyin öz dili var. Ağrılarımı qaldırmağa, qavramağa tək onun gücü çatar. Mənə doğmalarımdan da əzizdir sükut. O sükut içimdə başlayıb, içimdə bitən məhkəmələrimdə edam kürsüsünə çıxardıb, sonra da qıymayıb azadlıq verdiyim günahkarlara qədər nəfəs alan hamıdan doğmadır mənə.

***

Təzədən qəbiristanlığa qayıdanda artıq bir neçə saat keçmişdi. Mən isə bütün cəsarətimi yığıb babama-nənəmə dönmüşdüm. Atamın qarşısına keçəcək, ya bunca illərin susqunluğunun hesabını soracaq, uzaq başı bu dəfə də heç nə bacarmayıb, “niyə ağlıyırsan?” – deyəcəkdim. Belə hallar əvvəllər də olurdu. Atamın qarşısına keçib, bunu-bunu deyəcəyəm, deyirdim, ancaq bacarmırdım. Sonda da məktub yazıb pencəyinin cibinə qoyurdum. Sonralar bilmişdim ki, o giley, şikayət dolu məktubları atam latın əlifbasını bilmədiyi üçün anama oxutdururmuş. Anam da, maşallah, mənim yazdığımı yox, özünün demək istədiklərini “oxuyurmuş”.

Bir gün otaqlarının qapısı açıq qaldığı üçün özüm şahidi olmuşdum. Hə, ilk yazmaq bacarığımı da atama yazdığım məktublarda kəşf etmişdim. Sonra yazmadım. Bütün sözlərimi içimdə basdırdım. Ata sevgisi üzərinə bunca sözmü basdırarlar? O qədər çoxaldı, qalaqlandı ki, altında qalan o hislər daşlaşdı. Zaman-zaman gah anamı günahlandırdım, gah cəsarətsizliyimi, gah da allahı. Sonra o da itib getdi. Atama bu gün yenidən geri dönmüşdüm. Amma bu gün də gecikdim. Artıq sevinli daşlarımdan başqa heç kim yox idi. Nənəmin incik baxışlarından başqa… Babamın da gözləri dolmuşdu bir az. “Mən yenə gecikdim”, – deyib, yerə oturdum. Qolumu ovmağa başladım. Niyəsə “ata” deyəndə, “ana” deyəndə qollarımdakı yaralar sızıldayır, qaşınır. Sanki bu iki ada ilk reaksiyanı o yaralar verir. Hərdən də mənə elə gəlir, qolumdakı o kəsiklərdə yerləşir ürəyim. Axı deyirlər, “ata” deyəndə adamın ürəyi çırpınır, mənimsə yaralarım döyünür.

Babam yanımdaydı. Əli kürəyimdəydi. Bundan möhtəşəm nə olar – güvəndiyin bir əl ola və kürəyində gəzə o əl.

***

Evə qayıdıb otağıma keçəndə anamın arxadan “ayı getdi öz mağarasına girə, bax hələ. Qapını da ört, qapını”, – deyə, qışqırmağını eştdim. Anam məni atama, atamı da mənə sevdirmək üçün elə hey yalanlar danışar: “Atan səninçün narahatdı”, “Qızın sənin üçün narahatdı”, – əzbərində olan sözlərdi. Ancaq yazıq dərk edə bilmirdi ki, atam nədirsə, o da odur mənimçün. Eyni ev, ayrı dünyalar. Mən özümü dəyişməliydim. Öz içimdən başlamalıydım hər şeyə. İçimdəki bu hissizliyi, bu ölülüyü ancaq özüm canlandıra bilərdim. Bir narkoman əlində doğranan qollarıma vurulan tikişlər kimi tikməliydim atamı, anamı özümə. Nə zamansa bitişəcəyinə inanaraq tikməliydim.

Nə üçünsə gündəliklərim yadıma düşür. Bilirsən, məncə, içindəki aşmaq istədiklərini aşa bilmək üçün gözünü qırpmadan ona doğru addımlamaq lazımdır.

11.11.11

Bu tarixin gözəlliyinə görə yazdım bu gün səni. Həm də bir şey baş verib, səninlə bölüşmək istədim. O, evə gələn kimi arxa otağa keçib işıqları söndürdü. Anası da arxasınca gedib onun halını gördü və əsəbiləşdi.

– Bu nə haldı yenə? Hardaydın?

– Eyy, söndür işığı, çıx çölə.

– Deyirəm, bu vaxtacan hardaydın?

– İnanmırsan, get qardaşımdan soruş, onunla bir yerdəydim. Ay papa, işığı söndür.

– Ə-ə, sənin boyuvu yerə soxum. Qardaşın var, ə, sənin? Evin tək uşağısan ee.

– Yaxşı da, papa, qışqırma.

– Özü də mən sənin papan yox, ananam. Ata üzü görmüsən sən?..

Mən də ölmüşəm gülməkdən. Bura məni çox arsızlaşdırıb e. Ağlanacaq hallara da gülürəm.

20.12.11

Gecə saat beş. Körpə uşaq qucağımda, mətbəxtdə yazıram. İndicə dəhşətli bir şey baş verdi. Uşaq oyanıb ağlamasaydı, bəlkə də azadlıqdaydım. Ən azı ruhum burdan xilas olacaqdı. Saat üç idi o, evə gələndə. Yenə mənə çəkməyi təklif etdi. Dedi ki, bir dəfə çək, onda bir-birimizi daha gözəl anlayacağıq. Həmişəki kimi, yaxın durmadım. Əvvəl, döydü (elə adiləşib ki, döyülmək, vallah, ta əvvəlki kimi də incitmir). Sonra saçımdan sürüyüb öz otağımıza apardı. Qayınanam hardaydı? Əlbəttə, evdə. Guya yatmışdı. Otaqda bir daha təklif etdi. “Yox” cavabı alandan sonra lap dəliləşdi. Birini də doldurub yandırdı. “Çək”, – dedi. Çəkmədiyimi görüb, qolumda söndürdü. Ürəyini yumruqlarıyla soyudub, yatdı. Bədənim təpədən-dırnağa keyimişdi, heç nə hiss eləmirdim. Əvvəl ayağa qalxıb üzümün qanını yudum, sonra gəlib sakitcə yerimə girdim. Arxadan nəfəsinin boynuna dəydiyini hiss edirdim. Bu halımla mənə toxunmaması üçün allaha yalvarırdım. O isə sakit səslə deyir:

– Bax, başına hər oyun açıram. Döyürəm, söyürəm. Sən heç kimə lazım deyilsən. Mənə də, anana da, atana da. Sənin heç kimin yoxdu. Əgər kiməsə lazım olsaydın, sahib çıxardılar sənə. Bax, sabah çağır hamısını. Gəlib səni borclu çıxardıb, gedəcəklər. Məncə, bilirsən neynə? Bax hamı yatıb, heç kim heç nə bilməyəcək. Get səninçün doğum gününə hədiyyə aldığım o qıllı kəndiri götür (mənə özümü asmaq üçün aldığı, gözəl bir qutuda da allı-güllü lentlərlə qablaşdırdığı kəndiri deyir), özünü qapınızdakı o xan çinardan as. Bax, canın qurtaracaq hər şeydən, papa canı.

Sözünü bitirib üzünü çevirdi, xorultusu evi başına götürdü. Həqiqətdi dedikləri. Çox düşündüm, bu qədər işgəncəyə dözməkdənsə, bitsin artıq. Bilirəm, incitməyəcək. Yatdığından tam əmin olub kəndiri götürməyə getdim (guya yatmasa, gəlib əlimdən yapışacaqdı). Həyətə çıxırdım ki, qışqırıq səsinə diksindim. Elə bil, uşağın ətini kəsirdi içəridə. Kəndiri atıb otağa qaçdım. Uşağı qucağıma alıb, qışqırmasın deyə, otaqdan çıxdım. İndi qucağımda gözümün içinə baxan uşaqla yanaşı əlimdə də sən varsan, mənə hamıdan doğma olan qələmim…

25.12.11.

Dünən atamgil gəlib-gedəndən sonra qərarımı vermişdim. Özümü bir gün həyətimizin yaraşığı, uşaqlıqda beşiyim, böyüyəndə yelləncəyim asılan o xan çinardan asacaqdım. Kim nə çəkəcək, kim nə çəkməyəcək, umrumda deyil. Bircə atamla anam qapını açıb haya gələndə sallanan meyitimi görsünlər. Başqa heç nə. Dünyanın ən xöşbəxt qızı ola bilmədim, amma o mənzərəni görsəydilər, dünyanın ən xöşbəxt ölüsü olardım.

***

Gündəliyimin bu son qeydini məhkəmədə şahid kimi göstərib, pisixi problemlərimin olduğunu iddia etdilər və himayəmə uşaq verilməsinin düzgün olmadığını deyib, uşağın onlarda qalmasını israr etdilər. Bir az da pul. Uşaq onlardadı.

***

O, iki gündən bir qara qanadları çıxanacan çəkib qapımıza gəlir. Məni aparmaq istəyir. Atamla qırğına çıxırlar. Bəzən qan su yerinə axır. Pərdəni aralayıb həyətə baxmağa belə həvəsim olmur. Ancaq onun səsi dolur otağıma: “Eşidirsən, ömründən bir gün qalsa da, mənə qayıdacaqsan! Özüm asacağam səni!..” Bu səsi eşitdiyim an, gözlərimdən daş asılır, ölüm kimi dərin yuxu məni ağuşuna alıb aparır. O gələn günlərdə ovuc-ovuc yuxu dərmanına da ehtiyacım olmur…

***

Bu gün gördüyümüsə düşündükcə ağlıma sığdıra bilmirəm. Atam hara, ağlamaq hara. Bəlkə də düz deyirlər, mənim pisixi problemlərim var, gözümə görsənib. Onda Nəzər dayının qolumdan tutmağı da gözümə görünüb?.. Anamın otağa girməsi ilə yuxudan ayıldım elə bil. Bayaqdan qarşımda dayanıb üzümə baxmağa utanan, dar günlərimin sirdaşı, dostu olan gündəliyimi bağlayıb yana qoydum. Anam ah çəkib oturdu, oturmağıyla da danışmağı bir oldu:

– Bilirsən, bala, günah səndədi. Axı sən bunca il bir dəfə ağzını açıb demədin ki, ay ana, boynun qırılsın, bu it oğlu narkomandı. Bir dəfə məni ana yerinə qoyub açmadın ürəyini. İndi də ondan-bundan eşidirik o evdə yaşadıqlarını. Sən nəyimişsən, nə Firdövsi adammışsan, ay bala, bu körpə canınla nələrə dözmüsən, nələrə gülümsəmisən! Atan hər şeyi bu gün öyrənib. İnan, özünə yer tapa bilmir. Biz də o halınla gəlib səni danlayıb, gedirdik. Axı biz hardan bilək ki, əsl səbəb nədi. Allah səni saxlasın, mən cəhənnəm, o bacına da bir söz deməyibsən. Biz də deyirdik ki, yəqin uyğunlaşa bilmirlər…

Anam danışır, mən isə daha heç nə eşitmirəm. Qusmağım gəlir. Onun danışması öləndən sonra ölünün günahını yumaq üçün iki manata oxudulan yasin kimi çatır qulağıma. Hansı dildə oxunduğunu, nə dediyini bilmədən oxutdurduğumuz, üstəlik ölünün günahını yuduğumuza əmin olduğumuz yasin kimi. Tüpürüm o günaha ki, iki manatla yuyulub gedəcək.

***

Bir ovuc yuxu dərmanı atıb yatmışam. Xan çinar yuxumda aləmi qatıb bir-birinə. Minlərlə əliylə qollarımdakı yaraları sığallaya-sığallaya pıçıldayır, məni yanına çağırır. Oyanıram. Həyətə çıxıram. Qapını açan kimi xan çinardan sallanmış iki kişi cəsədi gözümə girir. Yaxınlaşıram. İki kişi cəsədi bazardakı daş tərəzilər kimi yellənir. Gah o ağır gəlir, gah bu…

Mənə özümü asmaq üçün alınmış həmin o hədiyyəlik qıllı kəndiri göydəcə tanıyıram…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir