“Peyvənd Allahın əmrinə qarşı gəlməkdir”. Bir neçə il əvvəl Hollandiyanın radikal dini kəsimin yaşadığı “İncil qurşağı” adı verilən bölgəsində təhlükəli virusun yayılmasının səbəbi məhz dindarların bu fikirləri olmuşdu. Ölkə səhiyyə nazirliyi səviyyəsində bu kəsimə qarşı mübarizə apara bilmirdi.
Bu gün dünyanın bir sıra ölkələrində məhz radikal dindarların bu cür fikirləri uşaqlara peyvənd vurulmasına qarşı ən böyük manelərdəndir. Artıq ölkəmizdə də bu problem müşahidə edilir. Hələ ki, az da olsa, bəzi dindar qruplar uşaqlarını peyvənd etdirməkdən imtina edir. Həkimlər isə peyvənd edilməməyin həm uşağın xəstəlikləri ağır keçirməsinə səbəb olduğunu, həm də digər uşaqlar üçün də təhlükə mənbəyi olduqlarını deyirlər.
5 saylı uşaq poliklikasının baş həkimi Adilə Seyidova saytımıza açıqlamasında peyvənddən imtina edən valideynlərin əsas səbəblərinə toxunub:
“Bir qrup valideyn dövlət poliklinikalarındakı peyvəndlərin Hindistan, Vyetnam istehsalı olduğunu əsas gətirərək, özəllərə müraciət edir. Bəzən mətbuatda peyvənd əleyhinə yalnış təbliğat da fikirlərə təsir edir. Bir qrup ümumiyyətlə, peyvənd vurdurmaqdan imtina edir. Dindarlar arasında da peyvənd vurdurmaqdan imtina edənlər çox olur. Bunlar əsasən, müəyyən bir dindar qruplara qoşulanlardır. Biz onlarla söhbət edərək fikirlərindən daşındırmağa çalışırıq. Onlar isə xəstəliyin Allah tərəfindən gəldiyini, peyvəndin heç bir təsirinin olmadığını deyirlər. Yəni, Allahdan gələn xəstəliyə mane olmağın mümkünsüzlüyünü iddia edirlər. Digər valideynlər danışıqlarımızdan sonra peyvəndə razı olsalar da, həmin dindar qrupları razı salmaq mümkün deyil. İmtina edənlər, sadəcə ərizə yazıb bütün məsuliyyəti öz üzərlərinə götürdüklərini deyirlər. Lakin biz onları heç nəyə məcbur edə bilmərik. Çünki peyvənddə məcburiyyət yoxdur”.
15 saylı uşaq poliklikinasından bildirdilər ki, peyvəndə razı olmayan valideynlər sadəcə istəmədiklərini deyirlər.
“Dəqiq statistika deyə bilməsəm də, valideynlərin 50 faizi uşaqlarına peyvənd vurdurmaq istəmir, vurduran 30 faiz də bizim maarifləndirməmizdən sonra razı olanlardır. İmtina ərizəsində sadəcə “istəmirəm, vurdurmuram” deyə yazırlar. Bununla da məsələ bitir. İstəmirsə, onu məcbur edə bilmərik. Dindarların etiraz etməsi faktı ilə qarşılaşmasaq ki, bu qrup əhalinin narazılıq etməsi barədə məlumatlar eşidirik”.
Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva ölkədə bir sıra peyvəndlə idarə edilən xəstəliklərə yoluxma hallarının yox səviyyəsinə endiyini, lakin etirazların da olduğunu deyib:
“Az da olsa, peyvənddən imtina halları da qeydə alırıq. Bu da əsasən məlumatın az olması, internetdə peyvəndlə bağlı oxuduqları neqativ məlumatlar, peyvənddən sonra bəzi hallarda temperaturun yüksəlməsi ilə bağlı olur. Bəzən isə valideynlər heç özləri də səbəb göstərmədən imtina edirlər. Az da olsa, valideynlərin dini baxışları da peyvənddən imtinaya səbəb olur. Lakin bütün bu hallar uşaqları peyvəndlə əhatəyə təsir etmir.
A.Əliyeva valideynlərin imtina səbəbini göstərməli olsa da, bəzən heç bir səbəbsiz də uşaqlarını peyvənd etdirmək istəmədiklərini vurğulayır.
“Bu mənada, səhiyyə işçilərimizin valideynləri maaifləndirməsinə daha çox ehtiyac var”.
Respublikada uşaqların peyvəndlə əhatə olunmasının 95-97 faiz civarında olduğunu bildirən baş pediatr Nəsib Quliyev imtinanın bunun əhəmiyyətini anlamamaqdan irəli gəldiyini deyir:
“Peyvənddən imtina edən valideyn onun uşaq üçün əhəmiyyətini dərk etmir, ya da məsuliyyətsizdir. Təəssüf ki, bu cür valideynlər arasında tibb işçiləri də var. Hazırda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir. Peyvəndin effekti və əvəzedilməz olması ilə bağlı təbliğat daim aparılmalı, başa düşməyən insanlara izah edilməlidir. Peyvənd yeddinci əsrdən məlumdur, bu vaxta qədər onun alternativi tapılmayıb. Peyvəndi qəbul etməyənlər onun mahiyyətini anlamayanlardır. Bu qərarı verənlər həm də uşaqlarının hüquqlarını pozur. Peyvənd edilməyən uşaqlar həm də başqaları üçün təhlükə hesab edilə bilər”.
Bəzi ölkələrdə dindarların açıq şəkildə peyvəndə qarşı mübarizə apardığını deyən baş pediatr ölkəmizdə bu məsələdə vəziyyətin daha yaxşı olduğunu vurğulayıb:
“Ruminiya, Hollandiya, Polşa kimi ölkələrdə dini sektalar açıq şəkildə peyvəndə qarşı çıxır, maneələr yaradırlar. Onlarla müqayisədə bizdə ciddi problem yoxdur. Fərdi olaraq dindarlar arasında qarşı çıxanlar ola bilər. Həmin qruplara da dinlə tibbin fərqini izah etmək lazımdır. Etiraz edənlər arasında peyvəndin uşaqlarda xəstəlik yaratdığını, bədənini zəhərlədiyini deyənlər var. Hər kəs ağlına uyğun vəsilələr deyir. Təbii ki, onların heç birinin elmi əsası yoxdur”.
Bu cür imtinalara qarşı peyvəndin icbari tətbiqinə gəldikdə, N.Quliyev Uşaqların icbari dispanzerizasiyası ilə bağlı qərarla bu məsələnin həll edildiyini deyir:
“2013-cü ildə qəbul edilən “Uşaqların İcbari dispanserizasiyası haqqında” qanun peyvəndin aparılmasına böyük dəstək oldu. Uşaqların icbari dispanzerizasiyasına uşaqların həm ümumi müayinəsi, həm də peyvəndlər daxildir. Qanunda da uşağın valideyni, qanuni nümayəndəsinin peyvənddən imtinası üçün yazılı izahatın olmasının mütləqliyi qeyd edilib. Bu zaman həmin şəxslər mütləq arqument gətirməlidir. Bu qanun peyvənd etdirməkdən qaçan valideynlərin məsuliyyəti də artırır”.
Qeyd edək ki, bir sıra ölkələrdə məhz peyvəndə qarşı bu hallara son qoymaq üçün onun tətbiqi icbariləşdirilib. “Uşaqların İcbari Dispanzerizasiyası haqqında” qanunun tətbiqindən 4 il keçsə də, bu, peyvənddən yayınma hallarının qarşısını ala bilmir.
Şərqşünas alim Hacı Seyid Camal İslam dininda peyvəndlə bağlı heç bir qadağanın olmadığını deyir:
“İslam dininin prinsiplərinə görə, bu dünyadakı hər şeyi Allah bütün yaradılmışların ən üstünü saydığı insan üçün lütf edib. Qurani-Kərimin hökmləri, yaradılmışların ən üstünü insanın hesab edilməsi fikirlərinə dayanaraq, əqli inkişaf etmiş hər hansı bir din adamı istər peyvənd, istərsə də sağlamlıq üçün lazım olan tibbi göstərişin şirk, bidət olduğunu deyə bilməz. Təəssüf ki, ölkəmizdə nə qədər tolerantlıq hökm sürsə də, bir qrup təkbirçilər öz şüurlarının məhsulunu Allahın buyurduğu hökmlər kimi insanlar arasında yaymaqla məşğuldurlar. Düşünürəm ki, peyvənd insan sağlamlığı üçün zəruridirsə, fəsad axtarmağa ehtiyac yoxdur”.
Son olaraq qeyd edək ki, əgər hər şey Tanrı istədiyi üçün olduğunu düşünənlər, peyvəndin tapılmasının da Tanrının bir istəyi olmasını qəbul etməlidirlər. (Publika.az)