Alen Delon

Böyük sevginin faciəvi sonu: Alen Delonun bədbəxt gəlinciyi

Baxış sayı: 1. 453

“Sənə inanmadığım gün mənim son günüm olacaq”. Bu replika “Kristina” filmindəndir. Çəkiliş meydançasında Alen Delon və Romi Şnayderin gözəl, amma faciəli sevgi dramı başlayan filmdən. Romi sona qədər Alenə inanırdı. Hamı onların toyunu gözləyirdi. Amma toy olmadı, sevgi isə düz 6 il uzandı. Gözəl və əzablı sevgi.

 

“Gülümsə”

“Onların tam başqa-başqa taleləri var. Onların sevgisinin xoşbəxt sonluğu üçün ikisini bir yerə toplamaq lazımdı”. Alen Delonu və Romi Şnayderi tanıyanlar belə deyirdi. Doğrudan da aristokrat ailəsində doğulan Romi və kolbasa hazırlayan oğlu olan Alen başqa-başqa adamlar idi.

Rominin anası aktrisa Maqda Şnayder dəqiq bilirdi ki, yeganə qızının xoşbəxtliyi üçün nə lazımdır. Maqda Avstriyada böyük populyarlığa və hörmətə malik idi. Qızlarının 4 yaşı olanda əri ilə ayrılmışdı. Karyerasını riskə atmamaq üçün Maqda belə bir qərar verdi ki, qızını internata qoysun. Daha sonra Romi nənəsinin yanında bir neçə il yaşadı.

Romi ilk filminə 15 yaşında çəkildi. 20 yaşında Romi Şnayder artıq ulduz idi. Avstriya şahzadəsi haqda çəkilən trilogiya ona böyük şöhrət qazandırmışdı. Ona çoxlu sevgi məktubları gəlirdi və hətta Romini Marlin Ditrixə bənzədirdilər.

Anası və atalığı onun karyerasının qayğısına qalırdı. Amma onlar qızın canını boğazına yığırdı. Valideynlərinin onu alman ənənələrinə uyğun görmək istəyi Romini bezdirirdi. O, valideyn himayəsindən qurtulmaq istəyirdi.

“Mən anamı çox sevirdim, amma bir zaman gəldi ki, mən gecələr onu yuxuda görməyə başladım. O, arxamda dayanır və mənə “gülümsə, sənə deyirəm, gülümsə” deyə təkrar edirdi”.

Anası Rominin çəkiləcəyi ssenariləri seçir, qonorar sövdələşməsi edirdi. Məhz qızının taleyini sındıran “Kristina” filminin ssenarisini də qızı üçün o seçmişdi. Romi buna görə ondan incimişdi və hətta ana-bala Parisə gedəndə onlar təyyarədə danışmırdılar.

 

“Aktyor olmaq üçün çox gözəldir”

Parisdə Şnayder üçün əla qəbul təşkil etdilər. Ətraf jurnalistlər, foto kameralarla dolu idi. Və heç kim Romiyə gül dəstəsi uzadan gözəl fransıza diqqət yetirmirdi. Bu, Rominin “Kristina” filmində tərəf müqabili olacaq Alen Delon idi. Cavan olmasına baxmayaraq, Alen qəssablığı öyrənmişdi, əla kolbasa hazırlayırdı. O, həm də Hind-Çin yarımadasında müharibədə də iştirak etmişdi.

Tale bu oğlanı əzizləmirdi. Amma çəkdiyi əziyyətlərin əvəzində yaradan ona gözəllik vermişdi. Cavanlığında o, bunu sona qədər anlamır və bundan heç istifadə də etmirdi. Alen pivəxanada ofisiant işlədiyi vaxt dalaşıb işdən çıxandan sonra ya evinə qayıtmalı, ya da nəyəsə ilişib Parisdə qalmalı idi. Beləcə o, dostlarına qoşulub fotosınaqlara gedir. Amma ona qəribə bir “yox” cavabı verirlər: “Aktyor olmaq üçün çox gözəldir”.

 

Bu uğursuzluqlar onu ruhdan salmır, əksinə bərkidir.

Kann film festivalı zamanı onu görən amerikalı rejissor Aleni Romaya fotosınaqlara göndərir. Sınaqdan uğurlu çıxan Alen Hollivudda işləmək üçün 7 illik müqavilə bağlayır. Amma onun kino karyerası yenə də Fransada başlayır.

 

“Mən iki Romi ilə yaşayırdım”

“Kristina” filmindəki rolunu o, dostluq xatirinə qazanır. Hava limanında tərəf müqabilini görəndə isə fikirləşir ki, pis olmayacaq.

Beləcə, çəkiliş başlayır. Çəkiliş meydanı onlar üçün əsl döyüş meydanına dönür. Romi və Alen bir-birini həzm edə bilmirdi. Mübahisələr, intriqalar. Alen Romiyə qarşı sözün həqiqi mənasında kobud davranırdı. Romi anlaya bilmirdi ki, onu necə öpmək olar. Amma vaxt keçdikcə Romi Alendə avstriyalı pərəstişkarlarında olmayan nəsə tapır.

O, Alendə həyat sevgisi, ehtiras və bunları gizlətmək hərisliyini görə bilir. Romi isə onu qıcıqlandırırdı.

Sevgi ilə nifrətin arasındakı bir addımıq yolu qət etmək üçün ilk cəhdi Romi etdi. “Kristina”nın ikinci hissəsinin çəkilişi vaxtı o, Alenə sevgisini etiraf etdi.

Rominin bu addımı Şnayder ailəsində qalmaqal yaradır. Anası və atalığı ilə sözlərinin çəpləşməsi onunla nəticələnir ki, Romi sevgisinin ardınca Parisə yollanır. Hissləri ona tam hakim kəsilmişdi.

O gündəliyində yazırdı: “Tezliklə fransız olmaq istəyirəm. Hər mənada, geyimimdə, davranışımda, sevgimdə…”.

Amma hər şey bir az başqa cür idi. “Məni Alenin şən, axmaq dostu hesab edirlər”, – deyə o gileylənirdi.

“Məni Avstriya və Almaniya artıq unudub, Fransa isə qəbul etmək istəmir”.

Daha sonra nişan mərasimi baş verdi. Avstriya aristokratiyasına məxsus xanım kasıb bir ailənin oğluna nişanlanırdı. Və bütün sarı mətbuat məsələnin məhz bu yönümünü işıqlandırırdı.

Daha sonra onlar Parisə gəlir. Və burada Alen çəkiliş meydançasındakı səliqəli zabit mundirini səliqəsiz fransız geyiminə dəyişir.

Alenin enerjisi tükənmirdi. O, hər gün karyerasında ona kömək edəcək tanışlıqlar ümidi ilə evdən qaçırdı. Və bu həyat tərzindən gileylənmək istəyən Romiyə deyirdi: “Sevgilim, əgər sən nədənsə narazısansa, istədiyin vaxt gedə bilərsən”.

Alen Romi haqda deyirdi: “Romi mənim heç vaxt qəbul etmədiyim ənənələrə malik təbəqəyə məxsus idi. Amma bunda onun heç bir günahı yoxdur. Sadəcə mən 5 ildə onu 20 yaşadığı mühitdən qopara bilmədim. Mən iki Romi ilə yaşayırdım. Onlardan birini dəlicəsinə sevir, ikincisini isə görməyə gözüm yox idi”.

 

“Mən yaxşı nə varsa, qorumağa çalışıram”

Maqda Şnayder ürək ağrısı ilə qızının sevgi romanını izləyirdi. O, kürəkəni olmayan Alenə nifrətlə baxırdı: “Alen Romi ilə istədiyi kimi rəftar edə bilərdi. O, Romiyə həm fiziki, həm də mənəvi təzyiq göstərirdi. O, öpüşləri və şillələri ilə Romini yenidən tərbiyə etmək istəyirdi. Bu tərbiyədə isə kişiyə hər şeyə icazə verilirdi”.

Romi isə ancaq Aleni sevirdi. O, rəfiqəsi, fransız yazıçısı Fransua Saqana etiraf etmişdi ki, Alen üçün hər şeyindən keçməyə hazırdır, təki onun xanımı olsun.

Amma Alen tələsmir və öz azadlığını məhdudlaşdırmaq istəmirdi.

Günlərin bir günü qalmaqal baş verdi. Qəzetlər Alenin dizi üstündə gözəl bir xanımın oturtduğu yerdə şəklini dərc etdi.

Alen Delon heç bir izahat vermədən məsələni sərt qoydu: “Mən sənə azadlığını qaytarıram, ürəyin səndə qalsın”.

Və o şəkildəki xanımla – Natali Bartelemi ilə evləndi. Çox keçmir ki, onların oğlu dünyaya gəlir – Entoni.

Sonralar Romi gündəliyində yazır: “Alenin xəyanətindən sonra mən alçalmış, darmadağın olmuşdum. Məndən asılı olsaydı, mən heç vaxt onu atmazdım. Mən onu çox sevirdim və hər şeyi bağışlayırdım”.

Beləliklə, Romi və Alen 1963-cü ildə ayrılır. Romi yaşamaq istəmirdi. Axı dünyalar qədər sevdiyi ona xəyanət edirdisə, necə yaşamaq olardı?

 

“Hovuz”

1966-cı ildə Romi teatr rejissoru olan Harri Meyenlə ailə qurur. Onların bir oğlu olur – David. Romi jurnalistlərə bu vəziyyətdə durumunu belə şərh edir: “Mən Davidin dünyaya gəlişindən sonra yaşamağa başlamışam”.

Romi üçün həyat başlayırdı. Amma bu həyatın da kədərli sonu vardı.

Günlərin bir günü Parisdən zəng gəlir. Zəng vuran Delon idi. Natali ilə ayrılan Alen yenidən sevimli olduğunu hiss etmək istəyirdi. O, “Hovuz” filmində tərəf müqabilinin Romi Şnayder olmasını təkid edir. Romi düşünmədən razılaşır və çəkiliş üçün Parisə uçur.

Əvvəl onlar ancaq ssenariyə görə bir-birlərini sevdiklərini göstərdiklərini bildirir. Amma hər şey başqa cür idi. Onlar daha tez-tez görüşməyə başlayır, Rominin nikahı isə çiliklənirdi. Sonda Rominin əri intihar edir.

 

“Mənim adım Romi Şnayderdi və mən 42 yaşlı bədbəxt qadınam”

1975-ci ildə Şnayder öz şəxsi katibinə ərə gedir. Bir qızları olur – Sara. Amma Sara bu nikahı xilas edə bilmir. 1981-ci ildə onlar rəsmən ayrılır.

Romi David və Sara ilə sakitliyə qovuşmaq istəyir. Amma…

1981-ci il 5 iyunda faciə baş verir. 14 yaşlı David dəmiryol yaxınlığındakı dəmir məhəccəri keçmək istəyərkən iti dəmirin üstünə yıxılır və qan itirərək dünyadan köçür. Bu faciə Rominin sonu olur. Onu hər şey əsəbiləşdirir, hətta jurnalistlərin ona “Sisi” deməyi də.

“Bəsdirin, mənim adım Sisi deyil. Mən Romi Şnayderəm, 42 yaşlı bədbəxt qadınam”.

Buna dözə bilməyən aktrisa cəmi 1 il sonra vəfat edir.

Romi Şnayder Paris yaxınlığında Buassi məzarlığında dəfn edilir. Alen Delon Davidin də cənazəsinin anasının yanına köçürülməsinə nail olur.

Dəfndən bir həftə sonra “Pari Matç” qəzetində Alen Delonun belə bir nekroloqu dərc olunur: “Əlvida, mənim gəlinciyim. Mənə deyirlər ki, sən ölmüsən. Mənim bunda günahım varmı? Bəli, sənin ürəyinin dayanmasında mənim günahım var. Mənə görə… Çünki 25 il əvvəl məni “Kristina” filmində sənin tərəf müqabilin elədilər”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir