Koko Şanel

Dünyanın ən bahalı brendinin sahibi niyə ərə gedə bilmədi?

Baxış sayı: 1. 438

19-cu əsrdə dünyaya gəldi, amma 20-ci əsrə aid idi. Əsmər, sərt görünüşlü bu qadın dövrün qaydalarını əhəmiyyətsiz sayacaq, öz qaydalarını dünyaya qəbul etdirəcək qədər cəsarətli idi. Yaratdığı stillə qadınları formalaşdırdı. “Xoşuma gələnləri dəb etmək üçün deyil, xoşuma gəlməyənləri dəbdən düşürmək üçün bu peşəni seçdim”- söyləməklə və məşuqlarının sayəsində adi satıcılıqdan, kaberedə rəqqas-müğənnilikdən moda dünyasına atılaraq ən bahalı brendlərdən birinin sahibinə çevrildi.

“Gencaile.az” “Publika.az”-a istinadən “əvəzolunmaz olmaq üçün həmişə fərqli olmaq lazımdır” deyən, əsl adı Qabriella Şanel olan Koko Şanelin “Chanel” brendini necə yaratdığından bəhs edir:

 

Sığınacaqda dünyaya gəlir

Qabriella Fransanın Overni şəhərində 19 avqust 1883-cü ildə yoxsullar üçün sığınacaqda dünyaya gəlib. Bəzi mənbələrdə Qabriellanın doğum tarixi kimi 1871-ci il göstərilsə də, rəsmi doğum tarixi 1883-cü il götürülür.

 

Monastr yetimxanası

Qabriella Yevqeni Jannı Devol və Albert Şanelin ikinci qızları idi. Dünyaya göz açarkən valideynləri hələ evli deyillərmiş. Atası bazarda satıcı işləyir, anası isə kənd dülgərinin qızı idi. Qabriellanın 6 yaşı olanda anası vəfat edir. Anasının ölümündən sonra atası onları tərk edir. Nəticədə iki bacısı və Qabriella monastırın yetimxanasına yerləşdirilir. Sığınacaqda böyüyən yetimlər xoş olmayan günlər yaşayırlar. Hansı ki, 87 illik ömür yolunda Qabriella yetimxanadakı günlərini bir dəfə də olsun xatırlamır.

 

Satıcı, kabaredə müğənni

Monastrın tövsiyəsi əsasında 18 yaşında olanda Qabriella geyim mağazasında satıcının köməkçisi işləməyə başlayır. Az keçmir o teatra düşmək, ucalmaq üçün özünü rəqqasə, müğənni kimi sınayır. Lakin ilk cəhdi uğurlu alınmır. Yeganə olaraq tamaşaçılardan məharətlə ifa etdiyi “Ko Ko Ri Ko” və “Qui qua vu Coco” mahnılarının şərəfinə Koko ləqəbini alır.

 

Varlı məşuqların açdığı qapılar

Nəhayət o gün gəlib yetişir. Kabaredə ifası zamanı Koko varlı, istefada olan hərbiçi Etienne Balzana ilə tanış olur. Balzana qıza birlikdə yaşamağı təklif edir. Koko dərhal bununla razılaşır. Yazılanlara inansaq, gələcəyin stilistinin qərarına onu yetimxanaya buraxdıqdan sonra bir daha axtarıb-soruşmayan atasının dilənçi kimi yolda qarşısına çıxması təsir edir. Həmin an Koko Etienneyə dönərək onunla birlikdə yaşamağı qəbul etdiyini söylədiyi deyilir.

Malikanədə dəbdəbəli həyat ilk vaxtlar Qabriellanın xoşuna gəlsə də, o heç cür hərbiçinin məşuqəsi roluna alışa bilmir. Gələcəyin modelyeri “həyatda mənə nə lazımdır?” sualına cavab tapmaq üçün düz 1 il sərf edir. Bir gün Balzana şapkaçı işləmək istədiyini bəyan edir. İdeya hərbiçinin xoşuna gəlmir. Çünki Parisdə kifayət qədər şapkaçı var idi, Kokonun isə bu sahədə təcrübəsi yox idi. Bununla belə sevgilisinin xətrinə dəymir. Lakin son dərəcə sadə dizayn edilən şapkalar bəyənilmir. Həmin ərəfədə Etiennenin dostu ingilis iş adamı Artur Kapelyu peyda olur. Kokonun xəyalları bu tanışlıqdan sonra reallığa çevrilir. Artur Kokodan yaşca kiçik olsa da güclü xarakteri, zəkası ilə biznesdə sözünü deməyi bacarmışdı. Onu da bildirək ki, o, Şanelin ən böyük, bəlkə də tək aşiqi olur. Amma Artur Koko ilə evliliyi heç vaxt düşünmür. Buna rəğmən Kokonu iş qadını kimi ucaldır. 1910-cu ildə Arturun köməyilə Koko Parisdə ilk şlyapa atelye-mağazasını açır.

Şapkaların təqdimatı üçün bal təşkil edir. Balın baş qonağı isə Arturun dostu kraliça Viktoryanın nəvəsi şahzadə Victoria Melita olur. Şahzadə dəvətə Kokonun dizayn etdiyi və heç cür sata bilmədiyi kiçik qırmızı şapkanı taxır. O gündən sonra Kokonun dükanı müştərilərlə dolub daşmağa başlayır.

Üç ildən sonra Koko Arturun maliyyə dəstəyi ilə Dovildə ilk “Şanel Moda evi”ni açır. Butikdə “Chanel” tərzi formalaşdırılmağa başlanılır. Zamanın moda tərzinin xaricinə çıxaraq bir-birindən gözəl geyim və aksessuarlar hazırlanırdı. Geyimləri aktyorlar tərəfindən həm gündəlik həyatda, həm də səhnədə geyilirdi. Amma I Dünya müharibəsi müvəqqəti olaraq onun işlərinə mane olur. Yalnız müharibədən sonra – 1919-cu ildə “Şanel Moda evi” fəaliyyətini bərpa edir. Başladığı bütün işlər uğurla nəticələnir. 1921-ci ildə “Chanel №5” ətirləri meydana çıxır. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları – Jaklin Kennedi, Merlin Monro və başqaları bu ətirdən istifadə edirdi.

 

Qara qısa paltarlar

Hər kəsə Kokonun məşhur qısa, qara paltarlarının necə yaranması maraqlıdır. Əslində həmin geyim yas mərasimi üçün hazırlanmışdı. Belə ki, 1926-cı ildə Artur Kapelyu vəfat edərkən Koko yasa qara, qısa paltarda gəlir. Bu paltar modeli ona müvəffəqiyyət gətirir. Qəşəng və dahicə olan bu geyim tarixə “qara, dar geyim” olaraq keçir.

İllər ötdükcə Şanelin sədası dünyanın hər tərəfinə yayılır. Onu hamı izləyir, maraqlanırdı. Stilistin şöhrəti ilə bərabər var-dövləti də artırdı. Bu arada onun ötən müddətdə məşuqları da dəyişmişdi 1918-1940-cı illəri arasında zamanın ən öndə olan zadəganları həyatına girmişdi. Bu sırada son dərəcə yaraşıqlı amma hər şeyini itirən Rus soylusu Grand Dük Dimitrinin, İngiltərənin zəngin və güclü adamı sayılan Vestminster Dükünün adlarını çəkmək olar. Koko kər iki münasibətindən öz məqsədi üçün kifayət qədər faydalanır.

1939-cu ildə II Dünya müharibəsi başlayır və Şanelin moda evi, butikləri bağlanır. Şanelin adı siyasi qalmaqallarda hallanır. Hətta onu həbs etmək istəyirlər. Belə ki, Kokonun alman zabiti ilə gizli eşq yaşadığı ortaya çıxır. Sərt şəkildə tənqid olunan Şanel üçün təklik illəri başlayır. Bir daha moda evini açmır. İsveçrəyə gedir. Bu səssizlik tam on üç il davam edir. Paris Koko Şaneli unudur.

 

“Dior”u silmək üçün qayıdır

Bu ərəfədə boş qalmış meydanda Kristian Dior kimi gənc stilistlər peyda olur. Moda dünyası Diordan və onun kolleksiyasından – “New Look”dan bəhs edirdi. Şanelin qadınlar üçün yaratdığı rahat və sadə geyimlər yavaş-yavaş aradan çəkilirdi. Bir vaxtlar dəbdə olan darıxdırıcı, rahat olmayan geyimlər yenidən dəbə qayıdırdı. Məhz Parisdən gələn bu xəbərlər Şaneli hərəkətə gətirir. Şanel bu geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi. Ehtimalları onu aldatmır. Yaşlı aslan “Dior”u silməyi beyninə həkk edərək 1954-cü ildə Parisə dönür. 71 yaşında olmasına rəğmən gecə-gündüz işləyir, bəzən bir stəkan su ilə gününü keçirərək yeni modellərini yaradır. Moda evinin parçalarına onun illərdir hərəkətsiz qalan barmaqları dəyir. Sonunda özünün klassik geyimlərini müasirləşdirir.

Düzdür, fransız mətbuatı onu moda dünyası üçün yaşlı dəyərləndirir, ingilis mətbuatı isə daha mərhəmətsiz şəkildə tənqid edir. Amma Şanelin yeni modelləri Amerikada özünü tutur. Fransada isə rahat, qəşəng dəstləri küçələrdə həyat tapır. Şanel qadınlara uzun zəncirli dördbucaq rahat çanta istehsal edir. Beləcə stilist onu tənqid edənlərə cavabını küçələrdə vermiş olur. İkinci dəfə moda dünyasındakı yerini tutur. “Dior”u silə bilməsə də narahat etməyi bacarır .

Ötən əsrin 60-cı illərinin sonlarında, 75 yaşlarında olan Şanel xalqın gözündə xeyli dəbdən düşmüş sayılsa da fərqli gözləmələri olan moda dünyasına “dəb keçər, stil qalar” – deməklə öz damğasını vurur. Müştərilərini artırır.

 

Koko Şanel ərə getmir

Dior, Piere Kardin kimi Koko Şanel də ailə qurmayıb. Diorla, Kardin kimi sevgisini gec tapmayıb. Əksinə Koko Şanel 22 yaşından cəmiyyətin öndə olan iş adamları, tanınmışlarıyla eşq məcaraları yaşayır. İşinə düşkün olan Koko ancaq onlardan istifadə edir, evliliyi düşünmürdü. Hətta Vestminster Dükü ona evlilik təklif edəndə “Dünyada yüzlərlə duşes var. Amma Koko Şanel yeganədir”- deyə cavab vermişdi.

Beləcə Koko özünü işinə verərək təkliyini unudur. 87 yaşında, son illərdə qaldığı Hotel Ritzdəki otağında, bir bazar günündə həyatla vidalaşır.

 

The House of Chanel

Koko Şanelin ölümündən sonra moda evi ağır günlər yaşayır. Brendin yenidən doğuşu 1983-cü ildə baş verir. Hazırda “Chanel” özəl şirkət sayılır. Şirkətin idarəsi Alena Verteymera aiddir. Hazırda şirkət geyim, eynək, kosmetika, parfümeriya, saat, zərgərlik əşyalarının istehsalı ilə məşğuldur. “Chanel”in dünya üzrə 147 butiki var. Brendin illik dövriyyəsi 1,089 milyard dollar təşkil edir.

 

Kokonun məşhur fikirləri:

  • Əvəzolunmaz olmaq üçün həmişə fərqli olmaq lazımdır.
  • Dəb sadəcə geyimin sualı deyil. Dəb havada uçur, külək onu gətirir.
  • Təbiət sizə 20 və ya 30 yaşınızdakı simanızı verir. Lakin 50 yaşınızda sahib olduğunuz sima sizin layiq olduğunuzdur.
  • Dəb keçir, stil qalır.
  • Gənc qadın məndən “Ətirdən harada istifadə etmək lazımdır?” deyə soruşdu. Mən isə “Harada ki, ərinizin sizi öpməyini istəyirsiniz” cavabını verdim.
  • Gözəlliyin qayğısına qalmağa ruhdan başlamaq lazımdır. Əlavə heç bir kosmetik vasitənin köməyi olmayacaq.
  • Pis geyinsəniz sizin geyiminiz hamının yadında qalacaq. Qüsursuz geyinsəniz sizi yadda saxlayacaqlar.
  • Mən anlamıram ki, bir qadın səliqəli geyinmədən necə evdən çıxa bilər?! Bəlkə həmin gün sizin taleyinizdə dönüş nöqtəsi olacaq…
  • Sıxıntı və monotonluq üçün vaxt yoxdur. İş üçün, sevgi üçün vaxt var.
  • Zəriflik gənclərin müstəsna hüququdur.
  • Əgər insan bütün qadınlar haqqında pis danışırsa, deməli, hansısa qadın onu incidib.
  • Bəzi insanlar düşünürlər ki, ləl-cavahirat yoxsulluğu göstərir. Xeyr, bu, ədəbsizliyin göstəricisidir.
  • Dizaynerlər geyimin içindəki qadınları unudublar. Qadınların əksəriyyəti kişilər üçün geyinir və onlara heyran olmağı istəyir. Amma onlar paltarlarını cırmadan hərəkət etməli, maşına əyləşməlidir. Yəni geyim təbii olmalıdır.
  • Deyirlər qadınlar qadınlara göstəri uçün geyinirlər. Bu düzdür. Lakin dünyada kişi qalmadığı halda qadınlar geyinməyi buraxacaqlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir