Psixoloqların fikrincə, insanı heç nə hər tərəfi ağappaq qarla örtülü olan yerdə gəzmək, qarın xırçıltısını eşitmək qədər sakitləşdirə bilməz. Qarın insanı sakitləşdirməsinin əsas səbəbi ağ rəngin saflıq və məsumluq rəmzi olmasıdır. Üstəlik Şaxta babanın, müasir dildə desək, maral qoşqularında dünyanı səyahət edən Santa-Klausun vətənindən söhbət gedirsə, onda qarın müsbət təsirlərinə şübhə yeri qalmır. Siz haqlı olaraq düşünə bilərsiniz ki, Santa-Klaus uşaqları əyləndirmək üçün uydurulmuş bir obrazdır. Amma Finlandiya ərazisində yerləşən Laplandiyanın bənzərsiz mənzərələri, şamanların bayram ritualları sizi nəinki qış nağıllarına inanmağa vadar edəcək, üstəlik Santa-klausa məktub yazıb yollamağa və cavab olaraq ondan hədiyyə gözləməyə məcbur edə bilər.
Bu gün sizi sehrli qış nağıllarını xatırladan Finlandiya və onun ərazisində yerləşən Laplandiya əyalətinə virtual səyahətə dəvət etmişik. Bu dəfə əyninizi qalın edin, çünki çox soyuq olacaq…
Finlandiya minlərlə gölü və adaları olan, yayda günəş çıxmayan, qışda isə qaranlığın hökm sürdüyü maraqlı ölkədir. Finlandiyanın təbiəti öz gözəlliyi, xüsusi ilə də qış mənzərələri ilə valeh edir. Finlandiya dünyada ən təmiz suyu ilə tanınır və eyni fikri havasına da aid etmək olar. Finlər sakit və mehribandır, turistlərin gəlişinə də həmişə şaddır. Ən başlıcası, finlər nadir hallarda boş-boş və gic-gic danışmır, onlar həmişə sözü səmimi və birbaşa üzə deyirlər, fikirlərini dolayı yollarla izah etməyi heç xoşlamırlar. Yeri gəlmişkən, Finlandiya həyat səviyyəsinə görə dünyada ən yüksək olan ölkələr siyahısına daxildir.
Helsinki
2011-ci ildə Finlandiyanın paytaxtı dünyada yaşamaq üçün ən yaxşı şəhər seçilib. Helsinki təkcə yaşamaq üçün ən rahat yer deyil, həm də gözəl şəhərdir. Buna görə də dünyanın hər yerindən minlərlə turistin buraya can atması təəccüblü deyil. Helsinkidə lövhəciklərdə küçələrin adları iki dildə yazılır – fin və İsveç. Çünki ölkənin iki rəsmi dili var.
Temppeliaukio kilsəsi
Temppeliaukio kilsəsi Helsinkinin ən məşhur yerlərindən biridir. O, digər kilsələrə qətiyyən bənzəmir – onun daxili yonulmuş qayaya bənzəyir, işıq isə şüşə günbəz vasitəsilə düşür. Bundan əlavə, kilsə gözəl akustikaya malikdir, ona görə də burada tez-tez müxtəlif konsertlər keçirirlər.
Dizayn paytaxtı
Finlandiya dünyada “Dizayn paytaxtı” tituluna layiq görülmüş üç ölkədən biridir. Ev üçün mebel, geyim, ayaqqabı və digər bütün fin məhsullarının fərqləndirici cəhəti ondadır ki, onlar birinci növbədə tələbatı ödəmək üçün yaradılıb. Bütün tanınmış brendlərin dükanları Helsinkidə Punavuori rayonunda yerləşir. Bu yerə həm də dizayner məhəlləsi deyilir.
Göllər
Finlandiyanı əbəs yerə göllər ölkəsi adlandırmırlar. Əslində, burada 190 minə yaxın göl var. Onlardan ən böyüyü ölkənin cənub-şərqində yerləşən Saymaa gölüdür.
Adalar
Adalar Finlandiyada daha bir diqqətəlayiq məqamdır. Və göllər kimi onlar da burada inanılmaz saydadır. 789 adanın hamısını ziyarət etmək çətin olacaq, odur ki, siz ən gözəlini seçin. Məsələn, Aland adalarını.
Eko turizm
Son illərdə Finlandiyada sivilizasiyadan çox uzaq olan yerlərə ekoloji turizm çox fəal inkişaf edir. Finlandiyada 39 milli parkın və qoruq ərazilərinin olmasını nəzərə alsaq, burada şübhəsiz ki, görməli yerlər çoxdur.
Bəyaz gecələr
İyun ayında Finlandiyanın bütün ərazisində gözəl bəyaz gecələri seyr etmək mümkündür. Bu zaman bir neçə gün ərzində günəş batmır və hər tərəfi boğuq şüaları ilə işıqlandırmağa davam edir.
Porvoo
Porvoo ən köhnə fin şəhərlərindən biridir və burada qədim memarlıq abidələrinin nadir nümunələrinə rast gəlmək olar. Taxta evlər, dar dolanbac küçələr mötəbər Finlandiya atmosferini daha təsirli edir.
Şimal şəfəqi
Bu nadir təbiət hadisəsini Finlandiyanın şimalında, avqust ayından aprel ayına qədər gecədən xeyli keçmiş müşahidə etmək mümkündür. Bəzən o, cəmi 20 saniyə çəkir, bəzən isə bir neçə saat ərzində yox olmur.
Santa-Klausun kəndi
Hamımız yaxşı bilirik ki, Santa-Klausun vətəni Laplandiyadır. Məhz burada, Rovaniemi şəhərinin yaxınlığında qədim Santa-Klaus kəndi yerləşir. Statistikaya görə, bu kənd dünyada ən çox ziyarət olunan turistik yerlərdən biridir.
Laplandiya həqiqətən də qış səyahəti üçün ideal sehrli yerdir. Çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Relyefi, infrastrukturu və xeyli sayda mədəni görməli yerləri bu regionu universal qış kurortu edir. Burada istənilən əyləncə və məşğuliyyət növləri fəal istirahət həvəskarlarının ürəyincə olacaq. Hər halda xizək qış turizminin əsas istiqamətləri sayılır.
Yeni İl və Milad Bayramı ərəfəsində Santa-Klausun vətəninə minlərlə turist axışır və həqiqətən də bayram burada çox fərqli keçirilir. Hər tərəf bayram atributları ilə bəzədilir və hər evdən Yeni il musiqiləri eşidilir. Laplandiyada böyük, dəbdəbəli, beşulduzlu otellər yoxdur. Burada böyük otelləri ikimərtəbəli taxta evciklər əvəz edir. Ən möhtəşəm mehmanxana elə Santa Klaus otelidir.
Yeni İl ayinləri
31 dekabr günü Yeni ili qarşılama mərasimi saat 21.00-dan başlayır. Onların bu mərasim üçün öz qanun-qaydaları var. Dünyanın ən professional şamanları, cadugərləri, falçıları burada yaşayırlar. Saat 22.00-dan sonra küçələrdə şamanlar çox olur. Ümumiyyətlə, şaxta babanın vətəni həm də şamanlar ölkəsi kimi tanınır. İnsanlar hovuzun kənarına qoyulan vedrələrə su töküb, donmasını gözləyir. Alınan fiquru götürüb şamana yaxınlaşırlar. Şamanlar qarşıdan gələn ildə sizi nələrin gözlədiyini deyir. Bu ayin xüsusi ilə turistləri cəlb edir.
Xizək kurortları
Finlandiyada, xüsusilə Laplandiyada çox gözəl dağ-xizək kurortları var. Orada təbiətin gözəllikləri ilə mükəmməl servis əla uzlaşır. Onlar arasından bütün peşəkar dağ xizəkçiləri Levi, Luosto, Saariselkaya, Pello, Vuokattini seçir. Xizək sürməyə başlamazdan əvvəl professional xizəkçilər qonağı sorğu-suala tutur. Əgər xizək sürməyi bacarmırsınızsa, onda sizə böyük məmnuniyyətlə dərs verəcəklər. Küçədə isə əllərdə xizək çubuqlarıyla gedən finlərlə qarşılaşa bilərsiniz. İdmanın “bu növü “Şimal yerişi” adlanır.
Buz oteli
Hər qış Laplandiyanın Kemi şəhərində böyük qar qəsri hazırlanır. Onun daxilində Buz otel və Buz restoranı olur. Şaxta babanın vətənində belə qəribə və nadir otelin tikilməsi heç də təəccüblü deyil. Laplandiyaya səyahət edən hər bir kəsə bu qəsrə baxmaq məsləhətdir.
Ametis mağarası
Turistlərin ən çox sevdiyi məkanlardan biri də Laplandiyanın Luosto əyalətində yerləşən Ametis mağarasıdır. Bu, dünyada ən möhtəşəm və yeganə Ametis şaxtasıdır. Turistlərə bu şaxtadan xatirə qalması üçün kiçik ölçüdə ametis daşı götürməyə icazə verilir. Deyilənə görə, hamamda isti vanna qəbul edərkən ametisi vannanın bir küncünə qoyanda özünü gümrah və sağlam hiss edirsən.
Laplandiya milli parkları
Əyalətinin ərazisində 7 qoruq ərazisi var, hansı ki, burada təbiətin ilkin görünüşü bu günə qədər ilkin mənzərəsini qoruyub saxlanılıb. Bütün milli parklar 1956-ci ildən başlayaraq son 60 ildə açılıb. Onlardan ikisi, “Pallas-Yullyastunturi” və “Pyuxya-Luosto” 20-ci əsrin əvvəlində yaradılmış daha köhnə qoruqlardır. Milli parkların böyük bir hissəsi qütb dairəsi arxasında yerləşir.
Ranua parkında siz Laplandiyanın vəhşi təbiəti ilə tanış olmaq imkanı qazanacaqsınız. Bu parkda siz Laplandiyanın məşhur ağ və qonur ayılarına, vəhşi marallara və şimal heyvanlarına rast gələcəksiz. Ayıları ancaq yatmış halda görmək mümkündür. Ən maraqlısı odur ki, onların balaları dünyaya gəlsə belə, ayılar yalnız aprelin sonunda yuxudan oyanır.
Qış əyləncələri
Xizək və xokkey Laplandiyada yeganə qış əyləncəsi deyil. Yürüşə getmək, konki ilə buz bağlamış göllərə səfər etmək olar. Əgər öz fikirlərinizlə baş-başa qalmaq istəyirsinizsə, onda buzlaqlara balıq tutmağa gedin. Finlandiyada ilboyu balıq ovuna getmək olar. Balıq ovu üçün lisenziya tələb olunmur.
Yeri gəlmişkən meşələrdə gəzmək də qorxulu deyil. Hər şey nağıllardakı, cizgi filmlərindəki kimidir. Heyvanlar insanlardan qorxub qaçmır. Ümumiyyətlə, Laplandiyada insanlar avtomobildən çox maral və it qoşqularından istifadə edirlər. Buna görə də yollarda avtomobili sürətlə idarə etmək qadağandır.
Sağlam qidalanma
Laplandiya əhalisi iki hissəyə bölünür: şəhər və kənd camaatı. Kənd əhalisinin əsas məşğuliyyəti fermaçılıqdır. Həm də meşələrdə giləmeyvələr və digər tərəvəzlər yetişdirilir. Laplandiyada ilin dörd fəslində də təbii tərəvəzlər, meyvələr tapmaq olar. İnsanlar pendiri, kəsmiyi, qatığı və yağı özləri hazırlayır. Mağazalarda saxta və konservləşdirilmiş ərzaqlar satmaq qadağandır.
Dəniz məhsulları
Finlandiyanın coğrafi yerləşməsini, dəniz, çoxlu göl və çayları olmasını nəzərə alaraq, balıq və dəniz məhsullarının fin mətbəxinin əsası inqrediyenti olması təəccüblü deyil.
Laplandiyada isə maral əti yeməmək günah olar. Ən ləzzətli və ən dadlı yeməklər maral ətindən hazırlanır. Şorbalar göbələkdən, maral ətindən və qızıl balıqdan hazırlanır. Ən dadlı yeməkləri kartof püresi və mərsin mürəbbəsi, balla hazırlanan xiyar və ev pendiri, təzəcə kəsilmiş, süddə bişirilən qoyun ətidir. Laplandiyada ən bahalı içki Avstraliyadan gətirilən isti rom hesab edilir. İçkilər çox bahalıdır. Burada meşə giləmeyvələrindən hazırlanan kiselin dadına baxmaq məsləhətdir.
Sauna
Bir halda ki, 5 milyon əhalisi olan Finlandiyada təxminən 2 milyona yaxın sauna varsa, onda cəsarətlə demək olar ki, finlər tərləməyi sevir.
Hava
Qışda bəzən temperatur – 50 ° C-yə qədər enir, günəş bir neçə gün dalbadal çıxmır. Yayda havanın temperaturu + 30 ° C-yə həddə çata bilər, lakin adi yay havasının temperaturu + 10 + 20 ° C-dən yuxarı olmur. Ən isti ay iyul sayılır.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, çox kiçik şimal ölkəsi insanı həqiqətən də heyrətləndirməyə qadirdir. Və qəribə deyil ki, Finlandiyaya gələn heç kim geri dönmək istəmir.
Maraqlı faktlar
Hər il Finlandiyada mobil telefonların atılması yarışı keçirilir
Fin şəhərinin küçələrində siz dovşanla rastlaşa bilərsiniz.
Finlər – utancaq və qapalı insanlardır. Amma onları tanımağa dəyər.
Finlandiyada qadınlara silahlı qüvvələrdə xidmət keçməyə icazə verilib.
Burada eynicinsiyyətli nikahlara icazə verilib.
Fin ailələri restoranlarda qidalanmağı o qədər də sevmir.
Çox dadlı və keyfiyyətli süd və süd məhsulları istehsal edirlər.
Statistikaya görə, finlər dünyada ən çox qəhvə içən millətdir.
“Newsweek” jurnalının “Dünyanın ən yaxşı ölkələri” reytinqində Finlandiya 1-ci yeri tutub.
Finlandiyada uşaq dünyada gələndə, dövlət anaya hədiyyə göndərir.