mektub

Bütün analar internetdə bu məktubları oxuyur – MƏTN

Baxış sayı: 1. 701

İşləyən və işləməyən anaların açıq məktubları

Təxminən üç il əvvəl  “carolynee.net” adlı bloqda iki maraqlı məktub yayımlanmışdı. Bu məktublar sosial şəbəkələrdə olduqca çox paylaşılıb və bəyənilmişdi. “İşləyən ananın işləməyən anaya məktubu” və əksinə yazılmış “İşləməyən ananın işləyən anaya məktubu” bir çox anaların “yaralı yerlərinə toxunmuşdu”. Məktublar bu cür qadınların nə hiss etdiklərini çatdırmağa çalışırdı. “Gencaile.az” həmin iki məktubu oxucularına təqdim edir:

 

Əziz işləməyən ana,

Bəzi adamlar səndən bütün gün evdə nə iş gördüyünü soruşur. Mən bilirəm. Bilirəm, çünki mən də anayam və bir müddət mən də sənin etdiklərini etmişəm.

Maddi qarşılığı olmayan, hətta çox vaxt qarşılığında təşəkkür belə almadığın, səhər sübh vaxtından başlayan və axşam yatanda belə, bitməyən bir iş görürsən. Həftə sonları, tətil, gecə demədən işləyirsən. Bunlar səni xoşbəxt etsə də, yetərsiz olduğunu da bilirəm.

Çayını, qəhvəni nadir hallarda isti içirsən. Diqqətin daima dağılır, hansısa işi bir dəfəyə, fasilə vermədən görə bilməməyin nə qədər çətin olduğunu bilirəm. Gündüzlər yatmayan uşağın yoxdursa, gün boyu sakit bir dəqiqənin olmadığını bilirəm.

Heç kimdən kömək almadan işləyirsən. Ağlamalar, tualet “qəzaları”, yemək üçün yalvarışlar, yeməyi hər yerə yaxmalar, divarların yazılması, qardaş-bacı davaları, istədiyini almamış əl çəkməyən və daima ağlayan uşaqlar… Ucu-bucağı görünməyən iş olduğunu bilirəm: Yemək üçün bazarlıq et, bişir, uşaqlara yedirtməyə çalış, yerə tökülənləri təmizlə, qabları yu və bütün bunları üç saatdan sonra təkrar elə….

Axşam yeməyini rahat yeməyi, yeməkdən sonra bir çayı rahat içməyin xəyalını qurduğunu bilirəm. “Dəyərmi bunlara” deyə daima özünə sual verdiyini, iş yerində “çay fasiləsi” verən yaşıdlarına həsəd apardığını bilirəm. Axşam yoldaşın işdən evə gələndə, əsas sənin dincəlməyə ehtiyacın olan vaxt onun ayaqlarını uzadıb dincəlməyinin səni necə əsəbləşdirdiyini də bilirəm.

Heç kimin köməyi olmadan bütün gün fasiləsiz uşaqla məşğul olmağın çətinliyini bilməyən adamlar sənin necə əziyyət çəkdiyini bilmirlər. Elə bilirlər ki, uşaqlar bütün gün bir kənarda səssizcə oturub oynayır, sən də divanda rahat-rahat oturub çayını içirsən.

Maddi asılılığının olmadığı günlər üçün darıxırsan. Başqa insanların həftə sonunun gəldiyinə sevinməsinin səni necə əsəbləşdirdiyini bilirəm, çünki sənin üçün hər gün eynidir, tətilin, həftə sonun yoxdur. İnsanların səni “işsiz” kimi təqdim etmələri necə də ağırdır, bilirəm.

Əziz işləməyən ana, bunları necə bacardığını bilmirəm. Sonsuz səbrini, hər günə həyəcanla başlamağını və yorğunluqdan əldən düşsən belə, uşaqları güldürməyə, əyləndirməyə çalışmağını alqışlayıram. Qarşılıqsız, mükafatsız, maaşsız işləməyini alqışlayıram. Uşaqlarının özlərini vacib hiss etmələrini və sevgi ilə böyümələrini istədiyini bilirəm və sən, əziz işləməyən ana, bunun ən yaxşı formada öhdəsindən gəlirsən!

Səni anladığımı bilməyini istəyirəm. İkimiz də anayıq. Bilirəm.

Yolun digər tərəfindən sevgilərlə,

İşləyən ana.

 

***

 

Əziz işləyən ana,

İnsanların işləmək üçün uşaqlarını başqalarının yanında qoyub gəldiyinə görə səni mühakimə etdiyini bilirəm. Bəzi insanlar sənin uşaqlarını işləməyən anaların öz uşaqlarını sevdiyi qədər sevmədiyini, uşaq üçün ən yaxşı şeyin evdə anaları ilə böyüməyin olduğunu deyirlər.

Bunu necə deyə bilirlər? Mən sənin uşaqlarını digər hər ana qədər sevdiyini bilirəm. İşə qayıtmağın asan qərar olmadığını bilirəm. Halbuki gəlirlərini, xərclərini uşaq olmamışdan əvvəl ölçüb biçmişdin. Həyatının ən vacib qərarlarından biri idi.

Səni hər yerdə görürəm. Sən – uşaqlarım xəstə olanda onları sağaldan həkimsən. Sən – mənim uşağımın allergiyasını müəyyənləşdirən mütəxəssissən. Sən – ərimin kürək ağrılarını sağaldan fizioterapevtsən. Vergi ödəmələrimizi koordinasiya edən maliyyə müşavirisən. Oğlumun ibtidai sinif müəllimisən. Bağçamızın müdirisən. Qızımın gimnastika müəllimisən. Bizə evimizi satan əmlakçısan. Sən olmasaydın, bu dünya necə olardı? Hələ “ananın yeri evdir” deyənlərə təslim olsaydın?

Hər işin sənə və ailənə uyğun olub-olmadığını yüz dəfə götür-qoy edirsən. İdman etmək, ya da özünə bir azca vaxt ayırmaq üçün hamıdan əvvəl yuxudan qalxdığını bilirəm. Axşam evə gələndə “ikinci növbən” başlayır. Kənardan baxanlar professional işindən əlavə, böyük bir evi də idarə etdiyini anlamırlar. Evə gəlib yemək bişirirsən, uşaqları çimizdirirsən, onlara kitab oxuyursan.  Yerlərinə yatızdırıb “gecəniz xeyrə qalsın” deyirsən. Qaimələri ödəyirsən, mətbəxin alış-verişini edirsən, qab-qacağı, paltarları yuyursan, bütün başqa anaların etdiyi kimi…

Uşaqlarından ayrı qalmağın səni günahkar hiss etdirdiyini, ona görə özünə qalan vaxtdan da fədakarlıq etdiyini bilirəm. Uşaqları bağçaya qoyandan özün üçün icazə almağı özünə çox görürsən, qıymırsan. İşə getməyin elə sənin üçün “icazə” olduğunu düşündüyünü bilirəm. İşdə bir dəqiqəni belə, boş keçirməməyə çalışırsan. Yeməyini stolunda yeyirsən, bəzən çay fasilələrinə çıxmırsan, özünü işinə həsr edirsən. Orada olmağı seçmisən çünki. Orada olmaq istəyirsən.

Uşaqlarına kimin baxacağı barədə çox düşünmüsən, yaxşı xidmət göstərən bir neçə bağça ilə maraqlanmısan. Uşaqlarını həqiqətən seviləcəkləri və yaxşı baxılacaqları mühitə əmanət etmək istəyirsən. Uşaqların xəstə olanda o günün qazancından keçib, onlara baxmaq üçün evdə qaldığını bilirəm. Belə vaxtlarda gizlicə necə xoşbəxt olduğunu, uşaqlarınla vaxt keçirməyin nə qədər böyük həzz verdiyini bilirəm.

Həmişə onlarla ola bilmədiyin üçün özünü günahkar hesab edirsən. Amma, əziz işləyən ana, onu da bilirəm ki, sən uşaqlarına çox yaxşı nümunə olursan. Onlara qadının karyera sahibi olub, evdən kənarda işləyərək cəmiyyətə faydalı ola biləcəyini, eyni zamanda sevgi dolu ana nümunəsini göstərirsən. Qızlarına gələcəkdə hansı peşəni istəsələr, onu seçə biləcəklərini göstərirsən.  Güc, möhkəmlik, dözümlülük simvolu olursan, bunu da böyük sevgi ilə yerinə yetirirsən.

Səni anladığımı bilməyini istəyirəm. Çünki ikimiz də anayıq.

Yolun digər tərəfindən sevgilərlə,

işləməyən ana.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir