İnsanların istənilən istiqanlı heyvanlar (it, pişik, siçovul, tülkü, canavar və s.) tərəfindən dişlənməsi zamanı əsas təhlükə onların quduzluq virusu ilə yoluxmasıdır!
Quduzluq – istənilən məməli heyvanların ağız şirəsi ilə insana keçən təhlükəli infeksion xəstəlikdir. Əgər insanı quduz heyvan dişləyərsə, xüsusi müalicə sxemi tətbiq edilmədiyi halda onu 100% hallarda ölüm gözləyir!! Bu hal uşaqda baş verdikdə onun həlak olması daha qısa müddət ərzində baş verir!
Buna görə də hər hansı heyvan dişləməsi zamanı ən əsas vəzifə “təcili yardım” çağırmaq və zərərçəkmiş insanı travmatoloji məntəqəyə çatdırmaqdır! Tibb işçiləri tərəfindən müayinəyə qədər isə zərərçəkənə mütləq ilk tibbi yardım göstərmək lazımdır. Dişləyən heyvanın “ev heyvanı” olduğunu, “itin quduza oxşamadığını”, “yaranın kiçik olduğunu” düşünərək özünüzü sakitləşdirmək və həkimə getməyi ləngitmək olmaz! Belə ki, quduzluğa yoluxmuş heyvanlar adi görunə bilər, vaxtlı-vaxtında quduzluğa qarşı vaksinasiya edilməyən ev heyvanları isə çöl heyvanları tərəfindən asanlıqla quduzluğa yoluxa bilərlər. Yaranın kiçik olmasının da heç bir əhəmiyyəti yoxdur – quduz heyvanın çox kiçik ağız suyu damcısı da insanın xəstəliyə yoluxmasına kifayət edir.
Travmatoloji məntəqədə həkim tərəfindən lazım olan müayinələr aparıldıqdan sonra zərərçəkənin quduzluq virusu ilə yoluxma ehtimalı müəyyən edilir. Belə hallarda vaxtında göstərilən tibbi yardım insanın həyatını xilas etməyə imkan verir! Əvvəllər quduzluğun müalicəsi, 40 gün ərzində qarın nahiyəsinə ağrılı iynə vurulması şəklində aparılırdı. Hal-hazırda isə bu, qol nahiyəsinə vurulan 5-6 inyeksiya şəklində aparılır.
Beləliklə, əgər yaxınlarınızdan kimisə it dişləyərsə, tez bir zamanda “təcili yardım” çağırın, onlar gələnədək isə özünüz dişlənmə sahəsindəki yaranı diqqətlə nəzərdən keçirin. Əgər bu zaman yara sahəsindən zərərçəkənin həyatı üçün təhlükəli olan qanaxma olarsa, təcili olaraq güclü qanaxmalar zamanı olan ilk tibbi yardımı göstərin (bax, “Qanaxma zamanı ilk tibbi yardım”).
Əgər qanaxma güclü və insanın həyatı üçün təhlükəli olmazsa, onu dayandırmaq lazım deyil. Bu halda heyvanın ağız suyunun yaradan çıxan qan axını ilə yuyulması daha yaxşıdır. Dişlənən yeri axar suyun altına tutub bir neçə dəqiqə sabunla (məişət-paltar sabunu ilə yumaq daha yaxşıdır) yaxşı-yaxşı yuyun. Daha sonra yaranı steril salfet ilə qurulamaq, yara ətrafındakı zədələnməyən sahəyə isə yod və ya brilyant yaşılı (“zelyonka) sürtmək lazımdır. Bəzi mütəxəssislər yaranın özünü hidrogen peroksid məhlulu ilə də təmizləməyi məsləhət görürlər.
Yara təmizləndikdən sonra onun üzərinə tənzif və ya pambıq tampon qoyaraq yara səthinə güclü təzyiq etmədən sarğı qoymaq və ya plastr ilə bərkitmək lazımdır. İnsanın vəziyyəti ağır deyilsə, ilk tibbi yardım göstərdikdən sonra zərərçəkəni müstəqil şəkildə yaxınlıqdakı tibb müəssisəsinə çatdıra bilərsiniz. Bunu təcili şəkildə etmək lazımdır!
Əksər hallarda itlərin hücumuna uşaqlar məruz qalırlar. Əlbəttə ki, hər vasitə ilə it və digər heyvanların hücumuna məruz qalmağın qarşısını almaq, sonradan uşağı müalicə etməkdən daha yaxşıdır. Ona görə də uşağınıza həyətdəki it və pişiklərlə, hətta yad adamların ev itləri ilə də oynamağa, onlara yaxın gəlməyə, onları hirsləndirməyə və s. hərəkətlərə icazə verməyin. Ancaq elə vəziyyət yarana bilər ki, it uşağa qəflətən də hücum edə bilər. Ona görə də, itlərin hucumu zamanı özlərini necə qoruya biləcəklərini əvvəlcədən uşağınıza öyrədin:
– it hücüm etməyə hazırlaşarsa, dərhal cəld şəkildə mağazaya, binanın giriş qapısına sıçrayıb girmək, ağaca, hasara dırmaşmaq və s. lazımdır;
– heç bir zaman arxanı itə çevirmə, ondan qaçmağa çalışma – o istənilən halda səndən bərk qaçır! İtdən gizlənmək istədiyin yerə üzün itə tərəf olmaqla sakit addımlarla get;
– əgər gizlənməyə yer olmazsa, bu halda kürəyini istənilən vertikal səthə (divar, avtobus dayanacağı, yaxınlıqda dayanan avtomobil və s.) dirəyib əlinə iti qorxuda biləcək hər hansı bir əşya (taxta, karton parçası, daş və s.) götürmək lazımdır. Bu məqsədlə çantadan, çətirdən və s. əşyalardan da istifadə etmək olar. Yaxınlıqda heç nə olmasa, əynindəki üst paltarı çıxararaq onu əlinə burub sərbəst ucu ilə itin hücumunu dəf etmək olar. Bu zaman bərkdən qışqıraraq köməyə çağırmaq lazımdır.