iranli-turist_1504610585

İranlı turistin Azərbaycan sərgüzəştləri: “Arvadımı velosipedə dəyişdim…” (VİDEO)

Baxış sayı: 1. 435

63 yaşlı Həmid Qazi İranın Tehran şəhərindədir. O, 10 ilə yaxındır ki, nəqliyyat vasitəsi kimi yalnız velosipeddən istifadə edir. Velosipedlə İranı, Türkiyəni, Gürcüstanı gəzib. Onun növbəti səfəri Azərbaycanadır. Həmid Qazinin məqsədi dünyanı velosipedlə kəşf etməkdir.

Azvision.az əməkdaşı ilə həmsöhbət olan Həmid Qazi ölkəmizi sevdiyini deyib.

“15 gündür ki, İrandan gəlmişəm. Azərbayacanın şəhərlərini velosipedlə gəzirəm. Bundan öncə Türkiyədə, Kiprdə, Gürcüstanda olmuşam. Məni yaxşı qarşılayırlar. Çətinliyim olan kimi kömək edirlər. Şəhərləri, kəndləri velosipedlə gəzib, xoşuma gələn yerlər haqqında yazılar yazıram. Bu yazıları İrana göndərirəm ki, həmyerlilərim belə yerlərdən xəbərdar olsunlar”.

Həmid Qazi bildirib ki, velosipedlə səyahətə başlamazdan əvvəl 30 il hava limanında təyyarə mühəndisi kimi işləyib.

“30 il hava limanında işləmişəm. Təqaüdə çıxandan sonra qərara gədim ki, siqareti atım və idmanla məşğul olum. Özümü buna məcbur etdim və alındı. Hər gün iki saat idman edirəm. Bədənim sağlamdır. Yollarda yağışla, günəşlə, susuzluqla qarşılaşıram. Ancaq mənə heç nə olmayıb. Çünki bədənimi idmanla bərkitmişəm. Gənclərə də məsləhət görürəm ki, siqareti atıb, idmanla məşğul olsunlar. Mən özümü 63 yaşlı insan kimi hiss etmirəm. Elə bilirəm ki, gəncəm, yenidən doğulmuşam. Çox enerjili və pozitivəm. Xoşbəxt həyat yaşayıram. Həm də yoqa müəllimiyəm. İngilis, türk, fars dillərini bilirəm”.

Həmid Qazi 4 uşaq ataısıdır. Bir oğlu, 3 qızı var. “Oğlum kopmüter mühəndisidir. Qızlarım da ali təhsil alıblar. Biri dizaynerdir. Hazırda çalışırlar. Özləri üçün pul qazanırlar. Velosipedlə ölkələri gəzməyimə övladlarım qarşı çıxmadılar. Həyatımdam razıyam. Səhayət etdiyim ölkələrdə tanımadığım insanlar məni evlərinə dəvət edirlər. Proqramım çox gərgindir. Ürəyim hara gedirsə, ora da gedirəm. Daha çox qədim kəndləri, balaca şəhərləri gəzməyi xoşlayıram. Kiçik şəhərlərə, kəndlərə səyahət etmək mənə rahatdır. Velosipedlə səhayət az pul tələb edir. Gün ərzində 5 manatdan çox xərcləmirəm. Pulum var, amma özüm xərcləmirəm. Bununla insanlara mesaj verim ki, az pulla da səyahət etmək olar. Gecələri çadrlarda yatıram. Dəniz sahilində, meşəlik, ağaclıq olan yerlərdə çadır qururam. Otellərdən 10 gündə bir dəfə yuyunmaq, geyimimi dəyişmək üçün istifadə edirəm”.

İranlı səyyahın dediyinə görə, çıxdığı çətin yolda onun sirdaşı elə özüdür: “Kiprdə çadır quraq istəyirdim. Amma ürəyim dedi ki, problem olacaq, qurma. Doğurdan da sel oldu . Az qala məni sel aparacaqdı”.

Həmid gün ərzində iki dəfə qidalanır. Səhərləri çörəklə əncir, xurma zeytun, axşamları isə sup yeyir: “Velosiped sürən adam çox yeməməlidir. Tox olanda velosiped sürmək çətindir. Günorta yeməyindən imtina etmişəm”.

Həmid Qazi səyahətlərə çıxdığına görə həyat yoldaşından ayrılmalı olub: “Həyat yoldaşım səyahət etməyimi istəmirdi. Qarşıma şərt qoymuşdu ki, ya mən, ya da velosiped? Dedim ki, mən velosipedi seçirəm. 35 illik arvadımı velosipedə dəyişdim”.

Şahanə Rəhimli
 Əhməd Xəlilov, Bəxtiyar Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir