Azərbaycanda hazırlanan dönərlərin əksəriyyəti insan orqanizmi üçün həddindən artıq təhlükəlidir.
Bu sözləri mətbuata açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yay aylarında dönər satışının hansı standartlarla həyata keçirilməsini şərh edərkən deyib. O bildirib ki, 3 il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırlayıb:
“Həmin standartlarda dönərin hansı şəraitdə və necə hazırlanması, bişirilməsi, daşınması, satılması göstərilib. Səhiyyə Nazirliyi də dönərin hazırlanması ilə bağlı sanitar qaydalar hazırlayıb. Lakin bizim apardığımız monitorinqlər göstərir ki, dönər satışı ilə məşğul olan əksər yerlərdə nə sanitar qaydalara, nə də standartlara əməl olunur. Azərbaycanda hazırlanan dönərlərin əksəriyyəti insan orqanizmi üçün həddindən artıq təhlükəlidir”.
E.Hüseynov dönərləri təzə ətdən hazırlayıb, şişə taxıb donduran, özünün xüsusi maşınlarında dönərxanalara çatdıran müəssisələrin olduğunu da qeyd edib:
“Məsələn, “AzBanvit” şirkəti belə müəssisələrdəndir. Normal şəkildə dönərləri hazırlayır və çatdırır. Ancaq Bakıdakı dönərxanaların əksəriyyəti ətləri müəyyən edilmiş şirkətlərdən almır. Bundan başqa, dönərxanalarda işləyən işçilərin tibbi yoxlanışı aparılmır. Dönərxanaların əksəriyyəti hətta murdar at, eşşək ətini alır və ondan istifadə edir.
Toyuq ətindən hazırlanan dönərlərin 2006-cı ildə quş qripi epidemiyasına görə Səhiyyə Nazirliyi tərəfindən qadağan edilməsinə baxmayaraq, 90% dönərxanalarda toyuq dönərləri hələ də satılır. Toyuq dönərləri infeksiyaya daha çox meyillidir. Bu da əhalinin kütləvi və tədrici zəhərlənməsinə gətirib çıxarır. Hazırda qida təhlükəsizliyi ilə bağlı ölkədə ciddi müzakirələr gedir”.