xestelik

Kütləvi zəhərlənmə: nədən, necə və kimlərin üzündən zəhərlənirik?

Baxış sayı: 1. 556

Vaxtaşırı restoran və ya şadlıq saraylarında insanların kütləvi halda zəhərlənməsi xəbəri gündəmi zəbt edir. Görülən tədbirlərə baxmayaraq, şadlıq sarayı və restoranlarda, digər iaşə obyektlərində köhnə qidaların süfrəyə verilməsi adi və hamıya məlum bir faktdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bildirdiyinə görə, zəhərlənmə faktlarının səbəbi əksər hallarda gizlədilir: “Siz heç vaxt eşitməyəcəksiz ki, kütləvi zəhərlənmə istehsal prosesi ilə əldə olunan maldan olub. Bütün hallarda eşidəcəksiniz ki, istehlakçının öz günahı üzündən olub.

Özünün hazırladığı qida məhsulundan olub. Halbuki, əksər halda zəhərlənmə sənaye üsulu ilə istehsal olunan mallara görə baş verir. Bunun da səbəbi odur ki, bütün mallara, o cümlədən əlimizdə tutduğumuz mobil telefonlara Səhiyyə Nazirliyi gigiyenik sertifikat verir. İnsanların sağlamlığı keşiyində duran, zəhərlənmələri qeyd edən də Səhiyyə Nazirliyinin özüdür. Burada maraqlar konflikti var”.

Müsahibimizin fikrincə, nə qədər ki, müstəqil ekspertiza yoxdur, müstəqil sertifikat verən qurum sağlamlığın keşiyində duran qurumdan ayrılmayıb, nə qədər ki, effektli istehlakçı siyasəti, qidanın təhlükəsizliyinə dair, ümumiyyətlə, qanun yoxdur, kütləvi zəhərlənmələr davam edəcək.

Hüseynovun sözlərinə görə, ümumdünya göstəricilərinə baxsaq, Azərbaycanda zəhərlənmələrin 200 dəfə az olduğu göstərilir: “Bu da dəryada bir damladır. Amma nəzərə almaq lazımdır ki, qidanın təhlükəsizliyi haqqında qanunun olmadığı bir şəraitdə mütləq cinayət baş verir. Təsadüfi deyil ki, bütün bunlardan narahat olan ölkə prezidenti bu ilin fevralında qida təhlükəsizliyi agentliyinin yaradılmasına dair ayrıca bir fərman imzaladı.

Hazırda bununla bağlı iş gedir. Biz həmin agentliyə böyük ümidlərlə baxırıq. Agentlik yaradılandan sonra zəhərlənmələr azalacaq. Lakin həmin agentlikdə də qohum-əqrəbalar üçün iş yeri olacaqsa, professionallar kənarda qalacaqsa, dünya təcrübəsini tətbiq etməyəcəklərsə, agentliyin işindən bir fayda görmək olmaz. Lakin cənab Prezident çox əhəmiyyətli bir fərman verib. Görək, effektli yerinə yetirəcəklərmi?”

AİB sədri vurğulayıb ki, yayda zəhərlənmə riski daha da artır:

“İsti yay aylarında qida məhsullarında kimyəvi reaksiyalar güclənir, köhnə, vaxtı keçmiş, eləcə də düzgün saxlanılmayan qida məhsullarından zəhərlənmələr başlayır. Zəhərlənmələr daim baş verir, yüksələn templə gedir. Lakin Səhiyyə Nazirliyi bunu ciddi gizlədir ki, kütləvi istehsal malının adı hallanmasın. Restoran və şadlıq saraylarında elə qida məhsulları var ki, onları 3-4 saatdan artıq saxlamaq olmaz, amma hamımız bir çox şadlıq restoranlarında qalıq yeməklərin bəzədilib təkrar süfrəyə qoyulmasının şahidiyik. Müxtəlif növ salatlar buna misal ola bilər. Köhnə yeməklər menyudan çıxarılmalıdır. Amma biz şadlıq sarayları və restoranlarda köhnə yeməklərin necə olduğunu, taleyini görmürük. Ən yaxşı ekspertiza əhalinin ictimai rəyidir. İctimai rəyə görə, şadlıq evlərində təhlükəli qidalar var”.

Hüseynov bildirib ki, restoran və şadlıq saraylarında təqdim olunan keyfiyyətsiz qidalar əhalinin tədricən zəhərlənməsinə gətirib çıxarır: “Bunu bilmək üçün apteklərdə insanların növbədə durmasını görmək kifayət edər. Hippokrat dediyi kimi, “biz nə yeyiriksə, oyuq!”. İnsanlar elə şeylərlə qidalanır ki, gedib aptekdə dərmanlar almaq üçün növbədə durmaq məcburiyyətində qalırlar”.

Onun dediyinə görə, biznes qurumlarına toxunulmazlıq statusu verildikdən sonra, onlar bundan sui-istifadə etməyə başladı: “Restoran və şadlıq saraylarında iş başlayanda dövlət məmurlarının işi bitir. Heç bir dövlət məmurunun ixtiyarı yoxdur ki, işdən sonra gedib restoranda monitorinq keçirsin, ekspertiza aparsın və s.

Restoran və şadlıq evləri əhalinin təhlükəli qida ilə təmin olunduğu yerlərdən biridir. İstehlakçılar çox diqqətli olmalıdır. Restoranların mətbəxləri açıqdırsa, sifariş verən üçün qidanın təzəliyinə, köhnəliyinə baxmaq üçün hər bir şərait yaradılırsa, elə yerlərdə qidalanmaq, tədbir keçirmək olar. Əgər restoran və şadlıq evlərində mətbəxə girməyə icazə vermirlərsə, sifarişçiyə malları göstərmirlərsə, belə yerlərdən uzaq olmaz lazımdır. Azərbaycanda mətbəxlər var ki, qapısı açıqdır, rahat sənin üçün nə hazırladıqlarına gedib baxa bilərsən. Hardakı sənin üzünə mətbəxi qapayırlar, belə yerlərdən istehlakçı üz döndərib getməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə istehlakçının istehlak edəcəyi malların mənşəyi, hər bir şeyi barədə məlumat almaq hüququ var, onu görə, toxuna, qoxulaya bilər. Hansı restoranın zalında monitorlar qoyulub, mətbəxdə nə iş getdiyi görünürsə, belə restoranlara üstünlük vermək lazımdır”.

AİB sədri diqqətə çatdırıb ki, əgər hansısa restoran və ya şadlıq evində kütləvi zəhərlənmə olubsa, o, müvəqqəti bağlanılmalı, onun bütün avadanlıqları diqqətlə yoxlanılmalıdır: “Ola bilsin avadanlıqlarında bakteriyalar, mikroblar var. Hər şey sterilizasiya olmalı, təmizlənməlidir. Bundan sonra onun fəaliyyətinə icazə verilməlidir.

Mən Kanadanın Toronto şəhərində olanda axşam bir restoranda tarakanın göründüyü barədə xəbəri oxumuşdum, səhər həmin hadisənin baş verdiyi restorana gedəndə gördüm ki, restoranın qapısında qıfıl asılıb, restoranda sanitar orqanlar işləyir, təmizlik işləri aparırlar. Xarici ölkələrdə də zəhərlənmə faktları olur. Amma onlar bunun məsuliyyətini istehlakçının üzərinə atmır. Bizdə isə zəhərlənmə baş verdikdə mütləq istehlakçının üstünə yıxırlar ki, istehlakçı evdə nəsə yeyib, qarışdırıb, guya 10 saatdan sonra da insan zəhərlənə bilər. Hələ bu günə kimi mən görməmişəm ki, zəhərlənmədən dünyasını dəyişən insanın ailəsinə və ya əlil olan insana konpensasiya verilsin, məhkəmə işi getsin. Bu vaxta kimi buna nail ola bilməmişik. Çalışmalıyıq ki, bu işdə yüksək şəffaflıq olsun və həqiqət öz yerini tapsın”.
Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir