Kondisioneri doğru və sağlamlığa zərərsiz şəkildə işlətməyin yolları

Baxış sayı: 1. 294

Artıq həyatımızı qışda isinmək, yayda sərinlənmək üçün istifadə etdiyimiz kondisionerlərsiz təsəvvür etmirik. Demək olar ki, hər evdə, ofisdə və avtomobillərdə kondisioner mövcuddur. Ancaq kondisionerdən doğru şəkildə istifadə etmədikdə bu, əzələ ağrıları başda olmaqla infeksion və allergik, həmçinin bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Bəs kondisionerləri sağlamlığımıza zərər verməyəcək şəkildə necə istifadə edək? “Gencaile.az” “Ailem.az”-a istinadən kondisioneri doğru və sağlamlığa zərərsiz şəkildə işlətməyin yollarını sadalayır. Doğru istifadə ilə həm bu sağlamlıq problemlərinin qarşısı alınar, həm də enerjiyə qənaət edilər.

 

Kondisionerin təmizliyi olduqca önəmlidir

Ən diqqət edəcəyimiz məsələ kondinsionerin təmizliyidir. Bahar və payız mövsümünün əvvəllərində kondisionerin texniki xidməti ilə mütləq məşğul olmaq önəmlidir. Kondisioner çalışdığı zaman filtrində yığılan mikrob və bakteriyalar havaya qarışaraq infeksiyaların yaranmasına, başda nəfəs yolu infeksiyası olmaqla, “Legioner” xəstəliyi və astma kimi allergik reaksiyaların artmasına səbəb olur. “Legioner” Legionella pneumophila adlı bakteriyanın səbəb olduğu xəstəlikdir. Bu bakteriya ağciyərlərə yerləşib sətəlcəmə yol aça bilər. Kondisionerlərin içindəki nəmli mühit bu bakteriyanın yaşaması və çoxalması üçün əlverişlidir. Eyni zamanda həmin filtrlərin içərisindəki toz və kirlər kondisionerin yaxşı işləməsi üçün daha çox enerji işlətməsinə səbəb olur. Bu səbəbdən kondisioner filtrlərinin müəyyən müddətdən bir təmizlənməsi və dəyişdirilməsi olduqca vacibdir. Həmçinin filtrlərin orijinal olması da önəmlidir.

 

Dərəcə düzgün seçilməlidir

Sərinləmək üçün kondisioneri olduqca aşağı temperaturda tutmağa çalışırıq, otağın çox soyuduğunu hiss etdikdə isə onu söndürürük. Bu, çox tez-tez edilən səhvlərdən biridir. Kondisionerlərinizi ümumi olaraq ideal otaq istiliyinə yaxın dərəcədə istifadə etməlisiniz.

Beynəlxalq standartlara görə, kondisionerin qışda 22-24, yayda 24-26 dərəcə arasında işləməsi norma sayılır. Kondisionerin parametrləri tənzimlənərkən qəflətən ən soyuq temperatura qoyulmamalı, yavaş-yavaş, müəyyən zaman intervalları ilə və bədənin temperaturuna uyğun olaraq mühit soyudulmalıdır. Texniki xidməti düzgün yerinə yetirilməyən kondisionerlər məkanın istiliyini və ya rütubətliliyini lazım olandan daha artıq və ya az təmin edir.

 

Nəm alma rejimini seçin

Kondisioner işləyərkən otağın havasını qurutduğu üçün sağlamlıq mütəxəssisləri həmin ortamda olan şəxslərin mayeni çox qəbul etməsini məsləhət görür. Bununla yanaşı kondisionerin gecələr istifadəsinə diqqət etmək lazımdır. Gecə aşağı temperaturda yatdığınız zaman burnunuz tutulmuş şəkildə oyanacağınız mütləqdir. Bu kimi səbəblərlə əlaqədar olaraq xüsusilə yatarkən kondisionerlərin nəm alma rejimində olması məqsədə uyğundur.

 

Maksimum qənaət edin

Enerji və pula qənaət etmək istəyənlərə vaxt düzənləmə xüsusiyyətinə malik kondisionerlərin istifadəsi məsləhətdir. Digər tərəfdən inkişaf edən yeni texnologiyalarla kondisionerləri cib telefonlarından da idarə etmək olar. Beləliklə siz evdə, ofisdə olmayanda kondisioneriniz lazımsız yerə işləməz.

 

Avtomobil kondisioneri üz iflicinə səbəb ola bilər

Avtomobil daxilində kondisioner də tənəffüs yolları xəstəliklərindən bronxit, sinusit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, badamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər. Birbaşa üzə təmas edən kondisioner nadir də olsa, üz iflicinə səbəb ola bilər. Buna görə avtomobildə kondisionerdən istifadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir. Həddindən artıq isti və ya nəm mühit avtomobil idarə edənlərin konsentrasiyasını və hadisələrə reaksiyasını poza bilər.

Unutmayın ki, kondisionerin məqsədi sizi deyil, olduğunuz məkanı sərinlətməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir