IT

Gəzən sahibsiz təhlükə…

Baxış sayı: 1. 594

Son zamanlar quduz itlərin insanlara hücum etməsi barədə xeyli xəbərlərə rast gəlirik. Hələlik sonuncu sayılacaq hadisə – Sumqayıt sakini, 5 yaşlı Zeynəb Mikayılzadəninin quduz it dişləməsi nəticəsində dünyasını dəyişməsi ictimaiyyəti daha çox sarsıtdı. Hadisə sosial şəbəkələrdə geniş müzakirə edilir, hamı sahibsiz itlərin küçələri, parkları başına götürməsindən şikayətlənir.

Öncə onu vurğulayaq ki, Sumqayıtda 5 yaşlı Mikayılzadə Zeynəb Elçin qızının it dişləməsi nəticəsində quduzluqdan öldüyü dəqiqləşib. Bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılovanın sözlərinə görə, bu il it dişləmələri nəticəsində insanlarda quduzluğa yoluxma halı və quduzluqdan yalnız bir ölüm faktı qeydə alınıb: “Həmin xəstə həkimə vaxtında çatdırılıb vaksinasiya kursu keçsə də, həyatını xilas etmək mümkün olmayıb”.
Şöbə müdiri buna səbəb kimi dişləmələrin təhlükəli nayihələrdə olmasını göstərir. Dediyinə görə, it uşağın üz və alın nayihəsindən dişlədiyindən, inkubasiya dövrü çox qısa olur və ölüm qaçılmazdır. “Quduzluq zamanı vaksinlərin kömək etmədiyi nadir hallar da olur. Qeydə alınan ölüm faktı buna nümunədir”.
Vətəndaşlara müraciət edən İsmayılova heyvan dişləməsi zamanı elə həmin gün mütləq həkimə getməyin vacibliyini bildirir. Onun sözlərinə görə, əgər gecikmə baş versə, o zaman iynələr kömək etmir. “Yəni, dişləmə faktı zamanı sxem üzrə müalicə təyin olunur və həmin gün iynə vurulmalıdır. Əgər bu sxem pozulursa, insanlar vaxtında həkimə getməyib bundan imtina edərsə, onda heyvan dişləməsi mütləq ölümlə nəticələnir”.

Ümumiyyətlə, bu ilin 6 ayı ərzində ölkədə 6500 insanı müxtəlif heyvanlar dişləyib ki, onlardan 90%-ni it, digər 10%-ni isə digər heyvanlar dişləyib: “Qeydə alınan heyvan dişləmələri nəticəsində insanlarda quduzluq xəstəliyi olmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə heyvan dişləmələrinin sayında artım qeydə alınmayıb”.
Heyvan dişləmələrinin 99%-nin vaksinasiya kursu ilə müalicə olunduğunu deyən R.İsmayılovaya görə, insanlar çox vaxt dərin yaralar olanda həkimə müraciət edirlər: “Lakin insanlar heyvanlar tərəfindən kiçik cızıqlar, yaxud tüpürcəklənmə halı olduqda həkimə müraciət etmirlər. Qorxulu hal da elə budur”,-deyən şöbə müdirinin bildirdiyinə görə, kiçik cızıqlarda belə nəticə ürəkaçan olmaya bilər. “Ona görə də bu halda da mütləq həkimə müraciət edilməlidir. Xüsusilə də qeyd edim ki, quduzlaşmış heyvanın cızması və hər bir hərəkəti təhlükəlidir”.

Yeri gəlmişkən, baş verən hadisədən sonra Sumqayıt şəhərində sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işlərinə başlanılıb. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Rzaqulu Zərəfquliyev “azvision.az”a bildirib ki, hazırda iş davam etdirilir və yaxın zamanlarda yekunlaşacaq: “Həmin itlər ərazidən uzaqlaşdırılır. Şəhərin bir çox sahələrində, xüsusilə 10-cu mikrorayon ərazisində bütün gecə iş aparılıb. 50-yə yaxın sahibsiz it ərazidən çıxarılıb, şəhər zibilxanasının yaxınlığında onlar üçün ayrılan yerə aparılıb. Bunların içərəsində quduz itlər də var ki, onlar baytarlar tərəfindən nəzarətdə saxlanılır. Müəyyən müddət keçəndən sonra həmin itlər ya lazımi yerlərə köçürülür, ya da quduzluq əlaməti olursa, tamamilə zərərsizləşdirilir. Quduz it dişləməsi halları bundan əvvəl də olub, amma ölüm halı birinci dəfə idi ki, baş verirdi”.

Zəfərquliyevın sözlərinə görə, bir çox hallarda müəyyən təşkilatlar onların işinə maneçilik törədirlər. “İtləri küçələrdən yığmağa qoymurlar. Amma mütəmadi olaraq bizim tərəfimizdən davam etdirilir və sığınacaqlara aparılır”.

Bəs sahibsiz küçə heyvanlarının bu qədər artmasına səbəb nədir? Bu heyvanlarla mübarizəni kim və necə həyata keçirməlidir? Bakı Şəhər İcra hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov bildirir ki, xüsusi ərizə və şikayətlər əsasında sahibsiz quduz itlər tapılıb ərazidən götürülür:

“Quduz və ya şübhəli sahibsiz itlərin olması ilə bağlı insanlar, idarələr, müəssisələr bizə yazılı və yaxud telefon vasitəsilə müraciət edirlər. Əməkdaşlarımız həmin ünvana yollanır. Həmin ünvanda akt tərtib olunur. Həqiqətən də işçilərin həmin ünvanda olduğu və iti götürdükləri qeyd olunur. İt götürüldükdən sonra idarəmizin xüsusi sahəsinə gətirilir. Sahəyə baytar həkim dəvət olunur və it yoxlanılır. Əgər itdə quduzluq, insanlar üçün təhlükə daşıyan virus aşkar olunursa, həmin itlər məhv edilir, yandırılır. Digər sağlam itlər vaksinlənir, sterilizasiya edilir, dezinfeksiya edilir və yenidən buraxılır”.

Hüseynov qeyd edib ki, son üç ayda şəhərdə itlərin sayı 50% azalıb: “Biz bu gün bunun üstündə çox işləyirik. İşçilərin sayını da çoxaltmışıq”.

Bakı Şəhər İcra hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov isə bildirir ki, Bakının qəsəbələrində sahibsiz küçə itləri daha çoxdur: “Şəhərdə o qədər sahibsiz küçə itləri var, onları yığışdırmağı çatdırmırıq. Bununla bağlı bizə müraciətlər çox daxil olur. Binə, Hövsan, Suraxanının kənar yerləri, Ələtdə belə itlər daha çoxdur. Elə Yasamalın özündən də bir gündə 80-90 it gətirilir. Bu yaxınlarda Binə qəsəbəsindən bir gündə 40-50 it tutub gətirdik”.

Ə.Əmiraslanov sahibsiz küçə itlərinə qarşı mübarizə ilə bağlı idarənin yeni təklif irəli sürdüyünü də bildirib. Onun sözlərinə görə, əvvəllər itləri güllələməyə icazə vardı, ona görə də sahibsiz itlər az idi. Lakin bu qadağan olandan sonra itləri tutmaq çətinləşib. “İdarəmizin rəisi Sabunçu Polis İdarəsinə və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edib ki, bizə iynə verilsin. Həmin iynə keyidici iynədir və itləri tutmaq üçün ondan istifadə ediləcək. Güllə ilə iynəni itə vuracağıq. İti keyidəcək. İt 10-15 dəqiqəyə ayılır. Bu halda iti tutmaq daha asan olur. Təklifə baxılıb və bu istiqamətdə kömək gözlənilir”.

Əmiraslanov onu da deyib ki, bu ilin sonuna kimi Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək: “Hazırda bu istiqamətdə işlər görülür. İnsanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar” (APA).

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin  dediyinə görə, onların hər il qəbul olunmuş tədbirlər planı var və o tədbirlər planına uyğun qeydiyyatda və sahibi olan itlərdə quduzluq xəstəliyinə qarşı vaksinasiya aparılır: “O cümlədən bu ildə də 7 ay ərzində nəzərdə tutulan tədbirlər yerinə yetirilib. Bu tədbirlər ancaq qeydiyyatda olan və sahibi olan itlərə qarşı aparılır. Hər il mütəmadi olaraq sahibi olan və qeydiyyatda olan itlər peyvənd edilir”.

Y.Xanvəli qeyd edib ki, sahibsiz itlərə qarşı təmsil etdiyi qurum tərəfindən tədbir aparılmır: “Sahibsiz itlər əgər müəyyən sığınacaqlarda saxlanılarlarsa, onlar üçün baytar həkim ayrılır və həkim heyvanların müayinəsini təşkil edir. Əgər sığınacaqlarda saxlanılan sahibsiz itlərin hansındasa quduzluq aşkarlanarsa, onda heyvanlar həmin sığınacaqlardan götürülür, zərərsizləşdirilir. Qalan heyvanlarsa vaksinasiya olunur”.

Həmsöhbətimizin bildirdiyinə görə, əgər it dişləyibsə, yara təmizlənməli və şəxs vaksinasiya olunmalıdır: “Quduz it dişlədikdə dərhal səhiyyə ocaqlarına, yerli icra orqanlarına məlumat veriməlidir. Hansı ərazilərdə quduz heyvanın olması barədə xəbər verilməli və həmin it tapılmalı, müvafiq tədbirlər görülməlidir. Dişləyən heyvanı 10 gün nəzarətdə saxlayırlar. Əgər bu müddət ərzində klinki əlamətlər özünü göstərirsə, yəni it sudan çəkinirsə, işıqdan qorxursa, onda quduzluğun əlamətləri müşahidə olunursa, həmin itin başı kəsilir və laboratoriyaya göndərilir. Laboratoriyada müayinə edildikdə mütləq quduzluq diaqnozu təsdiq olunmalıdır. Bundan sonra da müvafiq qurumlara məlumat verilir ki, filan ərazidə götürülən itdə (çaqqal, canavar və ya iribuynuzlu heyvan da ola bilər) quduzluq aşkar olunub və tələb olunan müvafiq tədbirlər görülsün. Müayinəyə cəlb edilən itlərin təxminən 70-80%-ində quduzluq əlamətləri müəyyən edilir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən təməli qoyulmuş, ən müasir standartlara cavab verən IDEA Heyvanlara Qayğı Mərkəzi isə sahibsiz heyvanları öldürməməyə çağırır.

Adıçəkilən mərkəzin direktoru Surxay Şükürov deyir ki, Mərkəzi sahibsiz heyvanlara pulsuz tibi yardım göstərir və onlara quduzluq əleyihə vaksinlər vurulur: “Bakı və onun ətrafında, Sumqayıt şəhəri də daxil olmaqla bütün bu ərazilərdə sahibsiz itlərin sayı həddən artıqdır. Bunun çıxış yolu isə həmin heyvanların qısırlaşdırılması və sahibləndirilmələridir. Onlar çoxalmasın deyə qısırlaşdırmaq lazımdır. Bizim əsas işimiz bundan ibarətdir ki, mərkəzimizə gətirilən itləri qısırlaşdıraq və onları öz yerlərinə qaytaraq. Onların balalarını isə mərkəzimizə qəbul edirik. Çalışırıq ki, onlara kimsə sahiblənsin”.

Dediyinə görə, mərkəzə gətirilən it-pişiklərin sayı hər gün dəyişir. “Çünki həmin heyvanları mərkəzimizə gətirir və çıxarılırlar. Təqribən 300-a qədər it, 200-ə qədər pişik mərkəzimizə gətirilib. Pişikləri çox vaxt himayəyə verməyə çalışırıq. Bu, tamamilə ödənişsiz başa gəlir. Mərkəzə gətirilən sahibsiz heyvanlara lazımı peyvəndlər vururuq, böyük heyvanları isə qısırlaşdırırıq. Həmin heyvanı tam sağlam vəziyyətdə sahibinə təhvil veririk”.

S.Şükürov qeyd edib ki, Sumqayıtda sahibsiz heyvanların çoxalması ilə bağlı onlara müraciətlər daxil olur: “Quduzluq xəstəliyi çox təhlükəlidir. İcra Hakimiyyəti və Baytarlıq Xidməti quduz iti dərhal nəzarətə götürməli, eftanaziya etməli və yandırılmalıdır. Quduzluq xəstəliyi 100 il qala bilər. Bu xəstəlik yoluxucu və öldürücüdür.

Bəzən insanlar düşünürlər ki, it aqressivdirsə, deməli quduzdur. Bu, əslində doğru yanaşma deyil. Çox vaxt quduzluq xəstəliyi tülkülər vasitəsilə yayılır. Bu xəstəlik nadir hallarda olur. Təəssüf ki, belə hadisələr olan kimi insanlarda bütün heyvanlara qarşı mənfi fikir yaranır. Əlbəttə ki, quduzluğa yoluxmuş heyvan digərlərindən tam fərqlidir. Çünki onun davranışı da digər sağlam heyvanlardan fərqlənir. Quduzluq beyni hədəf seçən xəstəlikdir. Əgər hansısa bir itdə quduzluq halı aşkar edilibsə, bütün heyvanların öldürüləməsi doğru deyil”.

Şükürov əlavə edib ki, istənilən vətəndaş aşkar etdiyi sahibsiz it və pişiyi onların mərkəzinə gətirə bilər:

“Bizim mərkəzə daxil olan bütün sahibsiz itlərə, pişiklərə ödənişsiz olaraq quduzluq peyvəndi vururuq. Bu peyvənd ildə bir dəfə vurulur. Küçə heyvanı bizə gətirildikdə ona bir dəfə quduzluq əleyhinə peyvənd vururuq, bu da həmin heyvanın quduzluğa yoluxmaq riskini azaldır. Biz bütün bu işləri ödənişsiz edirik. Baytarlıq idarəsi bu istiqamətdə bizə kömək edir, müəyyən miqdarda bizə peyvəndlər təqdim edirlər.

Bundan əlavə qeyd edim ki, regionlarda olan tülkülərə qidaların içərində quduzluq əleyhinə vaksinlər verilməlidir. Bununla da quduzluq riskinin qarşısı alınar”.

Mərkəz direktoru vətəndaşlara müraciət edərək bildirir ki, haradasa aqressiv it görən zaman, yaxud onun quduz olması ilə bağlı şübhə varsa, Baytarlıq İdarəsinə müraciət etsinlər: “Bəzən itlərin aqressiv olmasının müxtəlif səbəbləri olur. Bu səbəblər isə çox vaxt insanlarla bağlıdır. İnsanlar aqressiv it görən zaman onu qovmamalıdır. Bu, xüsusən, uşaqlara aiddir. Uşaqlar həmin itlərə daş atmamalıdırlar. İnsanlar küçədə sahibsiz, xəstə heyvan gördükləri zaman IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirsinlər. Biz onları pulsuz müalicə edib, quduzluq əleyhinə vaksin vuracağıq. Həmçinin qısırlaşdıracağıq”.
Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir