Eynəkli uşaqların sayının çoxalmasını hər birimiz görürük. Əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemi indi lap azyaşlı uşaqlarda və dəfələrlə çox görürük. Bu, tək hər kəsin müşahidəsi ilə yekunlaşmır, statistik rəqəmlərdə də problem əks olunub. 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikaya baxanda, son 10 ildə iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10 000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən çox olub.
Fikir versək görərik ki, bir çox hallarda uşaqlar uzağı görmə problemi yaşayırlar. Ancaq yaxını görürlər ki, tibdə bu, miopiya adlanır. Bəs miopiyanın ildən-ilə artmasının səbəbi nədir? Eynəkli uşaqlarımızın sayı niyə çoxalır?
“Məktəbdə uşaqları 2 dəfə, hər dəfə yarım saatlığına çölə çıxarıblar”
Qeyd edək ki, bu günlərdə Kanadada yaşayan azərbaycanlı Famil Qarayev bununla bağlı bir paylaşım etmişdi və məktəblərdə tətbiq olunan üsuldan danışmışdı: “Bu gün Kalqaridə təxminən mənfi 15 dərəcə şaxta var idi və buna baxmayaraq, qızımgilin məktəbində uşaqları 2 dəfə hər dəfə yarım saatlığına çölə çıxarıblar. Əvvəllər bunu eşidəndə məktəbi qınayırdım, belə şaxtada da uşaqları çölə çıxarmaq olmaz deyə düşünürdüm. Artıq məktəbin doğru etdiyini düşünürəm”.
F.Qarayev bu metodun xeyirli olmasını əks etdirən Amerika mətbuatında çap olunan bir yazını da paylaşıb. Həmin məlumatda qeyd olunur ki, dünyada məktəbdə verilən ev tapşırığına görə Sinqapur birincilərdəndir. Bunun da nəticələrindən biri odur ki, məktəbdən məzun olan şagirdlərin 80-90% miopiya, yəni uzağı zəif görmə problemindən əziyyət çəkir. Çin, Koreya, Yaponiya və dünyanın bir çox ölkələrində eyni problem epidemiya halında yaşanır. Tədqiqatlar göstərir ki, belə davam etsə, 2050-ci ildə dünya əhalisinin yarısı eynək taxma məcburiyyətində qalacaq. Tədqiqatçılar əvvəllər əsas səbəbi uşaqların kompüter, telefon ekranına çox baxmaqlarında görürdülər. Ən son tədqiqatların nəticə isə onu göstərir ki, əsas səbəb uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. Bunun da nəticəsində göz lazımi qida və vitamini almamış olur. Misal üçün, buludlu havada insan gözü açıq havadakı işiqdan evdəki süni işıqla müqayisədə 30 dəfə daha çox lazımi qida və vitamin alır. Açıq günlü havada isə bu fərq 300 dəfəyə çatır.
“Yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur”
Oftalmoloq-cərrah Günay Əliyeva bildirir ki, problemin artması kimi, səbəbləri də göz önündədir: “Məktəbdən danışsaq, dərs rejimi düzgün deyil, ağırdır. Uşaqlar səhərdən axşama qədər yaxın məsafəyə baxırlar. Yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına gətirib çıxarır. Göz yaxını yaxşı görməyə başlayır, uzağı görmə mənfiləşir. Üstəlik, uşaq bütün gün dərsdə olur, evə gəlib yeməyini yeyən kimi, “get dərslərini hazırla” deyirlər. Bu kimi yüklənmə ilə yanaşı, uşaqda mənfiliyə bir az genetik meyillilik də varsa, mənfiləşməyə, spazmın proqressivləşməsinə gətirib çıxarır. Həqiqətən də yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur. Çünki onlar bütün gün yaxına baxırlar. Eyni zamanda uşaqlar dərsdən sonra televizora bəzən çox baxırlar, kompüter, telefonlarla da vaxt keçirirlər. Bunlar da göz əzələləri üçün əlavə stressdir. Ona görə də inanılmaz dərəcədə mənfiləşmə gedir”.
“Bir az külək əsən kimi uşağı açıq havadan gizlədirik”
G.Əliyeva deyir ki, profilaktik olaraq əsas məsələ gözün gigiyenasına diqqət etməkdir. Bu isə kompeks bir işdir. İdman, təmiz havada olmaq, qamətin düz saxlanması, işıqlandırmaya diqqət olunması və s: “Görmə ölçülərinin artmaması üçün biz profilaktik olaraq gigiyenik qoruma işləri görməliyik. Uşağın dərsdən gələndən sonra iki saat açıq havada olmasına şərait yaratmaq lazımdır. Uzağa baxsınlar, evdə yaxına baxmaq olmaz. Bu, göz əzələlərinin spazmını aradan qaldırmaq üçündür. İkincisi, qidalanmaya fikir verməliyik. Tərkibində müxtəlif fermentlər olan qidalanma olmalıdır. Hər bir maddənin qida rasionumuzda olmasına çalışmalıyıq. Həftədə iki dəfə uşaq balıq yeməli, meyvə-tərəvəzlərdən istifadə olunmalıdır. Kahı və ispanaq kimi tərəvəzlər, balığın özü ilə yanaşı, yağı da faydalıdır. İdman mütləqdir və əvəzedilməzdir. Uşaqların həyətə çıxarılması çox yaxşıdır. Təmiz hava, oksigen əzələlərin qidalanmasına gətirib çıxarır, uzağa baxma əzələ spazmını aradan götürür. Gözündə zəiflik olan uşaqları bəzən idmandan uzaq tuturlar. Amma “eynək taxırsa, idmandan uzaq olmalıdır” – deyə bir şey yoxdur. Biz yağış yox, bir az külək əsən kimi uşağı açıq havadan gizlədirik. Mən iki gündür Amerikadan konfransdan gəlmişəm. Orda da miopiya problemi var, müasir texnologiyalardan istifadə edirlər, amma yükləmə yoxdur, uşaqlar təmiz havada çox vaxt keçirirlər, balaca uşaqlar soyuq havada çöldə olurlar. Evdə uşaqların dərs hazırladıqları yerdə stolüstü lapmalar olmalı, uşağın qaməti düz tutmasına fikir vermək lazımdır. Biz hamımız – oftalmoloq, məktəb və valideyn bir yerdə çalışmalıyıq ki, mənfiləşmə 0,5-0,75 faizdən çox olmasın. Əgər bunları etməsək, mənfilik sürətlə artacaq və qalın eynək taxmaq məcburiyyətində qalacaqlar”.
G.Əliyeva dedi ki, görmə problemi olmadığı halda belə, gözün yaxın və uzağa baxması balansını qorumaq lazımdır: “Uzağa və yaxına, yuxarı və aşağı, sağa-sola baxanda əzələlər idman edir, yığılır-boşalır. Belə bir anlayış var ki, yaxına 3 dəqiqə baxırıqsa, 2 dəqiqə uzağa baxmalıyıq”.
“Kitabın, dəftərin hansı məsafədə saxlanmasına fikir veririk”
İbtidai sinif müəllimi Solmaz Abdullayeva bizimlə söhbətində bildirdi ki, uşağın ailə ilə yanaşı, məktəbdə də sağlamlığı diqqət mərkəzində olmalıdır. Bunun üçün o öz təcrübəsində müəyyən üsullardan istifadə edir: “Məktəbdə tənəffüslərdə uşaqlar açıq havaya çıxırlar, böyük tənəffüsdə vaxt bir az çox olur. Mən dərsdə uşaqları qaldırıb 5 dəqiqə arada idman etdirirəm ki, hərəkətsiz qalmasınlar, eyni zamanda bildiyim qədərilə, göz məşqlərinin də faydası var. Görmə problemi olan uşaqların dərsdə hansı partada oturması məsələsinə diqqət edirik. Əgər uzağı yaxşı görmürsə, birinci sırada, çəpliyi varsa, orta yerlərdə oturduruq. Amma bizim məktəblərdə uşaqların dərsarası açıq havaya çıxarılması ilə bağlı hər hansı qayda yoxdur. Olsa, təbii ki, bunu tətbiq edərik. Amma onu deyim ki, indi məktəb otaqlarına gün işığı düşür, normal sinif otaqlarımız var”.
S.Abdullayevanın sözlərinə görə, müəllim kimi uşaqların görmə probleminin olmaması məsələsinə özü diqqət edir, valideynlərə tövsiyələrini verir: “Məsələn, kitabın, dəftərin hansı məsafədə zaxlanmasına fikir veririk. Eyni zamanda valideynlərə tapşırırıq ki, yolda, avtobusda gedərkən uşaqlarına kitab oxumağa icazə verməsinlər, telefondan, kompüterdən maksimum dərəcədə uzaq tutsunlar. Ümumiyyətlə, ibtidai sinifdə oxuyan uşaqlara kompüter, telefondan istifadəyə icazə verilmir”.
Müəllim onu da bildirdi ki, bir çox hallarda onlar uşaqlarda görmə problemini valideyndən əvvəl hiss edirlər: “Görürük ki, uşaq yazı yazanda dəftərə çox yaxın baxır, kitab oxuyanda gözünə ən yaxın məsafədən tutur, gözlərini qıyır. Bu zaman biz valideynlərə deyirik və onlar həkimə aparırlar. Valideynlər bəzən bir az laqeyd yanaşırlar, uşaqların məktəbə qəbulunda tələb olunan sağlamlıq haqqında arayışı uşağın sağlamlığını yoxlatdırmadan, saxta üsulla alıb gətririrlər, amma bilmirlər ki, bununla uşaqlarına ziyan verirlər”. (Kaspi.az)