intihar

Gizli suisid sindromunun qurbanları kimlərdir?

Baxış sayı: 1. 525

İnsanlar müxtəlif səbəblərə görə intihar edir. Lakin bəzən onların bu cəhdləri alınmır və şəxs gizli suisid sindromundan əziyyət çəkir. Əlamətləri isə təhlükəli hadisələrə meyl edir, həyatına biganə yanaşır, yolu baxmadan keçir, həyatına son qoya biləcək vəziyyətlərdən gizli olaraq məmnun qalır.

Psixoloq Mehriban Mütəllimova bildirir ki, son zamanlar gizli suisid əlamətlərindən əziyyət çəkənlər artmaqdadır: “Hər bir insan həyatında heç olmasa bir dəfə gizli suisid sindromunun əlamətlərini ya özündə, ya da başqasında görür. Gizli suisiddən əziyyət çəkənlər özləri də bilmədən həyatlarını məhv edir, spirtli içkiyə, narkotik maddələrə aludə olurlar. Yaxınlarının yalvarışlarına baxmayaraq, bu şəxslər onları məhv edən zərərli vərdişlərdən əl çəkmirlər”.

M.Mütəllimova deyir ki, amma spirtli içki içmək, narkoman olmaq gizli suisidə xas olan yeganə əlamətlər deyil. Dediyinə görə, çoxu düşünür ki, ancaq bu cür davranış şəxsdə gizli suisidin olduğuna işarə edə bilər. “Gizli suisid zamanı şüurlu və ya şüuraltı olaraq ölüm qorxusu fikirlərinin təsiri altında insan özünü məhv edən və ya özünün səbəbkarı olan davranışarla ölür”.

Psixoloq qeyd edir ki, həqiqi gizli suisidin kökündə ölmək istəyi dayanmır, hədsiz ölüm qorxusu, ölümün qaçılmaz olduğunu dərk edərək yaşamaq şəxsə əzab verdiyi üçün o, ekstremal hadisələrə, fəsadları ağır olan pis vərdişlərə meyl edir: “Belə insanlar qəzaların, bədbəxt hadisələrin, müxtəlif təhlükəli maraqların, oyunların, ekstremal idman növlərinin qurbanları kimi görünür. İntiharın bu növünün əlamətləri də gizli şəkildə keçdiyindən, belə insanlar ölüm qorxusunu, həyəcanlarını yaxınları ilə belə bölüşmür, bu üzdən də əksər hallarda yaxınları onlarda intihar etmək istəyinin olduğundan xəbərsiz qalır. Təəssüf olsun ki, psixoloqlar da bir çox hallarda, pasiyent başqa problemlərdən şikayətləndiyi üçün gizli suisidin əlamətlərinə fikir vermir. Əksər hallarda yalnız qəribə, gözlənilməyən ölümdən sonra fərdin yaşadığı son günlərdə qeyri-adekvat hərəkətlərindən, dediyi cümlələrdəki mənalardan, gündəliyindəki qeydlərdən gizli suisiddən əziyyət çəkdiyi məlum olur. Belə insanlar çox vaxt cavan ölənlərə qibtə edə bilər. Onlar ətrafdakı insanlarla söhbətlərində, yazdıqları şeirlərdə, paylaşım və şərhlərində cavan ölmək istədiyi barədə fikir ötürə bilərlər”.

Həmsöhbətimiz bildirir ki, suisid böyük problemdir. Özünəqəsd hadisəsi qəlbi kövrəldən, qəm-qüssəyə, kədərə səbəbdir. İntihar şəxsin hissi, psixi və ya sosial təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. “İntihar meyli əvvəlcədən planlaşdırılmamış, anlıq bir davranış deyil. Axırıncı addım, kömək üçün eşidilməyən fəryad, şüur yerində olduğu halda bədbəxtlik nəticəsində özünü öldürmək halıdır. Hadisələrin əksəriyyətində intiharın bir plana əsasən və yavaş-yavaş inkişaf edərək zehində uzun vaxt formalaşdıqdan sonra gerçəkləşdiyi görünür”.

İntihar edənlərin çoxu həyatla ölüm arasında qəti bir seçim etməyənlərdir. Həmin anda onları qurtaracaq bəzi insanların var olduğunu bilib, son ana qədər xilas olmağı gözləyirlər. İntihar ipucları bəzən intihar niyyətini göstərən açıq ifadələr, bəzən üstüörtülü eyhamlar, bəzən də davranışında görülən dəyişikliklərlə müşahidə olunur.
Psixoloq əlavə edib ki, yetkinlərdə suisid nisbətləri getdikcə artıb: “Oğlanlarda tamamlanmamış suisid, qızlarda isə suisidə cəhd sıxlığı daha çoxdur. Oğlanlar suisid cəhdlərində daha çox silah, kəsici alətdən istifadə edir, qızlarda dərman içərək suisid cəhdi daha çoxdur. Yeniyetmə qızlarda suisid cəhdinə ilk səbəb sevdiyi ilə əlaqəsinin pozulmasıdır. Öz gücünə uyğun olmayan məqsədlər qoymaq, müvəffəqiyyət qazana bilmədiyində tənqidə məruz qalmaq kimi səbəblər uşaq və gənclərin intiharına gətirib çıxarır.

Oğlanlar stress zamanı spirtli içki içir və təcavüzkar davranışlar kimi göstərərək gərginliklərini azaldırlar. Qızlar isə daha çox suisidi seçirlər”.

Bəs suisidə daha çox nələr səbəb ola bilər? M.Mütəllimovanın dediyinə görə, spirt, ya da narkotik maddələrin həddindən artıq istifadəsi, bir ailə üzvünün və ya çox yaxın birinin itkisi, çox sevdiyi birinin ölməsi və qəbul etməyərək təkrar birləşmək arzusu, böyük sıxıntılar gətirən yaşantılar, zorakılıq, bilinməyən müxtəlif gizli səbəblər intihara səbəb ola bilər. Onun sözlərinə görə, intihar ərəfəsi onlar özlərini dözülməz ağrılar içində hiss edirlər: “Ümidsizlik və çarəsizlik içində olurlar. Ana-ata və ya özü üçün çox əhəmiyyətli olan adam tərəfindən rədd edilmək duyğusunu yaşaması və bu duyğu ilə barışmaması, fərdin həyat çətinlikləri arasında yalnız buraxılması, depressiya və s. intihara gətirib çıxarır”.

Suisidin qarşısını almaq mümkündür: “Susidə meylli bir vəziyyətdə olan şəxsi mühakimə etmədən, açıq və sakit bir şəkildə dinləyin. Müzakirə və öyüd-nəsihət verməkdən uzaq durun. Onu bu hərəkətinə görə utandırmayın”.

Qeyd edək ki, planlaşdırılmış və ya nümayiş xarakteri daşıyan intiharın problemlərdən layiqli çıxış yolu olmadığını dərk edənlər üçün gizli suisid son ola bilər. Belə insanlar həyatdan öz istəyi ilə getməyin açıq yolunu seçmir, suisidə, ölümə aparan qısa yolu seçir. Bu maşını yüksək sürətlə sürmək, təhlükəli işlərə baş qoşmaq,

ekstremal idman növləri, qaynar nöqtələrə könüllü olaraq getmək, pis vərdişlərdən asılılıq və s kimi əlamətlərlə özünü göstərir. Təəssüf olsun ki, yaxınları bu sindromun qurbanlarına etdiklərinin nə qədər təhlükəli olduğunu, canlarına sanki qəsd etdiklərini dəfələrlə desələr də, bir qayda olaraq məhz bu təhlükəyə can atırlar.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir