Kamran Musayev

Kardiocərrah Kamran Musayev: “Artıq xəstələrə “süni ürək” köçürürük” – MÜSAHİBƏ

Baxış sayı: 1. 858

“Gencaile.az” Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevin APA-ya müsahibəsini təqdim edir.

 

– Kamran həkim, ilk olaraq Mərkəzi Klinik Xəstəxananın Ürək və Damar Mərkəzinin fəaliyyəti haqda danışmağınızı istərdim. Mərkəzinizdə son illərdə hansı yeniliklər baş verib? 

– Bildiyiniz kimi, Mərkəzi Klinik Xəstəxana müstəqil Azərbaycanın səhiyyəsində müasir şəkildə qurulan ilk tibb ocağı ünvanına sahibdir. Fəaliyyətə başladığı ilk gündən bu günə qədər Mərkəzi Klinik Xəstəxana tibbin demək olar ki, bütün sahələrində olan yenilikləri təqib etməyə çalışır və bu yenilikləri vaxtlı-vaxtında xalqımıza təqdim edir. Ürək və Damar Mərkəzimizdə arxada qalan 16 il ərzində 12 mindən çox ürək-damar əməliyyatları icra etmişik. Bunların içərisində 10 günlük körpədən 90 yaşlı qocaya qədər insanlar var. Bizim xəstəxanada 1 kq 700 qramlıq körpənin də, 140-150 kq-lıq xəstələrin də üzərində ürək-damar əməliyyatları icra olunub. Bu əməliyyatların spektrumuna baxanda bu gün dünyada ürək-damar cərrahiyyəsində tətbiq olunan əməliyyatların demək olar ki, hamısı Mərkəzi Klinik Xəstəxanada uğurla tətbiq olunur. Buna görə də mərkəzimiz, haqlı olaraq “ən təcrübəli mərkəz” kimi tanınır. Son illərdə tətbiq etdiyimiz yeniliklərdən bəzilərini qeyd edə bilərəm. Təqribən beş il bundan əvvəl respublikamızda və regionda ilk dəfə olaraq “süni ürək” köçürülməsi əməliyyatı mərkəzimizdə uğurla həyata keçirildi. Azərbaycanda və regionda “kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi” əməliyyatı da ilk dəfə mərkəzimizdə həyata keçirilib. Ürək çatışmazlığının müalicəsində kök hüceyrələrin istifadə olunması ilə əlaqədar elmi araşdırmalarımız da yeni bir istiqamət kimi davam edir.

 

– Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

– Bu məqamı bir daha qeyd etmək istəyirəm. Təəssüf ki, həm Azərbaycanda, həm də dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olan xəstəliklər arasında birinci yerdədir. Ötən il Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə baxsaq görərik ki, ürək – qan dövranı xəstəlikləri Azərbaycanda da ölümə səbəb olan xəstəliklər arasında birinciliyini qoruyur. Dünyadakı tendensiya da belədir. Kardiologiya, ürək-damar cərrahiyyəsində, ümumi səhiyyədəki inkişafa baxmayaraq, bu tendensiya hələ də davam edir. Bizim ölkəmizdəki səhiyyənin son 15 ildəki inkişafına baxdığımız zaman nisbi olaraq bu ölüm faizində bir azalma olduğunu söyləyə bilərik. Nəyə görə? Hər şeydən əvvəl, bizim diaqnostik imkanlarımız artıb. 15 – 20 il əvvəl diaqnozu qoyula bilməyən xəstələrin çoxuna bu gün diaqnoz qoyulur. Digər tərəfdən müalicə imkanlarımız da çoxalıb. Bir daha qeyd edirəm ki, 15 – 20 il əvvəl respublikamızda müalicəsi, əməliyyatı mümkün olmayan xəstələr bu gün Mərkəzi Klinik Xəstəxana başda olmaqla, ölkəmizdəki müxtəlif mərkəzlərdə əməliyyat olunur. Bu faktlara görə bir azalma olduğunu söyləmək mümkündür. Amma yenə də, biz hamımız çox çalışmalıyıq ki, ürək-damar xəstəliklərindən ötrü itirilən insanların sayını mümkün olduğu qədər azaldaq.

 

– Ölkəmizdə ürək transplantasiyası nə zaman həyata keçiriləcək? Bununla bağlı hər hansı bir iş aparılırmı?

– Azərbaycanda orqan transplantasiyası ilə bağlı qanunvericilik 1999-cu ildə təsdiq olunub. Böyrək, qaraciyər köçürülmələri ölkəmizdə uğurla həyata keçirilir. Ürək transplantasiyasının həyata keçirilməsi üçün bizim meyitdən orqan köçürülməsinə ehtiyacımız var. Çünki biz cüt olan orqanlardan və ya hissəvi köçürülməsi mümkün olan orqanları – qaraciyər, böyrək kimi orqanları canlı donorlardan götürüb köçürə bilirik. Amma ürək və ya başqa tək olan orqanların köçürülməsi üçün bizim beyin ölümü diaqnozunun təsdiqlənmiş olan xəstələrə ehtiyacımız var. Yəni biz donor kimi bunlardan istifadə edək. Bu barədə hazırlıqlar da mənə elə gəlir ki, artıq son mərhələdədir. Mən inanıram ki, ölkəmizdə ürək transplantasiyası da yaxın vaxtlarda həyata keçiriləcək. Dünyada ürək transplantasiyasının müəyyən məhdudiyyətləri var. Burada ən başlıca məhdudiyyət donor sayının azlığıdır.

Bir statistikanı diqqətinizə çatdırmaq istərdim. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində də donorlar ürək transplantasiyası gözləyən xəstələrin sadəcə 5%-nə kifayət edir. Çünki bayaq da qeyd etdiyim kimi, biz ancaq beyin ölümü olan xəstələrdən ürək köçürə bilərik. Ona görə də ürək-damar cərrahiyyəsi, tibb elmi bunlara alternativlər axtarır və bu alternativlərdən ən önəmlisi də “süni ürək” köçürülməsi əməliyyatıdır.

 

– Mənim növbəti sualım məhz “süni ürəklə” əlaqədardır. Ümumiyyətlə, “süni ürək” nədir və bu barədə ölkəmizdə vəziyyət necədir?

– “Süni ürək” – son mərhələyə gəlmiş, digər metodlarla müalicəsi mümkün olmayan ürək çatışmazlığı xəstələrində tətbiq olunan müalicə metodudur. Burada öz funksiyalarını demək olar ki, itirmiş ürəyin yerinə, bu funksiyanı üzərinə götürən müxtəlif cihazlar – “süni ürəklər” istifadə olunur.

“Süni ürək” cihazlarını üç qrupa ayırmaq olur: qısa müddətli, orta müddətli və uzun müddətli. Qısa və orta müddətli cihazlar xəstəxana daxilində istifadə olunur. Uzun müddətli cihazlar isə köçürüldükdən sonra xəstə evə yazıla bilir və xəstələr normal həyatlarına davam edirlər.

Ölkəmizdə ilk dəfə “süni ürək” köçürülməsi əməliyyatı 2013-cü ildə Mərkəzi Klinik Xəstəxanada uğurla tətbiq olundu. “Süni ürək” köçürülməsinin nəticələri donor ürək köçürülməsinin nəticələrinə çox yaxınlaşıb. Bu gün artıq biz dünyanın müxtəlif ölkələrində iştirak etdiyimiz elmi toplantılarda da, may ayında Bakıda təşkil etdiyimiz ənənəvi “Bakı Ürək Günləri” elmi toplantısında müzakirə olunan əsas mövzulardan biri bu idi. Artıq  “süni ürək” donordan ürək köçürülməsinə bir alternativ kimi qarşımıza çıxır. Mən bir məqamı da qürurla qeyd etmək istəyirəm ki, Azərbaycanda 2013-cü ildə bu işin başlaması ilə biz demək olar ki, MDB məkanında öncüllərdən biriyik. Bu gün Mərkəzi Klinik Xəstəxananın Ürək və Damar Mərkəzində “süni ürək” cihazlarının bütün növlərini və köçürülmə əməliyyatlarını tətbiq etmək mümkündür və biz bu əməliyyatları uğurla icra edirik.

 

– İndiyə qədər nə qədər insan üzərində “süni ürək” əməliyyatları icra olunub?

– Biz bu günə qədər onlarla insan üzərində “süni ürək” əməliyyatları icra etmişik. Onların içərisində bizim qısa, orta və uzun müddətli “süni ürək” köçürdüyümüz insanlar mövcuddur.

 

– Azərbaycandan ürəkdamar əməliyyatına görə xarici ölkələrə üz tutan xəstələrin sayındakı artım və ya azalma barədə nə deyə bilərsiniz? Bir də, Azərbaycandakı səhiyyə ocaqlarına, elə sizin xəstəxanaya əməliyyat üçün müraciət edən əcnəbilər varmı?

– Bu suala görə sizə minnətdarlığımı bildirirəm. Mən 2001-ci ildə ölkədə fəaliyyət göstərməyə başlayanda bizim azərbaycanlılar ürək-damar əməliyyatları üçün müxtəlif ölkələrə gedirdilər. Bir azərbaycanlı kimi bu hal məni ağrıdırdı. Amma bu gün bir azərbaycanlı kimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri kimi tam məsuliyyətimlə deyirəm ki, həmin tendensiya tam tərsinə çevrilib.

Bu gün mən ən azı öz xəstəxanamızdan deyə bilərəm ki, bizim Rusiya, Türkiyə, İran, İngiltərə, Şotlandiya, ABŞ, MDB məkanından çoxlu sayda pasientlərimiz var. Onlar yalnız ürək-damar əməliyyatları üçün deyil, digər xəstəliklərə görə də Mərkəzi Klinik Xəstəxanaya müraciət edirlər.

 

– Bir müddət əvvəl ölkədə ürəkdamar xəstəliklərinin cavanlaşmaq təhlükəsi ilə bağlı anons vermişdiniz. Ürəkdamar xəstəliklərindən müalicə olunanlar arasında cavanların çəkisi nə qədərdir?

– Burada cavanlar deyəndə əsasən 40 yaşın altındakı insanları nəzərdə tuturuq. Bu insanların sayı da 10%-dən çox deyil. Dünyada da, ölkəmizdə də ürək-damar xəstəliklərinin daha da cavanlaşması tendensiyasını müşahidə edirik. Bizim praktik həyatımızda da, getdikcə 40 yaşın, hətta 30 yaşın altında əməliyyat etdiyimiz xəstələrimiz mövcuddur. Bunun bizim bildiyimiz və ya bilmədiyimiz bir çox səbəbləri ola bilər. Lakin bildiyimiz səbəblər arasında genetik meyllilik və ətraf mühit faktorları çox vacib rol oynayır. Hava, su, qida, həyat rejimimiz ürək-damar xəstəliklərinin istər cavan, istərsə də yaşlı populyasiyada getdikcə daha çox qarşımıza çıxmasına səbəb olur.

 

– İnsanlar bəzən ürək əməliyyatlarının qiymətindən şikayətlənirlər. Siz necə düşünürsünüz, ölkəmizdə ürəkdamar əməliyyatlarının qiyməti çoxmu yüksəkdir?

– Əməliyyatların qiymətləndirilməsi ilə biz həkimlər məşğul olmuruq. Bizim xəstəxanada da, başqa xəstəxanalarda da əməliyyatların qiyməti ilə planlama, maliyyə şöbələri məşğul olur. Çünki bu, həkimlərin bilavasitə daxil olduğu bir proses deyil. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri kimi deyirəm ki, hazırda ölkəmizdə ürək-damar əməliyyatları bütün qonşu ölkələrin hamısından daha ucuz qiymətə icra olunur. Ürək-damar əməliyyatları və ya kardioloji müalicə metodları dünyada da bahalı proseduradır.

 

– Ürəkdamar xəstəliklərindən kişilər, yoxsa qadınlar daha çox əziyyət çəkir?

– Cins bölgüsü ilə bağlı müəyyən dövrdə fərqliliklər var. Məsələn, ürək-damar xəstəliklərinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. Amma menopauzadan sonrakı yaş dövründəki qadınlarla kişiləri müqayisə etdiyimizdə bu fərq ortadan qalxır. Ona görə buradan belə bir nisbi çıxarış edə bilərik ki, kişilərdə ürək-damar xəstəliklərinə daha çox rast gəlinir.

 

– Anadangəlmə ürək qüsurlarının yaranma səbəbləri nə ilə bağlıdır?

– Anadangəlmə ürək qüsurları bizim sahədə özünəməxsus yer tutur. Mən həmişə bir məqamı vurğulayıram ki, anadangəlmə ürək qüsurlarının böyük əksəriyyəti tam müalicəsi mümkün olan xəstəliklərdir. Anadangəlmə ürək qüsurlarının səbəbləri də çox vacibdir. Mənim kimi praktik cərrahlar isə səbəbdən çox nəticə ilə maraqlanır. Ürək-damar xəstəliklərinin bir çoxundan fərqli olaraq, anadangəlmə ürək qüsurlarının böyük əksəriyyətini biz tam müalicə edə bilirik. Yəni bu uşaqlara biz vaxtında diaqnoz qoya bilsək və müvafiq bir əməliyyat apara bilsək, böyük əksəriyyəti sonrakı həyatına tam sağlam uşaq olaraq davam edə bilərlər. Ananın hamiləlik dövründə keçirdiyi infeksiyalar, hamilə qadının qidalanması, qohum evliliyi və s. anadangəlmə ürək qüsurlarının yaranma səbəbləridir. Bir çox halda bizim qeyd etdiyimiz səbəblərin heç biri olmadan da anadangəlmə ürək qüsuru ilə doğulmuş uşaqla qarşılaşa bilirik. Amma yenə deyirəm, səbəbi nə olursa olsun, bizim üçün müalicə taktikası dəyişmir, yəni əgər əməliyyat olunması lazımdırsa, biz onu əməliyyat etməliyik.

Ürək-damar cərrahiyyəsinin verdiyi imkanlarla anadangəlmə ürək qüsurlarının çox böyük əksəriyyətini biz uğurla əməliyyat edə bilirik. Mərkəzi Klinik Xəstəxanada da bu əməliyyatlar uğurla icra olunur. Bu yaxınlarda vaxtından əvvəl doğulmuş, çəkisi 1 kq 700 qram olan körpəmizi anadangəlmə ürək qüsuruna görə əməliyyat etdik və onu tam sağlam şəklində valideynlərinə təhvil verdik.

 

– Ölkədə ürəkdamar əməliyyatına ehtiyacı olan xəstələrin sayı nə qədərdir?

– Əhalimizin sayının təqribən 10 milyon olduğunu nəzərə alsaq, ölkəmizdə hər il 8 – 10 min arasında insanın ürək-damar əməliyyatına ehtiyacı olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir