hekim

Təcili yardım həkimləri niyə döyülür?

Baxış sayı: 1. 421
Təcili yardım işçilərinin döyülməsi ilə bağlı xəbərlərə artıq mətbuatda tez-tez rast gəlinir. Xəstəsi öldükdən sonra həkimi döyən, gec gəldi deyə həkimi döyən, istədiyi iynəni vurmadı deyə həkimi döyən… Belə hadisələrdən biri də bu günlərdə baş verib. Xətai rayonu Telnov küçəsi 6 ünvanında yerləşən “Pion palace” restoranına çağırışla gələn təcili tibbi yardım briqadasının həkimi 1987-ci il təvəllüdlü Şamilzadə Aynurə Cavanşir qızı və feldşer Günay Həziyeva xəstənin yaxınları tərəfindən vəhşicəsinə döyülüb.
 
Bəs həkimlər niyə döyülür? Bunun qarşısını almaq üçün nə etməliyik?
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bizimlə söhbətində bildirdi ki, pasiyentin hüquqları olduğu kimi, tibb işçilərinin də hüququ var. Heç kimin heç kimə güc tətbiq etməyə haqqı yoxdur: “Həkimlərin də qorunmaq haqqı var. Dəfələrlə olub ki, xəstə üstünə gedən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları onların yaxınları tərəfindən döyülüb. Bu halları qətiyyətlə pisləyirəm. Başa düşürük insandır acısı ola bilər, amma bu, icazə vermir ki, həkimə əl qaldırasan. Belə həkimlər mütləq hüquq-mühafizə orqanlarına şikayət etməlidirlər”.
 
“Həkim işinin əlli faizini tətbiq edə bilmir”
 
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) baş həkimi Mirələm Cəlalov bildirdi ki, dünyanın heç bir ölkəsində tibb işçilərinə qarşı zor tətbiq etmirlər: “Təəssüf ki, son zamanlar bizdə bu cür hallar qeydə alınır. Bir neçə gün öncə Lənkəranda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri çağırış yerinə gəlib, xəstəyə yardım ediblər. Xəstə ürək tutmasından ölüb. Yaxınları həkimləri döyüblər. Bu, primitivliyin son həddidir. Dəfələrlə olub ki, həkim çağırışa gəlib, amma xəstəyə yaxınlaşmamış qohumları tərəfindən aqressivliklə qarşılaşıb. Təbii ki, bu cür hal həkimlərin də psixologiyasına mənfi təsir edir. Həkim xəstəni xilas etmək əvəzinə, qohumları sakitləşdirməyə çalışır. Çünki hər kəs bir tərəfdən müdaxilə edir. Nəticədə həkim işinin əlli faizini tətbiq edə bilmir. İnsanlar anlamalıdır ki, həkim xəstəni öldürməyə yox, yardım etməyə gəlir. Onun vəzifəsi xəstəyə son dəqiqəyə kimi yardım etməkdir. XXI əsrdə yaşayırıq. Onların döyülməsi düzgün deyil. Heç bir yerdə belə şey yoxdur.”
 
M.Cəlalov vurğuladı ki, həkimə qarşı kobudluq hallarının qarşısının alınması üçün hüquq-mühafizə orqanları ciddi tədbirlər görməlidir: “Xəstəyə şəfa verən adamı döymək olmaz. Həkimlərin döyülməsi məsələsinə münasibət çox pis olmalıdır. Hüquq-mühafizə orqanları hər bir hadisə ilə bağlı tədbir görməli və bunu ictimailəşdirməlidir”.
 
“Həkimlərin toxunulmazlığı ilə bağlı qərar qəbul edilməlidir”
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev də həkimlərin döyülməsinə kəskin etirazını bildirdi. Həmsöhbətimiz deyir ki, özünü idarə edə bilməyənlər, davranışı, tərbiyəsi yerində olmayanlar həkimə xəsarət yetirir: “Bizim millət əsasən çox qonaqpərvər və qayğıkeşdir. Amma hər kəsə eyni gözlə baxmaq olmaz. Sözügedən hadisədə də xəstənin yaxınları içkili olub sərxoş vəziyyətdə həkimə hücum çəkib. Bu, insani hərəkət deyil. İkinci tərəfdən də qapıya qonaq gələndə, özü də köməyə insan çağırmsansa, onu döymək nə dərəcədə düzgündür? Bir çox hallarda gecikmə ilə müraciət edirlər, xəstəni vaxtında müalicə etmir, səhhəti ilə maraqlanmırlar ağır ayaqda təcili tibbi yardıma müraciət edir ki, mənim xəstəmi sağalt. Xəstə ağır vəziyyətdə olur, artıq iş-işdən keçir təcili tibbi yardım işçisi döyülür ki, xəstə niyə öldü. Dar düşüncəli insanlar son məqamda belə hərəkətlərə əl atırlar. Ziyalı insan bu hərəkəti etməz. Biz hələ görməmişik ki, bir həkim, müəllim bu hərəkəti etsin. Bunları edənlər cəmiyyətdə özünə yer tapa bilməyən insanlardır. Bəzi seriallara baxır və bunu həyatda tətbiq edirlər. Hansı həkim istəyər ki, onun xəstəsinə nə isə olsun. Artıq mən düşünürəm ki, həkimlərin toxunulmazlığı barədə qanun qəbul olunmalıdır. Onların müdafiəsi üçün nəsə edilməlidir”.
 
Həkimi döyməyə çağırırsız?
Baş həkim deyir ki, döyülmələr səbəbindən təcili yardımda işləməyə gələn həkimlərin sayı azalıb: “İnsanlar düşünmür ki, həkimi döyəndə o ikinci müraciətə gedə bilməyəcək. Təcili yardımda işləməyə gələn həkimlər artıq azalıb, gəlmək istəmirlər. Qorxurlar. Biz məcbur oluruq hər dəfə polisə müraciət edirik. Bəzi ünvanlar məlumdur ki, o ünvanlarda hər dəfə belə hallar olur. Həkimi döyməyə çağırırsız?”.
 
 
“Təcili yardım yatmaq üçün dərman paylayan deyil ki…”
Müsahibimizin sözlərinə görə, təcili tibbi yardıma gələn çağırışların 60 faizi əsassız çağırışlardır: “Bu yaxınlarda başımıza belə bir hadisə gəlib. Ər və arvad dalaşarkən bir tərəf həkim çağırıb. Həkim gəlib yardım edəndə ortada qalıb və həkimdən şikayət ediblər. Həkim də deyir mən yardım etməkdən başqa nə etdim ki? Həkimlər insanlar tərəfindən çox aşağılanır. Hər sahədə xəta olur. Gün ərzində 2000 çağırışı icra edəndə, ola bilər hansısa ünvana gecikək. Fiziki cəhətdən bunu çatdıra bilmərik. 138 briqadamız var. Gələn çağırışıları çeşidləyirik. Bəzən 1 saata 238 çağırış gəlir. Bunu çeşidləməsək, idarə etmək qeyri-mümkündür. Hamı deyir ki, birinci mənim qapıma gəlin. Biz çeşidləyib, daha vacib olanlara əvvəl gedirik. Travma alan, huşsuz olan, komada olanları birinci icra edirik. Mən necə nəqliyyat qəzasını saxlayım, təzyiq ölçməyə göndərim həkimi? Gündə 60 faiz bizə adi olmayan çağırışlar gəlir, sonra da deyirlər ki, təcili yardım gecikdi. Təcili yardımın öz iş prinsipləri var. Bəzən bizi təzyiq ölçməyə çağırırlar. Biri çağırıb həkimlər gedib, deyib “yuxu dərmanı ver, yata bilmirəm”. Təcili yardım yatmaq üçün dərman paylayan deyil ki… Sərxoş kişidir arvadıyla dalaşıb həkimi döyür. Yaxud xəstə ölüb həkimi öldürür ki, tez ol dirilt. Özünü idarə edən bilməyən insanlar bu hərəkətlərlə məşğuldur. Bəzən də həkimi evinə çağırır ünvanı bilmir. Təcili yardım bunun izah etdiyi evi axtarıb tapana qədər gecikir. Ünvana çatanda həkimi döyür ki niyə gec gəldin? Həkim deyəndə ki, “ünvanı düz verməmisiniz”, deyir “bütün məhlə filankəsin evini tanıyır, sən niyə tanımırsan”.
 
 
“Davayla məsələ həll olunmaz”
 
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, əgər kimsə hansısa həkimdən narazıdırsa, məhkəməyə müraciət etməlidir və şikayət qanunlar çərçivəsində araşdırılmalıdır: “Ümumiyyətlə, belə xuliqanlıq hərəkətləri həkimlərin xəstələrə münasibətini də dəyişir. Məsələn, Səudiyyə Ərəbistanı şəriət ölkəsidir. Orada bu cür hallar məhkəmədə həll olunur. Məhkəmədə həkim tərəfindən protokoldan kənara çıxma olubsa, xəstənin səhhətinə ziyan vurulubsa, cəza tətbiq edilir. Axı davayla, harayla bu məsələlər həll olunmaz. Bu cür təcrübə dünyada heç yerdə yoxdur. Açığı, etiraf etmək lazımdır ki, bizim millətin bir qismində ciddi şəkildə mədəniyyət problemi var. Bu sürücülükdə də, bir-birinə münasibətdə də, həkimlərə münasibətdə də özünü göstərir”.
 
“Kaspi.az”
Vrez
“Bu yaxınlarda başımıza belə bir hadisə gəlib. Ər və arvad dalaşarkən bir tərəf həkim çağırıb. Həkim gəlib yardım edəndə ortada qalıb və həkimdən şikayət ediblər. Həkim də deyir mən yardım etməkdən başqa nə etdim ki? Həkimlər insanlar tərəfindən çox aşağılanır. Hər sahədə xəta olur. Gün ərzində 2000 çağırışı icra edəndə, ola bilər hansısa ünvana gecikək. Fiziki cəhətdən bunu çatdıra bilmərik. 138 briqadamız var. Gələn çağırışıları çeşidləyirik. Bəzən 1 saata 238 çağırış gəlir. Bunu çeşidləməsək, idarə etmək qeyri-mümkündür. Hamı deyir ki, birinci mənim qapıma gəlin. Biz çeşidləyib, daha vacib olanlara əvvəl gedirik. Travma alan, huşsuz olan, komada olanları birinci icra edirik. Mən necə nəqliyyat qəzasını saxlayım, təzyiq ölçməyə göndərim həkimi?



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir