Əksər qadınlar hamiləlik geyiminə tədarük görürlər, amma əmizdirmə dövrünü diqqətdən qaçırırlar. Nəzərə almaq lazımdır ki, hamiləlikdə qadının bədəni yalnız sonuncu 2 trimestri yəni 6ay dəyişikliklərə uyğayır, lakin əmizidirmə tövsiyyə olunan 2 il müddətində davam edir.
Bu səbəbdən ana əmizdirmə dövrü üçün xüsusi hazırlıq görməyi daha səmərəlidir. Analara hətta körpəsi kiçik olan vaxtlarda da səliqəli və sanballı görünmək üçün bir sıra qaydalar vardır. Ana və körpənin rahatlığı üçün geyimin ümümi qaydaları və tövsiyyələr aşağıdakılardır:
Süd və körpənin ağız suyu ləkələrinin gözə çarpmadığı rəng və çalarlı geyim əmizdirən anaya daha uyğundur.
Gen biçimli geyimlər bədəni optimal hərarətdə saxlayır, rahatlıq hissi verir və əmizdirmə prosesini asanlaşdırır.
Geyimi yalnız xüsusi hamilə və böyük bədən qadınlar üçün nəzərdə tutulan geyim dükanlarından almaq mütləq deyil. Ümumi qadın kütləsi üçün nəzərdə tutulan alt və üst paltar dükanlarından çox faydalı bazarlıq etmək mümkündür.
Doğuşdan öncədə sizə kifayət edəcək minimal sayda ( bir və ya bir neçə) dəst paltar seçib alın. Çünki, geyindikcə və körpəni əmizdirdikcə sizə məhz hansı biçim geyimin uyğun olduğunu anlayacaqsınız. Körpə ilə bazarlıq etmək elə də çətin məsələ deyil. Doğuşdan bir neçə həftə sonra istənilən vaxt öz qarderobunuza yeni geyimlər almağa şəraitiniz olacaqdır.
Özünüzü geyiminizə deyil, geyiminizi doğuşdan sonrakı bədəninizə uyğunlaşdırın. Sözsüz ki, hamiləlikdən sonra ananın bədəni idealdan uzaq desək yanılmarıq. Lakin bu bədənin də öz gözəlliyi və təbiiliyi var. Hamiləlik səbəbindən yığılan çəkidən utanmaq lazım deyil. Lakin eyni zamanda zahı qadın dar və sıx paltarlar geyinməklə eyiblərini aşkara çıxarmamalıdır. Geyim hər zaman adekvat biçim və ölçüdə olmalıdır.
Öncədən səriştəli və bacarıqlı dərzi tapmağa çalışın. Dərzi hamiləlikdən öncə geyindiyiniz paltarları həyatınızın yeni mərhələsinə uyğunlaşdırmağa yardımçı olar. Üstəlik paltarlarınızı əmizdirməyə uyğunlaşdırmanız ailə büccəsinə xeyli qənaət etməyə səbəb olacaqdır. Rahat və səliqəli görünmək çətin iş deyil. Öz görünüşünə qarşı çox tələbkar olan xanımlar belə doğuşdan sonra bir neçə həftə ərzində pijamada gəzməyə üstünlük verməkləri tamamən normal qarşılanmalıdır. Ananın bədəni fiziki rehabilitasiya və emosional uyğunlaşma mərhələsi keçir. Öncədən gözəl görünüşlü, sinəsi rahat açılan ev geyimi və pijamalar almaqdan çəkinməyin.
Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçisi