DONDURMA

Ölkəmizdə istehsal olunan dondurmaların keyfiyyət standartları nə yerdədir?

Baxış sayı: 1. 774
Yayın gəlişi həm də dondurma mövsümünün gəlişi deməkdir. İsti yay günündə meyvəli,  şokoladlı dondurmalara nəinki uşaqlar, heç böyüklər də “yox” deyə bilmir. Bəzənsə yediyimiz bir dondurma  ciddi problemlərə gətirib çıxarır. Amma bizdən fərqli olaraq, bir çox ölkələrdə insanlar təkcə yayda deyil, həm də qarlı-çovğunlu qış günlərində də yeyə bilirlər. Bəs görəsən biz niyə soyuq aylarda dondurmanın dadından özümüzü məhrum edirik? Bu dondurmanın keyfiyyətli bağlı olan bir məqamdır? Ümumiyyətlə, ölkəmizdə istehsal olunan dondurmaların keyfiyyət standartları nə yerdədir?
 
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov deyir ki, dondurma ilə bağlı hər gün 6-7 istehlakçı müraciət edir: “Təəssüflər olsun ki, ölkənin əmtəə bazarında satılan dondurmaların 30-40 faizi heç də standartlara uyğun deyil. İstehlakçılar bilməlidirlər ki, dondurma süd məhsuludur və onun yağlılığını artırmaq üçün yalnız kərə yağından istifadə olunmalıdır. Əgər istehlakçı dondurmanı yeyəndə boğazda və dildə acılıq hiss olunursa, bu o deməkdir ki, dondurmanın tərkibinə vaxtı keçmiş quru süd, uşaq yeməyi, marqarin və bitki yağları qarışdırılıb. Bu sahədə ciddi problemlər var. Əmtəə bazarının ən çox çirklənmiş hissələrindən biri də məhz dondurmadır. Bu problemlərin həlli üçün monitorinqlər həyata keçirilməlidir. Dondurmanı  alarkən onun əridiyini görürsünüzsə, deməli, o, haradasa istilik temperaturuna məruz qalıb və yenidən dondurulub. Belə məhsul, artıq çirklənmiş məhsul hesab olunur. Dondurma alarkən mütləq onun son istifadə və yararlıq müddətinə baxmaq lazımdır. İstehlakçı firmanın adı, ünvanının və digər əlaqə vasitələrinə fikir vermək lazımdır. Yararlılıq vaxtı keçmiş dondurmanı almaq olmaz. Bəli, biz digər ölkələrdən fərqli olaraq, adətən dondurmanı yay aylarında yeməyə üstünlük veririk.  Amma dondurma ilin bütün fəsillərində yeyilə bilən məhsuldur. Bu, insanın orqanizminin möhkəmliyindən asılı olan bir şeydir. Adətən xarici ölkələrdə kimsə qrip olanda ona soyuq su və ya soyuq dondurma yedizdirirlər. Bu, onların orqanizmindən və həyat şəraitindən asılıdır. Düşünürəm ki, bizdə qış aylarında dondurmanın yeyilməməyi onun keyfiyyəti ilə bağlı deyil. İstehlakçılar adətən yaxşı dondurmanı necə seçəcəkləri ilə bağlı müraciət edirlər. Gün ərzində bu barədə bir neçə müraciət edilir”.
Tibb üzrə eskpert Adil Qeybulla bildirdi ki, dondurma süd məhsulu olmaqla yanaşı, onun tərkibində müxtəlif qatqılar və inqrientlər də ola bilir: “Keyfiyyətli dondurma yağlılıq dərəcəsinə və tərkibindəki digər komponentlərə görə digərlərindən fərqlənir. Yaxşı olar ki, dondurma isti vaxtlarda yeyilsin. Çünki dondurma orqanizmdə temperatur fərqi yaradır. Sərin və soyuq havalarda boğazda olan bəzi mikroblar var ki,  dondurma yediyimiz zaman  həmin mikroblar fəallaşır. Bu zaman yuxarı tənəffüs yollarının iltihabı baş verə bilər. Ona görə də bəzən fəsli nəzərə almadan dondurma yeyən insanlarda ağırlaşmalar müşahidə olunur. İsti aylarda yeyilən dondurmanın orqanizmə heç bir ziyanı yoxdur. Digər tərəfdən, dondurmadan insan orqanizminə müxtəlif xəstəliklər keçə bilər. Çünki dondurma süddən hazırlanır və çox vaxt bu süd pasterizə edilmir. Pasterizə olunmayan südün tərkibində isə müxtəlif heyvani mənşəli infeksiyalar ola bilir və bu infeksiyalar dondurmanın tərkibindən orqanizmə düşə bilir. Məsələn, dondurmanın tərkibindən keçən infeksiya ilə  bürselyoz  xəstəliyinə yoluxan insanlar olur. Yaxşı olar ki, dondurma alarkən keyfiyyətlisinə üstünlük verilsin. Təəssüflər olsun ki, bəzən standartlara cavab verməyən dondurmalar da satışa çıxarılır. Bu dondurmalar ucuz olmaqla yanaşı, keyfiyyətsiz  olurlar. Belə dondurmaların tərkibində infeksiya olma riski daha yüksəkdir. İstənilən halda, süddən hazırlanan məhsullar pasterizə edilməlidir. Bizdə adətən dondurma isti aylarda yeyilir. Lakin bu, dondurmanın keyfiyyəti ilə bağlı məqam deyil. Bu insanın orqanizmdən asılı olan bir şeydir. Məsələn, xaricdə insanların sağlamlıq göstəriciləri bizimkinə nisbətən xeyli yüksəkdir. Yəni eyni yaş kateqoriyasına məxsus olan insanların sağlamlıq göstəriciləri bizimkindən daha yüksəkdir. Həmçinin bu fakt immun sistemi orqanizminin daxili sabitliyinin daha dayanıqlı olması ilə izah olunur. Əgər dondurmadan ilin soyuq aylarında da istifadə etmək istəyiriksə, onda müəyyən şərtləri gözləməliyik”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir