payiz

Yaydan qışa keçid və ya payızı itirməyimizin fəsadları

Baxış sayı: 1. 640

Son günlər hava şəraitində baş verən dəyişikliklər birmənalı qarşılanmayıb. Demək olar ki, hər kəs yaydan birbaşa qışa keçmənin şokunu yaşayır. Xüsusilə sosial şəbəkədə insanların paylaşımlarına əsasən deyə bilərik ki, onlar hələ bu cür kəskin iqlim dəyişikliyinə hazır deyillər. Bu cür hava şəraiti insanların həm fiziki, həm də psixoloji sağlamlığına mənfi təsir edir. İnsanlar demək olar ki, payız fəslini hiss etmədən qışa daxil olurlar. Təbii, belə durum insan sağlamlığı üçün də fəsadlı sayılmalıdır. İnsan orqanizmi tədricən fəsillərə adaptasiya olunmalıdır. Birbaşa isti havadan soyuq iqlimə düşmək isə orqanizmin adaptasiyası üçün vaxt saxlamır. Bu gün qısaqol köynəkdə evdən çıxan şəxs, sabah palto geyinməyə məcbur olur. Bu cür kəskin temperatur dəyişikliyi də müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Əslində, qışdan yaya keçid ərəfəsində də belə hal yaşanır. Sanki yaz fəsli olmur, sərt soyuqları isti havalar əvəz edir. İndi demək olar ki, Azərbaycanda iki fəslin – qış və yayın olduğu iddia olunur. Bəs görəsən belə kəskin iqlim  dəyişikliyinin səbəbləri nədir? Təbiətin xarakterini dəyişməsi insanlara necə təsir edə bilər?

 

Bir çox heyvanlar tələf olacaq 

AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov payız fəsli ilə bağlı heç də ürəkaçan proqnoz vermir: “Havaların bu cür keçməsinin səbəbi iqlim dəyişmələridir. BMT-nin ətraf mühit üzrə 2014-cü il hesabatında göstərilib ki, bir ilin yay fəslində 40 dərəcə isti də görə bilərsiniz, sabahı gün qar da yağa bilər. Bunlar kəskin iqlim dəyişmələridir. İqlim dəyişməsi fövqəladə halların tezləşməsini sürətləndirir”.

Ramiz Məmmədovun sözlərinə görə, gələcəkdə nə payız olacaq, nə də yaz: “Biz bir ildə 4 fəslin olmasına adət etmişik. Gələcəkdə isə nə yaz olacaq, nə də  payız.  Biz bu fəsillərin yoxluğunu hiss etməyəcəyik. İqlim dəyişmələri elə formada baş verəcək ki, payız olmayacaq. Əslində, bir çox ölkələr var ki, onlarda payızın, yazın olmaması problem deyil. Amma bizdə dərhal hiss olunur. Zamanla buna da alışacağıq”.

İnstitut direktoru bildirir ki, payız olmadan qışa keçid bəzi canlı orqanizmlərin tələf olmasına səbəb olacaq: “Neçə ildir ki, Bakıda yaz müşahidə edilmir. Artıq payız da eyni halı yaşayır. Sentyabrın 26-na qədər isti hava müşahidə olundu, dünəndən isə artıq Bakıda qış temperaturudur. Bir məqam var ki, yaydan qışa keçid etmək canlı orqanizmə təsirsiz ötüşməyəcək. Bir çox heyvanlar arasında tələf olma halları çoxalacaq. Bitki örtüyünə də ciddi təsir edəcək. İnsanların da səhhətinə mənfi təsir göstərəcək”.

 

Metroloji silahlardan istifadə edirlər?  

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, ola bilər bu hava şəraiti süni şəkildə yaradılır: “İki nəhəng qasırğa – antisiklon (yüksək təzyiq) və  siklon (aşağı təzyiq) Qafqaz dağları üzərində toqquşub. Bu, daha çox Rusiya ərazisində baş verib. Amma qonşu olduğumuz üçün bizim ölkəyə də təsir edir. Ona görə də, küləyin sürəti artıb, temperatur kəskin fərqlənir. Bu, normal hal deyil. Ola bilər ki, bunu süni şəkildə yaradırlar. Mən deyərdim ki, metroloji silahlardan istifadə edirlər. Rusiyada, Amerikada, Fransada, Kanadada, İngiltərədə də belə silahlar var. Bu silahlardan istifadə etməkdə əsas məqsəd isə əhalinin sayını minimuma endirmək və ərzaq məhsullarını məhv edərək  aclıq yaratmaqdır. Bu dünyada gedən çirkin bir oyundur.  Belə hal məhsul yığımına da mənfi təsir göstərəcək.  Bazarda məhsul bahalaşacaq. Bunu törədənlər isə bütün dünyada ağalıq edən kommersantlardır.  Hər şey onların əllərindədir”.

 

Bədən nizam-intizamını itirir 

Həkim Məlahət Abbasova bildirir ki, insan orqanizmi bu kəskin hava dəyişikliyinə çox çətin adaptasiya olur: “Birdən birə istidən soyuğa keçəndə bədən nizam-intizamını itirir. Bu zaman isə orqanizmdə olan virus və infeksiyalar baş qaldırır. Fikir veribsinizsə, qrip, soyuqdəymə kimi hallar daha çox belə fəsil dəyişikliyi vaxtı olur. Payızın gəlişi ilə əlaqədar xroniki xəstəliklər də fəallaşmağa başlayır. Amma əgər orqanizmin immunitet sistemi yaxşıdırsa, bu zaman xəstəliklərə tutulma olmur.  Bu kimi xəstəliklərə tutulmamaq üçün yay fəslində lazım olan vitamini qəbul etməliyik. Əgər biz yay fəslində yetərincə meyvə tərəvəz yesək, o zaman belə kəskin hava dəyişikliyində bir problem yaranmaz. İndi də gec deyil. Məsləhət görərdim ki, çuğundur, kök, kələm, alma kimi vitaminli meyvələr qəbul etsinlər. Meyvə şirəsi, tərəvəz salatı immunitet sistemini gücləndirməyə kömək edən ən vacib qidalardır. Bundan başqa, göyərti də bu fəsildə ən vitaminli qidadır”.

 

Torpağın münbit qatı yuyulur

İqtisadçı ekspert Qadir Bayramlı deyir ki, sənayedən fərqli olaraq, kənd təsərrüfatı iqlimdən daha çox asılıdır: “Son günlər ölkəmizdə baş verən kəskin hava dəyişikliyi kənd təsərrüfatının əksər sahələrinin işini axsada bilər. Ən böyük zərbə pambıqçılığa dəyə bilər. Çünki pambığın yığım dövrü payıza təsadüf edir. İndiyə qədər isə toplanmış pambığın miqdarı təxminən 40.000 tondur. Yəni məhsulun hələ xeyli hissəsi tarladadır. Əgər intensiv yağan yağışlar bir neçə gün də davam edərsə, düşünürəm ki, pambıqçılıqla bağlı bu il qarşıya qoyulan hədəfə çatmağımız çətin olacaq. Yağışlar güclü küləklərlə müşahidə edilərsə, meyvəçilik sahəsinə mənfi təsir edəcəkdir.  Çünki güclü yağışlar yetişmiş meyvələrin vaxtında yığılmasını çətinləşdirir, həm də güclü külək meyvə itkisinə səbəb olur. Yağışlar şumlama və digər əkin işlərinin zamanında aparılmasına da mane olur. Əkin sahələrində texnikanın hərəkətinə də çətinlik törədir. Yağışların digər mənfi təsiri torpağın münbit qatının yuyulmasıdır.  Amma onu da qeyd edim ki, örüşlərdə ot örtüyünün inkişafına müsbət təsir edir.  Lakin yağışlar belə davam edərsə və məhsul itkisi çox olarsa, məncə, bu bazarda müəyyən dərəcədə qiymət bahalaşmasına səbəb olacaq”.

Müsahibimiz iqlim şəraitinin pisləşməsi ilə əlaqədar fermerlərə dəyən ziyanın ödənilməsinin optimal yolu ilə bağlı da danışdı: “Bu kimi hava şəraitlərində fermerlərə dəyən ziyanı ödəmək, onlara bu işdə dəstək olmaq lazımdır. Bu onların bu işə olan marağını da artırar. Bunu ya sığorta, ya da dövlət dəstəyi ilə etmək olar. Bu bütövlükdə kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir edər”.

 

Turistlərin də sayı azalacaq  

Turizm üzrə ekspert Könül Nuriyeva bildirir ki, hava şəraitinin belə dəyişməsi turizmə birbaşa olaraq təsirini göstərəcək: “Hava şəraiti ölkədə turizm sahəsində fəaliyyət göstərən sahibkarla birlikdə, gələn turistlərə də təsir edir. Turistlərin sayında azalmalar müşahidə oluna bilər. Çünki turistlər ölkə seçimi edərkən oradakı hava şəraitinə xüsusi önəm verirlər. Bu cür hava şəraitini sevməyən əksər turistlər də ölkəmizə gəlməkdən imtina edə bilər. Ümumiyyətlə, payız fəsli  turizm üçün digər fəsillərdən fərqli olaraq durğunluq dövrü kimi xarakterizə olunur. Bu, sahibkarların da gəlirlərinə ciddi şəkildə mənfi təsir edir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir