Yeniyetməlik dövrünə qədər bu kəlmənin yalnız və yalnız öz valideynlərimə məxsus olduğunu və ancaq onların işlətdiyini düşünürdüm. Sonralar dostlarımın da, çevrəmdəki həmyaşıdlarımın da öz ailələrində həmin sözlərin təzyiqinə məruz qaldıqlarını gördüm. Ona görə də bu «filankəsin balası” deyiminə „filankəsin balası” sindromu adını versək lap yerinə düşər. Daha sonralar isə valideynlərim bu sindromun tarixi haqqında mənə açıqlama verdilər. Özlərinin də “filankəsin balası” sindromunun təsiri altında altında böyüdüklərini etiraf etdilər.
Belə nəticəyə gəldim ki valideynlərimiz babalarımızdan, babalarımız ulu babalarımızdan, ulu babalarımız azıx babalarımızdan, azıx babalarımız da başıbatmış babalarımızdan bu sözləri eşidə-eşidə gəlmişlər. Bu cəhətdən ancaq Habil ilə Qabilin bəxti gətirmişdi. Çünki, zavvalı Adəm və Həvvanın gözlərinə öz ailələrindən savayı, başqa bir ailə dəymirdi ki, onlar da həmin ailənin övladlarını „filankəsin balası” sözləri altında Habil ilə Qabilə nümuna göstərsinlər.
Bu “filankəsin balası” sindromu müxtəlif ailələrdə özünü müxtəlif cürə biruzə verə bilər. Məsələn, bunlar „camaatın uşağı”, “xalqın balası”, „bəxtəvərin balası” və bu kimi bir neçə sindromlardan ibarət ola bilər.
Bu söz işlənilərkən sənin və sənə misal çəkilən həmin “filankəsin balası” ilə potensial imkanlarınız, perspektivləriniz, qarşınıza çıxan maneələr, qarşınıza qoyduğunuz məqsədlər və hədəflər ayrı — ayrılıqda nəzərə alınmır. Məhz problemin də kökü bu məsələyə dirənir. İstənilən ailədə „filankəsin balası” sindromundan əziyyət çəkən insanlar bu məsələdə məni asanlıqla başa düşəcəkələr.
Bəs bu “filankəsin balası” kimlərdir? Bu „filankəsin balası” siyahısında yaşca səndən kiçik olmasına baxmayaraq Olimpiada oyunlardan qızıl medal gətirən güləşçiləri, Muğam müsabiqələrində zilə qalxaraq ruhu bədəndən vəhşicəsinə ayıran kiçikyaşlı xanəndələri, xarici ölkələrə yalnız gəzməyə, isirahətə və alış – verişə gedən milli futbolçularımızı, öz doğma əmioğlunu, dayıoğlunu, xalanın rəfiqəsinin qapı qonşusunun baldızı oğlunu, atanın iş yoldaşının əsgərlik dostunun kirvəsinin nəvəsini, ananın bibisi qızınınqudasının kənddən şəhərə oxumağa gələn ortancıl oğlunu və hətta bacarıqlı əks cinsin nümayəndələrini də görə bilərsən. Bu siyahını istədiyimiz qədər uzada bilərik.
İndi oğul axtarıram bu qədər sadalanan “filankəslərin balalarından” özləri üçün nümunəvi insan obrazını seçsin və yaxud həmin şəxlərin ayrı-ayrılıqda hərəsinin ən gözəl xüsusiyyətlərini özündə cəmləyərək ideal bir insan kimi formalaşsın. Dərd burasındadır ki, bu „filankəsin balası” sözü elə pafosla, elə həvəslə, elə istəklə işlənilir ki, onlar avtomatik olaraq sənin kumirinə çevrilir. Hətta öz doğma xalaoğlun da, bibin nəvəsi də, hətta dayın qızı da… Təsəvvür eləyirsiniz?
Necə olur ki illərboyu hər kəs bu sindromdan əziyyət çəksə də bir nəfər də olsa bu bəlanın əlacını tapmamışdır?
Heç kimin bu sindroma yoluxmayacağından sığortalanmadığını nəzərə alsaq təsəvvür edirəm mən də günlərin bir günündə özüm də şəxsən bu sindromun qurbanına çevriləcəyəm…
Müəllif: Aziza