Nermin Eliyeva

Uşaqlıq travmalarının beyin inkişafına uzunmüddətli təsiri

Baxış sayı: 648

Uşaqlıq dövrü insan beyninin ən sürətli və ən həssas inkişaf mərhələsidir. Bu dövrdə yaşanan travmatik təcrübələr – fiziki, emosional və ya psixoloji zorakılıq, laqeydlik, valideyn itkisi, ailə içi konfliktlər – beynin strukturuna, funksiyasına və stressə reaksiyasına dərin təsir göstərə bilir. Son illər aparılan neyrobioloji araşdırmalar sübut edir ki, travmanın izləri təkcə psixoloji deyil, həm də neyrofizioloji səviyyədə qalıcı dəyişiklik yaradır. Bu məqalədə uşaqlıq travmasının beyin inkişafına uzunmüddətli təsiri, stress hormonlarının yaddaş sistemi ilə əlaqəsi və yetkinlikdə ortaya çıxan emosional reaksiya modelləri elmi əsaslarla izah olunur.

Uşaqlıq travması şiddətli və davamlı stres yaratdığı üçün beynin müxtəlif strukturlarında dəyişikliklər baş verir. Ən çox təsirlənən sahələr bunlardır:

Travmanın neyrobioloji nəticələri

1) Amygdala – Qorxu mərkəzi

Amygdala beynin içində yerləşən kiçik, badam formasında bir strukturdur və əsas funksiyası təhlükəni hiss etmək və qorxu reaksiyasını aktivləşdirməkdir. Uşaqlıq dövründə tez-tez stress, qorxu, zorakılıq, qışqırıq və emosional təhdid yaşayan uşaqların amygdalası həddindən artıq aktiv işləməyə öyrəşir. Bu da beynin təhlükəni hətta real olmayan situasiyalarda belə “böyük risk” kimi qəbul etməsinə səbəb olur. Nəticədə insan yetkinlikdə adi bir səs, tənqid, mübahisə və ya hər hansı narahat vəziyyət qarşısında həddindən artıq reaksiyalar verə bilər.

Beləliklə, amygdala travmadan sonra təhlükəni daha tez hiss edir, emosional həssaslıq artır, insan tez qorxur, tez narahat olur və tez gərginləşir. Bu proses şüurdan kənarda baş verdiyi üçün insan çox vaxt niyə bu qədər güclü reaksiyalar verdiyini özü də izah edə bilmir.

2) Hippokamp – Yaddaş və öyrənmə mərkəzi

Hippokamp beynin yaddaş və öyrənmə ilə məşğul olan əsas hissələrindən biridir. Bu struktur yeni məlumatların yadda saxlanmasına, keçmiş hadisələrin ardıcıllıqla xatırlanmasına və təcrübələrdən nəticə çıxarmağımıza kömək edir. Yəni öyrəndiyimiz hər yeni bilginin uzunmüddətli yaddaşa keçməsi hippokampın düzgün işləməsi ilə bağlıdır.

Uşaqlıq travmaları zamanı bədəndə stress hormonları uzun müddət yüksək olur. Bu hormonlar hippokampı zəiflədir və onun ölçüsünü kiçildə bilər. Bunun nəticəsində insan yaddaş problemləri yaşaya bilər, hadisələri qarışıq və ya natamam xatırlaya bilər, yeni məlumat öyrənməkdə çətinlik çəkə bilər.

Travma yaddaşın işləmə formasını da dəyişir. Normal vəziyyətdə xatirələr ardıcıllıqla və aydın saxlanılır, lakin travma zamanı beynin müdafiə mexanizmi aktivləşdiyi üçün xatirələr parçalanmış və hissə-hissə saxlanıla bilər. Buna görə travmatik təcrübələr bəzən çox aydın, bəzən isə tamamilə qaranlıq şəkildə yadda qalır.

3) Prefrontal Koreks – Qərarvermə və emosional tənzimləmə

Qərarvermə və emosional tənzimləmə beynin ön hissəsində yerləşən prefrontal korteks tərəfindən idarə olunan iki əsas psixoloji funksiyadır. Bu sahə düşünmək, vəziyyəti analiz etmək, emosiyalara nəzarət etmək və davranışa yön vermək kimi yüksək səviyyəli prosesləri həyata keçirir.

Qərarvermə insanın bir vəziyyəti qiymətləndirib ən uyğun davranış formasını seçməsi deməkdir. Travma keçirmiş insanlarda prefrontal korteksin fəaliyyəti zəiflədiyi üçün qərarvermə prosesi çətinləşir: insan bəzən tələsik, impulsiv və ya emosional qərarlar verir, vəziyyəti obyektiv dəyərləndirməkdə çətinlik yaşayır.

Emosional tənzimləmə isə insanın hisslərini anlamaq, onları idarə etmək və uyğun şəkildə ifadə edə bilmə qabiliyyətidir. Sağlam emosional tənzimləmə zamanı insan qəzəb, qorxu və ya kədər yaşasa belə, bu hisslər onu idarə etmir; o, vəziyyəti sakit şəkildə nəzarətdə saxlayır. Travma zamanı isə prefrontal korteks amygdalanın güclü emosional reaksiyalarını “sakitləşdirməkdə” çətinlik çəkir. Bu da tez-tez əsəbləşmə, ani emosional dəyişikliklər, özünü itirmə, gərginlik və hətta donub qalma kimi reaksiyalarla nəticələnə bilər.

4) Beyin əlaqələrinin zəifləməsi

Beyin əlaqələrinin zəifləməsi beynin müxtəlif hissələri arasında informasiyanın ötürülməsini təmin edən sinir yollarının travma səbəbindən daha zəif və ya qeyri-sabit işləməsi deməkdir. Uşaqlıq travması zamanı bədəndə yüksələn stress hormonları bu neyron əlaqələrinə mənfi təsir göstərir. Uzunmüddətli stress sinir yollarını zəiflədir, onların informasiyanı ötürmə sürətini azaldır və müxtəlif beyin mərkəzləri arasında koordinasiyanı pozur. Bu da beynin “komanda işi”nin zəifləməsinə səbəb olur.

 

Stress hormonları və yaddaş sistemi:

Travma zamanı bədən kortizol və adrenalin kimi stress hormonları buraxır. Bu hormonlar qısa müddətdə qorunmanı təmin etsə də, uşaqlıqda uzunmüddətli artmış kortizol səviyyəsi beyin üçün zərərlidir.

1) Kortizolun uzunmüddətli təsirləri

* Hippokamp hüceyrələrinin zədələnməsi

* Yaddaş mexanizmlərinin zəifləməsi

* Konsentrasiya pozuntuları

* Emosiyaların qeyri-stabil olması

2) Yaddaşın bloklanması

Yaddaş bloklanması travma zamanı beynin özünü qoruma mexanizmidir. İnsan çox ağır və emosional yüklü bir hadisə yaşadıqda beyin həmin xatirəni tam şəkildə yaddaşa yazmır və ya sonradan ona çıxışı çətinləşdirir. Bu beynin insanı psixoloji yüklənmədən qorumaq üçün “xatirəni dondurması” kimidir. Bu səbəbdən bəzi insanlar travmanın tam detallarını xatırlamır, hadisəni parçalanmış şəkildə xatırlayır və ya ümumiyyətlə müəyyən hissələr yaddaşdan silinmiş kimi görünür. Lakin bu xatirələr tam yox olmur — sadəcə şüurdan uzaqda saxlanılır. Sonradan müəyyən tetikleyicilər (qoxu, səs, söz, görüntü, oxşar situasiya) həmin bloklanmış hissələri yenidən aktivləşdirə və xatirələr qəfil, güclü emosional yük ilə geri qayıda bilər.

 

Yetkinlik dövründə emosional reaksiya modelləri:

Uşaqkən yaşanan travma yetkinlikdə müxtəlif formalarda yenidən ortaya çıxır. Bu reaksiya modelləri çox vaxt insanın özünə belə aydın deyil və “gizli təsirlər” kimi davam edir.

Travma ilə böyüyən yetkinlərdə bağlanma sistemi zədələndiyinə görə münasibətlərdə sabitlik qurmaq çətinləşir. Bu bir neçə formada özünü göstərir:

* İnsanlara tam güvənməmək:

Uşaqkən yaşanan emosional və ya fiziki travmalar beyində “insanlara güvənmək təhlükəlidir” siqnalını formalaşdırır. Yetkinlikdə bu, münasibətlərdə məsafə saxlamaq, özünü tam açmamaq və yaxınlıqdan qaçmaq kimi əlamətlərlə davam edir.

* Sevgi və yaxınlıqdan qorxmaq:

Travmalı insanlar üçün yaxınlıq həm istək, həm də qorxu yaradır. Çünki sevgi onlar üçün həm rahatlıq, həm də yenidən incinmək riski deməkdir. Bu səbəbdən yaxın münasibət başladıqda narahatlıq artır, insan özünü geri çəkməyə başlayır.

* Həddindən artıq bağlanmaq və tərk edilmək qorxusu:

Bəzən travma tam əks reaksiya yaradır: insan partnyoruna həddindən artıq bağlanır,

onu itirməkdən qorxur və münasibətdə asılılıqyaranır. Bu qorxu “məni tərk edəcəklər” düşüncəsi ilə formalaşır və davranışlarda qısqanclıq, çoxlu təsdiq ehtiyacı, ayrılığa qarşı panik reaksiyalar ortaya çıxır.

* Toksik münasibətləri normallaşdırmaq:

Travmalı şəxslər uşaqlıqda gördükləri sevgisiz, aqressiv və ya dəyərsizləşdirici davranışları böyüyəndə “normal münasibət forması” kimi qəbul edə bilirlər.

Nəticədə zərərli münasibətləri tanımaqda çətinlik çəkir, hətta belə münasibətləri təkrarlayan insanlara çəkili olurlar. Çünki beyin tanış olanı təhlükəsiz kimi qəbul edir.

 

Nəticə:

Uşaqlıq travması beyin, emosiyalar və münasibətlər üzərində dərin iz buraxa bilər. Lakin bu təsirlər daimi deyil. Beyin dəyişmə gücünə malikdir və doğru yanaşmalarla insan yenidən təhlükəsizlik hissini, özünə güvəni və sağlam münasibət qurma bacarığını bərpa edə bilər.

Sağalma prosesində ən təsirli addımlar bunlardır:

* Öz reaksiyalarının travma mənşəli olduğunu anlamaq. Bu, insanın özünü günahlandırmasını azaldır və şəfa qapısını açır.

* Hissləri inkar etmədən qəbul etmək. Qorxu, həyəcan, güvənsizlik – hamısı keçmişin izləridir, zəiflik deyil.

* Təhlükəsizlik hissi yaratmaq. Bu, həm daxili (özünü tənzimləmə bacarıqları), həm də xarici (dəstək olan insanlar, sakit mühit) səviyyələrdə qurulur.

* Daim təkrarlanan zərərli nümunələri tanımaq və dəyişdirmək. Bu, travmanın təsirlərindən azad olmağın əsas yoludur.

* Peşəkar dəstək almaq. Psixoloq və terapevtlə işləmək, beyin və bədən arasında itirilmiş balansı bərpa etməyə kömək edir.

Ən önəmlisi isə budur:

Travma insanı müəyyənləşdirmir. Doğru dəstək və düzgün yanaşma ilə hər kəs öz həyatında sağlam bağlanma, emosional sabitlik və daxili güc yarada bilər.

 

Psixoloq Nərmin Əliyeva




1 şərh “Uşaqlıq travmalarının beyin inkişafına uzunmüddətli təsiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir