İlham ve Ferize

Bu gün Milli Sevgililər Günüdür

Baxış sayı: 1. 464

Bu gün Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Məlum olduğu kimi, bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

İlham və Fərizə… Əslində köklü yaddaşların və təmiz qəlblərin orta yerində əbədilik kök salıblar onlar – öz təmiz və saf sevgiləri ilə birlikdə. Milyonlara sərgilədikləri cəsarətləri ilə, ölümsüzlükləri ilə əbədi olaraq qutsallaşıblar, öz ilahi eşqləri ilə birlikdə ürəkləri fəth ediblər, sevgilərini dastanlara çeviriblər.

2003-cü ildən bu yana onların əbədi sevgisi bir daha əbədiləşdirildi, artıq 14 ildir ki, onların toy tarixi Azərbaycan cəmiyyətinin “Sevgililər Günü”nə çevrilib. Nakam gənclərin qovuşduqları gün – 30 İyun tarixi indi ölkəmizdə sevilərək qeyd edilir.

30 İyun 1989–dan  20 yanvar 1990-a gedən uzun-qısa yol

30 iyun 1989-cu il.. Sərin mehli, bir az da isti yay günü… Bu gün Azərbaycan xalqının tarixinə, ədəbiyyatına və ən əsası qəlblərə İlham və Fərizə dastanını həkk edib. Uşaqlıq dostları olan İlham və Fərizə əsil sevginin simvolu oldu. 30 İyun tarixində onlar həyatlarını əbədilik birləşdirməyə and içdilər – ailə qurdular.  Cəmi 6 ay ailə həyatı yaşayan gənclərdən biri- İlham o qara gecənin- 20 Yanvarın qurbanı oldu.. Vətənin dar günündə evində, o soyuq yanvar gecəsində isti sobanın kənarında oturmağı yaraşdırmadı özünə, bayıra atıldı və ilk andaca həyatla vidalaşdı. İlham vətənə olan məhəbbəti uğrunda şəhid oldu.

O vətənə olan eşqinə görə göz yumdu həyata, Fərizə isə vətənin azadlığı uğrunda şəhid olan İlhamın eşqi yolunda həyatına son qoydu. Axı o söz vermişdi ruhunun yarısına, “sənsiz həyat mənə dar” demişdi.

Əgər fikir vermisinizsə, dünyanın müxtəlif dillərində “ər” və “arvad” bir cür deyilir və hamısı da bizim dilimizə tərcümədə hərfi olaraq “ər” və ya “arvad” deyə tərcümə edilir. Amma bizim öz dilimizdə bu anlam “Həyat yoldaşı” adını daşıyır. Həyat yoldaşı….

Fərizə parçalanmış ruhunu birləşdirmək, bütövləşdirmək istədi yenidən. İlhamına, həyat yoldaşına, ruhunun yarısına qovuşmaq üçün onun ölümünün 2-ci günündə sirkə turşusu içdi. Onsuz da İlhamsız dünya gözündə dəyərdən düşmüşdü, hər şey anlamını itirmişdi….. Bu da onun həyatdan köçmədən yazdığı son sətirlər: “Ana, ağlamayın. Mən İlhamsız yaşaya bilmədim. O, mənim gecələr ulduzum, gündüzlər günəşim idi. Sönən günəş, ulduz məni çağırır, salamat qalın”…( ailənin arxivindən-L.M)

Fərizə intihar edəndə hamilə olub, bətnində İlhamın körpəsini gəzdirib. Yazdıqca düşünürəm, Tanrım, o necə böyük ürəyə, necə böyük sevgiyə sahib olub ki, körpəsinə qıymağı da gözə alıb… Bir yandan da düşünürəm, İlahi, görəsən ona qəzəbin tutubmu özünə və körpəsinə qıydığı üçün? Anlamaq çətindir, anlamaq ürək istər, cəsarət istər, məhəbbət istər.

Anlayıram, İlhamsız yaşamağı və körpəsini yaşatmağı gözə ala bilməyib Fərizə… Ruhunun yarısı, həyat yolunda bərabər irəliləməyə and içdiyi yoldaşı olmadan yaşamağı haram bilib özünə… Dünya dəyərsiz görünüb ona… Dillər əzbəri o qəzəl həzin-həzin süzülür qulağıma: “Eşqsiz ey dünya, nədir dəyərin?”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir