“ACT Azərbaycan” Bakı sakinləri arasında “Bir övladığınız olduğu halda, onun hansı cinsdən olmasını istərdiz?” mövzusunda sorğu keçirib.
“Gencaile.az” “ACT Azərbaycan”-ın Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.
Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Milyonlarla uşağın aclıqdan, müharibədən, şiddət və təcavüzdən əziyyət çəkdiyi bir dövrdə bu bayramı qeyd eləmək çətin olduğu qədər də əhəmiyyətlidir.
Azərbaycanda uşaqların problemi hələ doğulmamışdan əvvəl başlayır. Avropa Şurası Parlament Assambleyasının Qətnaməsində Azərbaycan Avropa ölkələri arasında cinsi ayrı-seçkilik yolu ilə abortların sayına görə liderlər sırasına salınıb. Bunun üçün əsas mənbə isə Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinin açıqladığı rəqəmlər göstərilib.Ən son rəqəmlərə görə Azərbaycanda yeni doğulanların cinsi nisbəti 114 oğlan: 100 qızdır. Qlobal norma isə 105-106 oğlan: 100 qızdır. 114 kimi göstərici olanda artıq bilinir ki, valideynlər övladlarının cinsini bilərəkdən seçməyə cəhd edir.
Məsələnin aktuallığını nəzərə alıb şəhər sakinlərinə “Bir övladığınız olduğu halda, onun hansı cinsdən olmasını istərdiz?” sualı ilə müraciət etdik.
Sorğu nəticəsində maraqlı nəticələr çıxdı ortaya. Belə ki, rəyi öyrənilmiş respondentlərin yarıdan çoxu (59 %) övladın cinsinin əhəmiyyət daşımadığını bildirdi. Belə fikirləşənlərin böyük əksəriyyətini kişilər (71 %) təşkil edir. Xüsusilə orta nəslin nümayəndələri (35-44 yaş aralığı) övladın cinsinin əhəmiyyət daşımadığını bildirir (70 %).
Qız övladına üstünlük verənlər də yetəri qədər çoxdur (29 %). Xüsusilə qadınlar (34 %) və ahıllar (yaşı 65-dən çox olanlar) qız övladına (40 %) üstünlük verirlər.
Nə qədər qəribə görünsə də, oğlan tərcih edənlər nisbətən azdır (12 %). Nəsil davamçılarına meyilli olanlar əsasən kişilər (12 %) və gənc nəslin (18-24 yaş aralığı) nümayəndələridir (23 %).
Maraqlı fakt ondan ibarətdir ki, insanların yaşı artdıqca qız övladlarına olan istəkləri də artır. Belə ki, əsasən gənc nəslin nümayəndələri oğlan uşağını tərcih etdiyi halda, ahıllar qız övladına daha çox üstünlük verir.