Bir kişinin bizə nə qədər zərər verə biləcəyini gözündən anlamağımız mümkünsüzdür təəssüf ki. Xüsusilə də “toksik kişi”ləri. Bəzən olduqca kübar, anlayışlı və romantik bir kişi olan partnyorunuz, bəzən də dünyanın ən anlayışsız insanınamı çevrilir? Bir tərəfdən münasibətiniz sizi yorur, bir tərəfdən də görəsən, ona haqsızlıqmı edirəm deyə düşünürsünüz? Böyük ehtimalla haqsızlıq etmirsiniz. Çünki bu sürətlə dəyişən hisslər “toksik kişi”lərin də əsas xüsusiyyətidir. Gəlin keçək onların digər xüsusiyyətlərinə.
Ünsiyyətinizin qanunlarını o, müəyyənləşdirəcək
Təkcə partnyorunuz istədikdə, onun istədiyi mövzulardakı problemləri müzakirə edə bilərsiniz. İstədiklərinin olması üçün saatlarla danışa bilər, məsələni mübahisə halına gətirə bilər, istədiyi olmadığı üçün sizi bir şəkildə cəzalandırar. Haqlılığını qəbul etdirənədək deyinməyə davam edər. Sizin bitdiyini zənn etdiyiniz köhnə mövzuları təkrar-təkrar yenidən açar. Əgər istədiyini almasa, manipulyasiyanın dozasını artıra bilər, hətta sizi ayrılmaq ilə hədələyə bilər. Ancaq mövzu sizin problemlərinizə gəldikdə bunların üstündə dayanmaq istəməz. Mövzunu yola vermək, problemi yox saymaq, sizi günahlandırmaq onun tez-tez etdiyi şeylərdirsə, qarşınızakı insan “toksik kişi” ola bilər.
Dəyişkən hərəkət edir
Ani əhval-ruhiyyə dəyişiklikləri, birdən-birə gələn qəzəb, səbəbini bilmədiyiniz mübahisələr, durduq yerdə səslərin yüksəlməsi… Ən gözəl anlarınızı məhv edən bu gözlənilməz hərəkətlər münasibətiniz üçün adi bir hala çevrilibsə, qarşınızda “toksik kişi” ola bilər. Təbii ki, bu dəyişikliklər daim neqativ olmur. Bəzən də əsəbi bir vaxtından birdən sizi nə qədər sevdiyini izah etməyə başlaya bilər. Heç gözləmədiyiniz anlarda qarşınızda dünyanın ən anlayışlı və romantik kişisini görə bilərsiniz. Buna görə də ondan əl çəkməyiniz çətinləşər. Nə vaxtsa bir gün həmişəlik bu müsbət tərəfinin ön planda olacağına inanaraq münasibəti davam etdirməyə çalışarsınız.