taksi

Taksi sektorunda yeni era: Hansı xidmətlər daha sərfəlidir?

Baxış sayı: 1. 682

Bakıda ən çox istifadə olunan ictimai nəqliyyat avtobus və metro olsa da, son illər taksi xidmətindən də istifadə edənlərin sayı az deyil. Statistika göstərir ki, ötən il Azərbaycanda sərnişinlər ümumilikdə təxminən 50 milyon dəfə taksi xidmətindən istifadə edib.

Son dövrlər paytaxda xeyli taksi xidmətinin yarandığını nəzərə alsaq, rəqabət nəticəsində qiymətlər xeyli aşağı düşüb. Bu da taksidən istifadə edənlərin sayını xeyli artırıb. Amma ənənəvi taksi sürücüləri bu vəziyyətdən narazı qalıblar. Elə 20 ildir ki, ailəsini taksi sürməklə dolandıran Nizami dayı kimi:

Sürücülər deyir ki…

“Vallah, 3-4 il əvvələ qədər, qazanc çox yaxşı idi. Həm şəhərdə taksi sürən az idi. Həm də belə ulduzlu-mulduzlu zənglə çağırılan taksi xidmətləri yox idi. Dayanırdın yol kənarında, müştəri yaxınlaşırdı deyirdi “filan yerə neçəyə apararsan?”, deyirdin “10 manat”. Ən pis halda 7 manata razılaşırdıq. İndi isə bizim 7-8 manata getdiyimiz yolu taksi şirkətləri 3-4 manata gedir. Belə olan halda əlbəttə, müştəri onunla gedəcək”.

Taksi xidmətlərindən birində çalışan Rövşən Məmmədov isə qeyd edir ki, müştəri çoxluğuna görə bu xidmətdə çalışır:

“Əvvəllər mən də müstəqil taksi kimi işləyirdim. Amma getdikcə müştəri azalmağa başladı. Gördüm ki, gündə 1 və ya 2 müştəri ola-olmaya. Axı mən də evimə çörək aparmalıyam. Dostumun məsləhəti ilə gəlib taksi şirkətinə müraciət etdim. Dedilər ki, gündə ən azı 15-20 müştəri verəcəklər. Mən də razılaşdım. Düzdür, qazancımızın 20 faizi şirkətindir. Amma başqa nə etmək olar ki? Bütün gün boş-boş maşında oturub müştəri gözləməkdənsə, belə işləmək daha yaxşıdı”.

İnternetin qazandırdığı əlavə gəlir

Taksi xidmətlərindən əlavə, son dövrlər Azərbaycanda mobil əlavələr vasitəsilə çalışan taksilər də peyda olub. Belə ki, “Uber”, “Taxify” kimi xidmətlər dünya təcrübəsində çoxdan var. Azərbaycanda isə son illərdə yaranıb. Bu cür işləyənlər sırf taksi sürücüsü olanlar deyil. Avtomobili olan hər kəs bu proqramda qeydiyyatdan keçib pul qazana bilər. Üstəlik burada taksi şirkətləri kimi minimum iş saatı tələb olunmur.

“Uber” sürücülərindən olan Fariz Nağıyev belə deyir:

“Mən taksi sürücüsü deyiləm. Mühəndisəm, özəl bir şirkətdə işləyirəm. Saat 6-da işdən çıxıram və “Uber” proqramını yanıdırıb, saat 9-a qədər işləyirəm. Bir neçə saat ərzində təxminən 5 müştəri olur. Ən azı gündəlik 10 manat qazancım olur. Nəyi pisdi ki? Axşamlar gedib evdə boş oturmaqdansa, öz maşınımla heç kimdən asılı olmadan müstəqil işləyirəm”.

Rəqabət taksi xidməti bazarına necə təsir edir?

Bakıda fəaliyyət göstərən çoxsaylı taksi xidmətlərinin ən çox tanınanları ilə əlaqə saxlayıb hamısından eyni ünvana neçəyə apardıqlarını soruşduq. Seçdiyimiz marşrut “20 yanvar” metro stansiyasından “Qara Qarayev” metrostansiyasına oldu. Qeyd edək ki, yolun uzunluğu 11.6 km-dir. Operatorlar müxtəlif qiymətlər səsləndirdi. Qiymətləri bahalıdan ucuza doğru sıralayırıq. Tanış olaq:

189 – 7.55 AZN

Bu xidmətdə əlavə olaraq saat hesabı (Şəhər daxilində bir neçə yerə getməli olduğunuz təqdirdə, məsafəyə görə yox, saata görə ödəyirsiz), avto-dayə, avto-kuryer, ayıq sürücü və s. xidmətlər də təqdim edir.

*8844 – 7.41 AZN

Daimi müştərilərə 11 faiz endirim olunur. Maşınların səliqə-səhman baxımından seçildiklərini deyirlər.

*2424 – 7 AZN

Müştəriyə geri zəng edirlər.

*9111 – 6.30 AZN

Hər il 20 yanvarda, uşaqlar günündə və bayram günlərində müştərilərə pulsuz gediş təqdim olunur. Rayonlara sifariş zamanı 2 saat gözləmək imkanı verilir.

*3003 – 6.26 AZN

Yay mövsümündə çimərliklərə endirimli gedişlər təqdim olunur və xüsusi olaraq endirimli hava limanı rejimi var.

*5959 – 5.90 AZN

Daimi müştərilərə 15 faiz endirim olunur.

*5000 – 5.70 AZN

Ramazan bayramında məscidlərə pulsuz aparılır. Daimi müştərilərə endirim edilir.

*9080 – 4.85 AZN

Xüsusi bir kompaniya yoxdur.

*9933 – 4.45 AZN

Xüsusi bir kompaniya yoxdur.

*8555 – 4 AZN

Vaxtında və təhlükəsiz ünvana çatdırılma. Aylıq sifarişlər (hər gün eyni yolu gedən müştərilər üçün xüsusi sürücü ayrılır və endirim olunur)

Uber – 4-7 azn

Taxify – 4 – 5.45 azn

Müştərilər taksi xidmətləri haqda…

Müştərilər arasında apardığımız sorğu göstərir ki, hər növ taksi xidmətindən istifadə edən var. Ucuzluq baxımından daha çox *9933-ü seçsələr də, müştərilər şirkətin xidmətinin çox aşağı səviyyədə olduğunu deyirlər. Ən çox taksinin ünvana gec gəlməsi, operatora bir neçə dəfə zəng etdikdən sonra bağlanmaq və s. problemlərdən şikayətlənirlər. İkinci ən çox seçilən xidmət isə *9111-dir. Müştərilər burada qiymətin də, xidmətin də normal olduğunu bildirir. “Uber” və “Taxify” mobil əlavələri vasitəsi ilə isə ən çox gənc nəsil sifariş verir.

“Manatlıq taksilər”

Hə, bir də var xalq arasında məşhur olan “manatlıq taksilər”. Bu taksilər yalnız müəyyən olunmuş iki nöqtə arasında işləyir və belə taksilər eyni anda sizdən əlavə də müştərilər götürə bilir. Əsasən, şəhər kənarı qəsəbələrə gedən belə taksilər sifarişlə işləmir, onların konkret marşrut xətti var. Məsələn, “20 Yanvar” metrostansiyasının yanından Sumqayıta, Xırdalana, “28 May” metrostansiyasının yaxınlığından Hövsana bu cür taksilər gedir. Eyni zamanda, Hökməli, Masazır, Lökbatan və s. qəsəbələrə də işləyən bu cür taksilər mövcuddur.

Xırdalan sakini Namiq Cəfərov hər gün “manatlıq taksi” fəaliyyəti ilə məşğul olanlardandır:

“Mənə bu cür işləmək sərf edir. Hövsələsiz adamam, taksi şirkətində qoyulan şərtlərlə işləyə bilmərəm. Müstəqil taksinin də müştərisi yoxdur. “Uber”-filan da mənlik deyil, başım çıxmır. Hər dəfə gedəndə də, gələndə də adambaşı 1 manatdan 4 nəfər götürürəm. Yəni bir gediş-gəlişim 8 manat edir. Bunun təxminən 3-4 manatı benzin puludur. Gündə 10 reys etsəm, bəsimdir”. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir