sosial sebekeler

Hansı sosial şəbəkə, hansı məqsəd üçün daha faydalıdır?

Baxış sayı: 1. 319
Fikir veribsinizsə, bir qrup insan oturub söhbət edərkən belə, fikri telefonda, əsasən isə sosial şəbəkədə olur. Sosial şəbəkələr əslində günümüzün tələbidir və bundan qaçmaq da olmur, amma baxır necə istifadə edirsən. Hər bir işdə olduğu kimi, bunun da mənfi və müsbət tərəfləri var. Doğru istifadə etdikdə, faydası çoxdur, əks halda, sadəcə, vaxt itkisidir… Maraqlıdır, sosial şəbəkələri təyinatına uyğun olaraq necə istifadə etməliyik?
Bu mövzunun incəliklərini PR və kommunikasiya mütəxəssisi Azər Nəzərov bizimlə bölüşdü. Bildirdi ki, sosial şəbəkələr populyarlaşmağa başladıqdan sonra internetin özündə olan öncəki kommunikasiya alətlərini kölgədə qoydu: “İnsanlar əvvəllər “Hotmail mesencer” xidmətindən istifadə edirdilərsə, indi o şəbəkə yalnız uzaq xatirədir. Eyni zamanda, “Skype”dan daha geniş istifadə olunurdusa, hazırda o da öz yerini itirməkdədir. Özündən əvvəlki internet kommunikasiya alətlərini üstələyən və qabaqlayan sosial şəbəkələrə isə “Facebook”, “Tvitter”, “Instagram”ı misal göstərmək olar. Məhz “Facebook” özündə mətn, foto, video materialların paylaşılması ilə yanaşı, audio zəng, video zəng, canlı yayım kimi bir çox yeni funksiyaları da cəmləyib.
Texniki olaraq isə sosial şəbəkələr iki tipə bölünür: horizontal və vertikal olanlar. Horizontal olan sosial şəbəkələrdə insanlar xüsusi ortaq maraq dairəsi olmadan toplaşırlar, ünsiyyət qururlar, tanış olurlar. Məsələn, “Facebook”da bir-birindən fərqli maraq dairələri olan insanlar dostlaşa bilir. Vertikal sosial şəbəkələrdə isə ierarxiya mövcuddur. İnsanların ortaq maraq dairəsi olur və öz maraq dairələrinə uyğun olaraq ünsiyyətə başlayırlar. Məsələn, “Linkedin”də bir PR mütəxəssisi öz həmkarları ilə əlaqə qurur, çünki onların ortaq marağı var. Sosial şəbəkələrdə kommunikasiya barədə danışdıqda isə 2 növə bölməliyik: birinci fiziki, individual şəxslərin kommunikasiyası, ikinci isə korporativ kommunikasiya. Bu sosial şəbəkələrin demək olar ki, hər birini, hər iki məqsəd üçün də istifadə etmək olur”.
A.Nəzərov deyir ki, hazırda sosial şəbəkələr bazara uyğunlaşmaq üçün biri digərində gördüyü yeniliyi özündə tətbiq etməyə çalışır: “Bildiyiniz kimi “Instagram” şəbəkəsi daha çox fotolar və qısa videoların paylaşılması üçün faydalıdır. Kifayət qədər biznes qurumları, aktyorlar, təşkilatlar da görürük ki, bu imkanlardan istifadə edərək, video və fotolarla uğurlu satış həyata keçirir, məşhurlaşır və ya ictimaiyyətlə əlaqənin qurulmasına nail olur. Azərbaycanda “Tvitter” “Instagram” və “Facebook” sosial şəbəkələrindən istifadəçi sayına görə geri qalmış olsa da, maksimum 140 işarədən ibarət olan paylaşımlarla xəbərin çatdırılması, qısa məlumatların və fikirlərin lakonik, sürətli ötürülməsində əvəzsizdir. Burada məxsusi yer “Facebook”undur ki, Azərbaycanda kifayət qədər populyardır. Geniş istifadə olunma imkanlarını özündə cəmləyir”.
A.Nəzərov bildirdi ki, sosial şəbəkələrdə həm ünsiyyət, həm də  maariflənmək üçün imkanlar varsa, bunlardan istifadə etmək lazımdır: “Facebook”un özündə kifayət qədər səhifələr vardır ki, həmin səhifələrin məqsədi maarifləndirici materiallar yayımlamaqdır. Biz eyni zamanda sosial şəbəkələrdə dil öyrənmək üçün səhifələr, yemək səhifələri görürük. Ünsiyyətə gəlincə, bunun hansı formada olmasının fərqi yoxdur, əylənmək və ya yeni dostlar tapmaq üçün ola bilər. 3-4 il öncə daha böyük qisim istifadəçilərin məqsədi yeni tanışlıqların qurulması və əyləncə xarakterli idisə, indi artıq bu, özünü daha çox maariflənmə, maarifləndirmə və ictimaiyyətlə əlaqələr, marketinq işinin qurulmasına gətirib çıxarıb. Bunun əsas səbəblərindən birincisi sosial şəbəkələrin geniş kütlə arasında populyarlaşmasıdır.
Burada çoxlu istifadəçilərin yığışması biznes qurumları və marketinq işini qurmaq istəyənlər üçün imkana çevrilir. Hər kəs oradadır və onlara əlçatanlıq, onlarla ünsiyyət artıq asandır. İkinci imkan isə sosial şəbəkələrin özlərinin bu yeniliyi başa düşmələri və yeni texniki həlləri tətbiq etmələridir. Misal üçün, “İnstagram” üzərindən əvvəllər yalnızca 15 saniyəlik video yayımlamaq mümkün idisə, bu imkan artıq 1 dəqiqə olub, hətta artıq canlı yayım etmə imkanı da əlavə olunub. Bu yeniliklər təbii ki, digər bir neçə  sosial şəbəkələrdə də tətbiq olunub”.
Müsahibimiz sosial şəbəkələrin ictimaiyyətlə əlaqələr işini qurmaq istəyən hər hansı şirkət, kurs, təşkilat üçün də faydalı olduğunu qeyd etdi: “Facebook” tez-tez tətbiqlərində dəyişiklik edir. Bu dəyişikliklərin tətbiqi hər nə qədər marketinq addımı olsa da, eyni zamanda, istifadəçilərin yeni kommunikasiya imkanlarından faydalanmasına gətirib çıxarır. Misal üçün, artıq bir restorana gedəndə, insanların bu restoran haqqında fikirlərini kimdənsə soruşmaqdansa, sosial şəbəkələrdə həmin məkan  haqqında qiymətləndirmə, rəylərlə tanış olmaqla kifayətlənirlər. Buna görə də xidmət sektorunda çalışanlar səy göstərirlər ki, sosial şəbəkələrdə imicləri yüksək səviyyədə olsun və imiclərini qorusunlar. Elə ona görə də, bu gün peşəkar sosial media menecerlərinə tələbat var. Biz hər gün hansısa şirkətin sosial media meneceri axtardığını görürük. Bu o deməkdir ki, qurumlar sosial şəbəkələrin kommunikativ təyinatını dərk edir və öz işlərində birbaşa tətbiq edirlər”.
Günel Azadə



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir