Con Lenon

Fanatı tərəfindən öldürülən məşhurun qeyri-standart sevgisi

Baxış sayı: 1. 569

Tarix ona nəsə yazanları hər zaman xatırlayır. Bir çox məşhurlar – yazıçılar, musiqiçilər, rəssamlar təkcə işləri ilə deyil, həm də həyatları ilə yadda qalıblar. Bu həyatlar arasında kədərlisi də var, faciəlisi də, xoşbəxti də. Sevgi isə yaradıcı insanların ruhundadır. Onların sevgiləri hər zaman oxunulur, izlənilir. Bu günkü yazımız əfsanəvi “Beatles” qrupunun məşhur üzvü Con Lenon haqqındadır.

Onlar sərgidə tanış olmuşdu. Divarlar ağ rəngdə rənglənmiş, tavandan isə lupa asılmışdı. Tamaşaçılar lupanı götürüb tavanın lap yuxarısında olan kətana yaxınlaşdırıb oradakı sözü oxumalı idi. Kətanda isə bircə söz yazılmışdı – “HƏ”

 

Qızların tumanını çəkən pis oğlan

Con Uinston Lennon “Kvorri Benk” məktəbinin sevilən şagirdlərindən deyildi. O, aqressiv, qəddar, hamını sancan və arxasını yerə verməyən biri idi. Heç kəs onun kimi başqalarını ələ sala bilmirdi. Con siqaret çəkir, dərsdə əylənir və digər uşaqları da əyləndirirdi. Tənəffüsdə isə qızların əynindən alt tumanını çəkib çıxarmaqdan belə çəkinmirdi. Nümunəvi ailədən olan uşaqlar ondan yan qaçırdı. Amma bu, Conu heç də narahat etmirdi. Məgər Liverpulun bombalanması zamanı dünyaya gəlmiş bir oğlanı bu narahat edərdimi?

Həyata bu cür yüngül baxışı ona ata və anasından keçmişdi. Onun valideynləri Con dünyaya gələndən dərhal sonra ayrılmışdı. Amma sonra yenidən evlənmişdilər. Culiya kəbin mərasiminə gecikmişdi. Nə var ki, yolda kinoya baxmaq istəmişdi. Dörd il sonra əri Alfred onları qoyub gedir. Nə vaxtsa qayıdacağına söz verərək…

Balaca Conu xalası Mimi saxlayır, tərbiyə edir. Corcla evli olan Miminin uşağı yox idi.  Buna görə də Mimi Smit qarşısına məqsəd qoymuşdu ki, Conu alicənab böyütsün. Amma heç nə alınmırdı. Onun himayəsində olan Con xaraktercə qiyamçı idi. Onun hədələnməsi, qışqırıqları kömək etməyəndə Mimi xala ağlayırdı. Xalasının ağladığını görəndə Con dərs oxuyurdu, amma bu, çox çəkmirdi.

Mimi heç vaxt onun əyləncələrinə razı olmurdu və deyirdi: “Gitara yaxşıdı, amma sən onunla heç vaxt çörək qazana bilməyəcəksən”. Sonra “Beatles” məşhur olanda Con xalasına böyük bir villa alır. Və o, villanın holunda bu sözləri yazır.

 

Xuliqan dəstəsinin başçısı

Amma Con hələ məşhur deyildi və Liverpulda xuliqan dəstəsinə başçılıq edirdi. Günlərin bir günü anası onların yanına qayıdır. Corc buna sevinir. Anası da komplekssiz insan idi. Və hesab edirdi ki, keçmişə tüpürüb yaşamaq lazımdı. Oğlu ilə münasibətləri yaxşı olan Culiya Conun 19 yaşı olanda yol nəqliyyat hadisəsində həlak olur. Onu polis maşını vurur. Bundan sonra isə Conun müstəqil həyatı başlayır. Bu həyatda onu küçə bandası, kasıblar üçün sığınacaq, həbsxana, yaxud da psixi xəstəxana gözləyirdi.

 

“Beatles”

Amma həyatda bəzən insanların arzuladığı uğurlu dönüşlər də olur. Bu nə idi? Taleyin hədiyyəsi, yoxsa qazanılmış mükafat? Anasından Cona keçən həyat fəlsəfəsinə görə o, çətin ki, belə suallara cavab axtaraydı.

Liverpul dördlüyü dünyaca məşhur olanda Con Lenon hesab edirdi ki, ”Beatles” İsa peyğəmbərdən də populyardır. 23 yaşında dünya şöhrəti qazanan Con Lenonun hər şeyi vardı – pulu, böyük malikanələri.

Con, Pol, Rinqo və Corc Britaniya imperiyasının ordeninə layiq görüləndə bu, qalmaqal yaratdı. Onlarla orden sahibi öz mükafatlarını etiraz əlaməti olaraq geri qaytardı. Çünki heç kəs anlamırdı ki, imperiyanın ordenini “Liverpul zibilliyindən” çıxanlara necə vermək olar. Bundan sonra Britaniyanın baş naziri “Beatles”a görə ABŞ-a səfərində dəyişiklik etdi. Ona görə ki, onun səfəri Liverpul uşaqlarının konserti ilə üst-üstə düşürdü. Yenidən əlavə səs-küy yaratmamaq üçün baş nazir ABŞ-a başqa vaxt yollandı.

Onların qastrolları sanki konveyr idi. Milyonlar gətirən konveyr. Hər bir mahnı isə sözsüz hit olurdu. Gənc qızlar onların konsertində ekstaz vəziyyətində nələr etmirdi?!.

İllər sonra öz silahını Con Lenona tuşlayacaq Mark Devid Çepmen isə sinəsində “Mən Con Lenonam” yazılmış medalyon gəzdirirdi.

Conun ilk evliliyi Sintya ilə oldu. Yaxşı ailədən olan Sintya qayğıkeş və başa düşən qadın idi.

Amma Con tez-tez depressiyalara düşürdü. Hər şey onu əsəbiləşdirirdi. Və o, darıxırdı….

Belə bir vəziyyətdə o, Yoko ilə qarşılaşır.

 

And I love her

Con və Yoko ilk dəfə Londonda rastlaşır. Yokonun avanqard rəsm sərgisində. Conu bu sərgiyə Pol Makkartin aparır. Həmin vaxt Yoko artıq ikinci dəfə ailə qurmuşdu. Və güman etmək olardı ki, ikinci əri ilə xoşbəxtdir.
Yokonun həyatı mühafizəkar yapon xarakterinə uyğun gəlməyən dərəcədə qeyri-adi idi. Yoko uşaqlığından qızlara xas olmayan tərzdə sərt xarakterə malik idi. İlk ailəsini quranda o, valideynlərinin etirazı ilə qarşılaşmışdı. Çox istedadlı, ancaq kasıb bir bəstəkarla ailə qurmuşdu. İstedadlı ərinin karyerası alınmamışdı. Amma o, Yokonu Amerikadan olan avanqard rəssamlarla tanış etmişdi. Bu, kasıb yapon bəstəkarının Yokoya çox böyük həyat hədiyyəsi idi. Yoko avanqardistlərlə tanışlıqdan sonra həyatını bu sənətə həsr edəcəyi qərarına gəlir.
Amma digər avanqardistlər kimi Yoko da tənqidçilərin hədəfindən yayına bilmir. Bu tənqidlərin Yokonu depressiyaya saldığı hallar da olurdu. Bütün bu hallarda onun kasıb və istedadlı əri Yokonun vəziyyətdən çıxmasına çalışırdı.
Yoko varlı və qalmaqaldan uzaq yapon ailəsində doğulmuşdu. Ailənin Amerikaya köçən qızı haqda qalmaqallı xəbərlər Yaponiyaya gəlib çatır. Ailə bunu həzm edə bilmir. Ailəsi Yokonu kasıb ərindən ayırmaqdan ötrü güclə Yaponiyaya gətirir və depressiyadan müalicə olunması üçün psixiatriya xəstəxanasına yatırır.
Bu sınaq Yokonun həyatında Entoni Koksun peyda olması ilə sona çatır. Koks gənc rəssamın avanqard əsərlərini bəyənirdi. O, eşidəndə ki, Yoko xəstəxanadadır, Yaponiyaya gəlir. Müalicə vaxtı daima Yokonun yanında olan Koks Nyu-Yorka qayıdanda Yokonu özü ilə arvadı olaraq aparır.
Onlar Nyu-Yorka qayıdandan sonra Yokonun yeni sərgiləri keçirilir. Bu sərgilərə maraq kifayət qədər böyük olur. Çox keçmir, onların bir qızı dünyaya gəlir. Belə görünürdü ki, hər şey qaydasındadır.

 

Və belə bir vəziyyətdə Con peyda olur – aydın səmada ildırım kimi.

Onların ilk görüşü Yokoda daha çox bağlılıq yaratdı, nəinki Conda. Con evə qayıtdıqdan sonra xanımı ilə bu barədə söhbət elədi, təəssüratlarını bölüşdü. Yoko isə başa düşdü ki, Con taleyin ona hədiyyəsidir. Bundan sonra o, Conun diqqətini cəlb eləmək üçün müxtəlif üsullara əl atmağa başlayır. Yoko saatlarla Lenonun evinin qarşısında oturardı ki, bir bəhanə ilə içəri girə bilsin. Bundan başqa Yoko Conu məktub yağışına tutur. O, gah hədələyir, gah da ondan pul istəyir. “Nəfəs al və xatırla”, “Mən buludam”, “Səhərə qədər ocağa bax” yazılmış açıqcalar göndərir.

Günlərin birində isə Yoko göndərdiyi bağlama ilə Conun arvadı Sintyanı əməlli başı qorxudur. Bağlamada gigiyenik bez və qırmızı rəngə boyanmış sınıq fincan vardı.

Daha sonra Yokonun Lenonla telefon söhbətləri başlayır. Onlar saatlarla telefondan asılı qalırlar. Müharibə, sosial ədalətsizlik, rəssam axtarışları və sairə mövzularda danışırlar.

Con əvvəl təəccüblənir, sonra isə başa düşür ki, niyə bu yapon qızı ona maraqlı görünür. Con Yokoda xalasının və anasının xarakterlərini görürdü.

Yoko Condan 7 yaş böyük idi. Amma bu, Condan məsləhətlər almağa mane olmurdu. O, Yokoya vurulmağa başlayırdı. Artıq Con Yoko haqda hər şeyi bilmək istəyirdi. Və bir gün ağlına gəldi ki, görəsən o, sevişəndə necə olur?!

1968-ci ilin yayından Con və Yoko birgə yaşamağa başlayır. İlk bal aylarını onlar Amsterdamda keçirir. Həvəslə jurnalistləri mehmanxanaya dəvət edən cütlük saatlarla yataqdan qalxmadan jurnalistlərin suallarına cavab verirdilər.

Con yeni rəfiqəsini qrupun məşqlərinə gətirirdi. Bu isə çox səs-küy yaradırdı. Məşqdə qadın xoşagəlməz idi. Bu, Conu ürəyinin dərinliklərinədək təhqir edirdi. Qrupda fikir ayrılığı yaranmağa başlayırdı. Conun “Beatles”da mövqeləri bir qədər zəifləmişdi. Və Yokonun peyda olması bunu bir az da sürətləndirdi.

Amma cütlük birlikdə özünü çox yaxşı hiss edirdi və demək olar ki, xoşbəxt idi. Con yorulmadan təkrar edirdi ki, onlar Yoka ilə iki canda bir bədəndirlər. Hər bir cütlükdə olduğu kimi, Con və Yoko da sınaqlardan keçirdi. Və hər dəfədən sonra Con geri qayıdırdı.

Musiqi tənqidçiləri yazırdılar ki, Conun mahnıları ilbəil zəifləyir. Amma bu, Conu narahat etmirdi. Con getdikcə xoşbəxt ailədə özünü rahat hiss edən adi adama çevrilirdi. O, ailəsini sevir və oğlu Şonla vaxt keçirməkdən zövq alırdı. Bir dəfə isə ona Yokonun təsiri altında olduğunu deyən jurnalistləri təhqir etdi: “Mən özümüz üçün, öz körpəmiz üçün yaşayıram. Bu, sizə aydın deyilsə, demək, siz heç nə qanmırsız”.

 

Atəş

Mark Devid Çepmen adi insan idi. Onun başqalarından yeganə fərqi kumiri Con Lenona olan marağı idi. Amma çox keçmir ki, Çepmen Con Lenonun hərəkətlərindən hiddətlənir. Onun yapon qızı ilə evlənməsi isə Çepmeni lap özündən çıxarır.

Fanatın qulaq asdığı köhnə Con Lenon idi. O, xuliqan, romantik Lenona qulaq asırdı. Tox, imkanlı Con Lenon onun xoşuna gəlmirdi. Hətta Çepmen qərara gəlir ki, köhnə Lenonu bərpa etmək üçün indiki Lenonu “devirmək” lazımdır. Amma əvvəlcə o, bir suala cavab almaq istəyirdi: “Con, sən doğurdanmı satılmısan?”

1980-cı ilin 8 dekabrında Lenon adi günlərdə olduğu kimi evdən çıxdı. Onun beynində görəcəyi işlərlə bağlı fikirlər dolaşırdı. Ona qarşı gələn adama fikir belə vermirdi. Və birdən qarşıdan gələn adam onun adını çağırdı. Dərhal da atəş…

 

You may say I am a dreamer (Sən deyə bilərsən ki, mən xəyalpərəstəm)

Con və Yokonun həyatı qəribə idi. Qalmaqallar, mübahisələr, həyatla haqq-hesablar, psixi xəstəxanada müalicələr və hinduların hüquqları uğrunda mübarizələr.

Maraqlısı isə o idi ki, bu cütlük birlikdə xoşbəxt idi. Deməli, bu, əsl məhəbbət idi. Onların xoşbəxtliyi elə bunda imiş. Birgə mübarizədə, standartları qırmaqda, dünyaya baxışları dəyişməkdə. Və yəqin ki, onların pozduqları standartlar içərisində sevgi, məhəbbət standartları da vardı…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir