Menzure Musayeva

Tanınmış müğənni: “Bəzi kişilərin öz xanımları mənə elçi düşüb” – MÜSAHİBƏ

Baxış sayı: 1. 669

“Gencaile.az” “Ailem.az”-a istinadən tanınmış müğənni Mənzurə Musayevanın müsahibəsini təqdim edir.

 

– Mənzurə xanım, eşitdik plastik əməliyyata hazırlaşırsınız. Bu əməliyyatınız da gözəlliklə bağlı olacaq?

– Mən indiyə qədər 10 dəfə plastik əməliyyat olunmuşam. Onlardan səkkizi sağlamlıqla bağlı olub, ikisi isə gözəlliklə. Hər dəfə deyirlər ki, Mənzurə xanım gözəlliklə bağlı əməliyyat olub. Yəni mən 18 yaşından efirdəyəm və arxivim də var. İstəyən orada baxa bilər ki, mən orada necə gözəl olmuşam. Belim incə… Yəni heç vaxt plastik əməliyyata ehtiyacım olmayıb. Sadəcə nəfəs alma problemimlə bağlı burnumu əməliyyat etdirmişəm. Hazırda yenə yaxşı nəfəs ala bilmirəm. Buna görə burnumu yenə əməliyyat etdirməyə hazırlaşıram.

 

– Keçirdiyiniz əməliyyatların sayından aydın olur ki, gözəlliyə də əhəmiyyət verirsiniz. Geyimə də çox pul xərcləyirsinizmi?

– Əvvəllər geyimə, saç düzümünə çox pul xərcləyirdim. İndi isə hansısa modelyerlər, saç ustaları özləri marağındadır ki, bizimlə işləsinlər və reklam olunaraq pul qazansınlar.

 

 Bəs bər-bəzəyə?

– Mən ümumiyyətlə, bijuteriya sevmirəm. Evdə bir-iki dənə bijuteriyam olar, ya da yox. Ancaq qızıl sevirəm. Mən gedib 100-200 manatlıq gümüş almağı da xoşlamıram. Hazırda ən bahalı zinət əşyamın 10 min dollar qiyməti olar. Amma pulları zinət əşyasına yatırmağı xoşlamıram. Pul olanda məsələn, gedib ev alasan.

 

– Bir ara bizneslə məşğul olurdunuz. Hazırda da biznesiniz var?

– Bəli, əvvəllər bizneslə məşğul idim, sonra müflis oldum. Daş karxanam var idi, amma işlədə bilmədik və satdıq. Həmçinin mağazalarım da var idi, onlar da bağlandı. Yenə istəyirəm, biznes qurum, amma indi o pullar yoxdur.

 

– Deyirlər ki, toylara ucuz qiymətə gedirsiniz, bəlkə buna görə pulunuz azdır?

– Şükür Allaha, həmişə toylarımız olur. Elə olur ki, toyda pulsuz da oxuyuram. Görürəm ki, kimsə məni axtarır, istəyir, onun balasının toyunda oxuyum, amma imkanı yoxdur. Bu sevgisinə görə havayı oxuyuram. Mən lap yuxarı məbləğə də toya getmirəm.

 

– Sizə də sponsorluq təklifləri gəlir?

– Əlbəttə, gəlir. Amma 15 yaşımdan toya gedirəm deyə, onların təkliflərini heç vaxt qəbul etməmişəm. Mən özüm də bilmədən də şou-biznesin içində olmuşam. İndi belədir – ata qızının əlindən tutub aparır ki, oxusun. Amma bizim dövrümüzdə ata, qardaş deyirdi, hara gedirsən, bizi biabır etmə, oxumaq nədir? Buna baxmayaraq, Sumqayıtda Soltan Hacıbəyov adına musiqi kollecinə girdim. Artıq səkkizinci sinifdən xınayaxdılara gedirdim. Həm də qarmon ifa edib oxuyurdum. O zaman “Telli” folklor ansamblı yarandı və mən onun tərkibində dünyanın bir çox yerlərinə getdim, gözəl konsertlər verdik. İndiki zamanda heç kimin eləmədiyini mən Sovetin dövründə etdim. Çox gözəl də qarşılanmışam. Bir televiziya kanalımız var idi, orada elə Mənzurə Musayeva tək konsert verirdi.

 

– Bəs necə oldu ki, birdən-birə toy müğənnisinə çevrildiniz?

– Bir dəfə kollecdə müəllimim Səlim Ağayarov dedi ki, qohumumuzun toyudur, gəl, orada oxu. O zaman sırf muğam, xalq mahnıları oxuyurdum. Mən o toya utana-utana getdim. Gördüm toyu rəhmətlik Məmmədbağır Bağırzadə aparır. Mən də elə bir az oxudum, gördüm ki, toy oxumaq necə asandır. Onda da toy mahnıları “Meşəbəyi”, “Muleyli” kimi mahnılar idi. Elə o vaxtdan o çağırdı, bu çağırdı toya, gördüm ki, artıq bütün gün toylardayam. İndi nə qədər pul qoyurlar, efirə çıxırlar, klip çəkdirirlər ki, onu sevib toya çağırsınlar. Sponsorlar da bir yandan çalışırlar. Əslində, indi müğənnilər yox, sponsorlar çoxalıb.

 

– Hazırda həyatınızda kimsə var?

–  Xeyr, təkəm.

 

– Niyə bu cür gözəl xanım təkdir?

– Vallah, nə bilim, yaxşı biri yoxdur. Əslində heç əhəmiyyət də vermirəm ki, kiməsə baxım…

 

– Siz baxmasanız da, yəqin ki, sizə baxanlar var, elə deyilmi?

– Bəli, baxırlar, yazırlar. Gərək bu insanla tanışlıq nəticəsində heç olmasa bir masa arxasında oturasan… Mən əyləşmirəm…

 

– Nədən çəkinirsiniz?

– Bilirsiz, mən evimdə qardaşımın qızını saxlayıram. O, nişanlıdır və inşallah, dekabrda toyunu edəcəm. Məncə, bu yaşdan sonra yaraşmaz, kimlərləsə nə isə əlaqən olsun. Bir dəfə ailə qurursan, axıra qədər də davam etməlisən. Mənim övladım olmadı və ailəm dağıldı. Sonra da yenə alınmadı.

 

– Bundan sonra tək qalmaq istəyirsiniz?

– Əslində, qızı yola saldıqdan sonra tək qalmamaq üçün, yaxşı bir insan olsa, bu barədə bəlkə də fikirləşmək olar.

 

– Bəs indi sizə real evlilik təklifləri gəlir?

– Xeyli sayda evlilik təklifləri gəlir. Hətta bəzi kişilərin öz xanımları mənə elçi düşüb ki, həyat yoldaşları ilə evlənim. Onlar mənə deyir ki, xəstəyəm, ərimlə ailə qur. Belə-belə şeylər başıma gəlib, amma mən həmişə özümdən bu təklifləri uzaqlaşdırmışam. Nə qədər düzgün olar ki, xanım öz yerinə başqasını görmək istəyir?

 

– Ümumiyyətlə, kiminsə həyatında ikinci qadın olarsız?

– Xeyr, kiminsə həyatında ikinci xanım olmaq istəmirəm. Onu deyim ki, mənə olan evlilik təkliflərinin sayına görə rekordu keçərəm. Amma mən vaz keçirəm. Bəlkə də qarşımdakı yaxşı insandır, amma mən nəsə ailə qurmaqdan qorxuram.

 

– Bu qorxular nədən yaranır?

– Bilirsiz, həyatda mənimki gətirmədi, övlad olmadı… Yəni ailəni niyə qurursan? Ailəni qurursan ki, davamlı olsun, övladın dünyaya gəlsin. O olmayacaqsa, niyə ailə qurursan ki?! Elə özün üçün yaşa da həyatda. Mən də qardaşımın qızını saxlamışam, böyütmüşəm, ərə verirəm, inşallah, övladı olar, o da mənə nəvə olar. Məncə, belə yaxşıdır.

 

– Tibbin bu qədər inkişaf etdiyi bir dövrdə müxtəlif yollarla ana olmaq mümkündür. Nə əcəb siz bu imkanlardan istifadə etməmisiniz?

– Əlbəttə, hər kəs istəyər, öz balası olsun. Bizim zamanımızda bu, mümkün deyildi. İstəsəydim, son on ildə nəsə edə bilərdim, amma səhlənkar oldum. Bizim dövrümüzdə yoldaşın olmadığı halda uşaq dünyaya gətirməyi ayıb sayırdım. Amma indiki ağlım olsaydı, bunu ayıb bilməzdim. Yoldaşım olmasa da, 100 faiz uşaq dünyaya gətirərdim. Bu ya sevgilimdən olardı, ya da süni mayalanma ilə olardı. Təki bilərdin ki, öz qanındı, öz canındı, özün dünyaya gətirmisən. Buna görə çox peşmanam. Yəni istəsəydim, edə bilərdim, etməmişəm. Amma artıq bu mümkün deyil.

 

– Uşağın olmama sizdən idi, yoxsa yoldaşınızdan?

– Nə bilim vallah, əvvəl yoldaşımla bağlı idi. O, yenidən ailə qurub, yenə də övladı yoxdur. Sonra mənim də səhhətimdə problemlər yarandı.

 

– Nə yaşında ailə qurmuşdunuz?

– 18 yaşımda. O zaman ailə qurduğum şəxsi sevirdim. İndiki ağlım olsaydı, başa düşərdim ki, sevgi deyilmiş. İnsan yaşa dolduqca sevgini dərk edir. İndi soruşursunuz ki, niyə evlənmirsən. Özümə bab adam tapmıram. Bu, bir az çətin şeydir. Baxırsan ki, biri düz gəlir, biri düz gəlmir.

 

– Bəs Mənzurə xanımın qane olacağı şəxs necə olmalıdır, yaraşıqlımı, mehribanmı, pullumu…?

– Ən birinci önəmli olan xasiyyətdir. Xasiyyəti yaxşı olmalıdır. Bir az da işi-gücü olmalıdır.  Daha demirəm çox pullu olsun, amma normal qazancı, pulu ola gərək. Mənə xarici ölkə vətəndaşları tərəfindən də evlənmə təklifləri var. Amma istəmirəm. Həmçinin yaşca özümdən kiçik, uyğun biri ilə də ailə quraram.

 

– Gələcəyinizlə bağlı fala baxdırırsınız?

– Deyir, fala inanma, faldan da qalma. Desəm ki, getmirəm yalan olar. Marağa gedirəm. Kart açdırmağı çox sevirəm. Karta çox inanıram, düz çıxır.

 

– Hazırda həyatınızda nədən narazısınız?

– Tənbəllik etdiyim illərimi narazılıqla xatırlayıram. Müğənnilikdə tək xalqın sevgisi ilə iş keçmir. Amma xalq mahnıları ilə yanaşı müğənninin öz imzası ilə olan mahnıları da olmalıdır. Buna görə çalışıram yeni mahnılarım olsun. Əsas odur, sənətdəyəm, ayaq üstdəyəm, məni el şənliklərində görmək istəyirlər. Çox sevinirəm ki, tamaşaçı məni sevir. Bu, mənim ən böyük sevgimdir. Deyərdim ki, Allah həyatda mənə hər şey verib, bircə övlad sarıdan yarımamışam…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir