Ozon təbəqəsi gün keçdikcə daha çox zərər görür və nazikləşir. Bu da insanların günəşin zərərli şüalarına daha çox məruz qalmasına səbəb olur. Mütəxəssislər əvvəllər, sadəcə, yay aylarında SPF qoruma faktorlu krem və günəş eynəyindən istifadəni vacib hesab edirdilərsə, indi bütün fəsillərdə hər iki vasitədən kömək almaq məsləhət görülür. Çünki uzun müddət günəşin ultrabənövşəyi şüalarına məruz qaldıqda dəri xərçəngi başda olmaqla bir çox dəri problemləri, gözdə katarakta və ya sarı nöqtə xəstəliyi yarana bilər. Gözlərdə qızartı, sulanma, yanma hissi günəşin mənfi təsirinin ilk işarətləridir.
Təəssüf ki, günəşin zərərli təsirindən, demək olar ki, hər kəs xəbərdar olsa da, tədbir görənlərin sayı olduqca azdır. Xüsusilə də, valideynlər bu mövzuda olduqca məsuliyyətsiz davranırlar. Halbuki, uşaqlar da günəşdən qoruyucu eynəklər taxmalı və xüsusi kremlərlə dərisini qorumalıdırlar.
Bəs, hansı yaşdan sonra uşaqlar günəş eynəyi taxmağa başlamalıdır? Əks halda, hansı problemlər baş verə bilər? Ən əsası, günəş eynəyi seçərkən nələrə diqqət etmək lazımdır?
Hazırda bir çox insan günəş eynəklərindən ancaq moda xatirinə istifadə edir. Ancaq bu eynəklər, sadəcə, aksessuar deyil, həm də bir çox xəstəliklərin qarşısını alan qalxandır.
Bəzi adamların gözləri günəşə qarşı daha həssas olur. Ona görə də, mütləq günəş eynəyindən istifadə etməlidirlər:
Günəş eynəklərinin ən əhəmiyyətli funksiyası gözümüzü UV şüalarından qorumaqdır. Hər kəs günəşdən qorunmalıdır. Ancaq çöldə daha çox vaxt keçirənlər, müəyyən göz problemləri yaşayanlar xüsusilə diqqətli olmalıdırlar. Təzyiqi aşağı salan dərman qəbul edənlər, hamiləliyin qarşısını alan dərmanlardan istifadə edənlər işığa qarşı daha həssas olurlar. Ona görə də, belə insanlar günəşə qarşı xüsusi tədbirlər görməlidirlər.
3-4 yaşından etibarən uşaqlar da günəş eynəklərindən istifadə etməlidirlər. Çünki uşaqların gözləri daha həssasdır və ultrabənövşəyi şüalar onların gözlərində müalicəsi mümkünsüz olan xəstəliklərə səbəb ola bilər. Uşaqlar üçün şüşəsi polarizə olan günəş eynəkləri daha uyğundur.
Ümumiyyətlə, günəş eynəyi seçərkən aşağıdakı nüanslara fikir vermək lazımdır:
*Eynəyin sertifikatı olmalıdır.
*Sertifikatda eynəyin ultabənövşəyi şüalardan hansı nisbətdə qoruduğu qeyd edilməlidir.
*Eynək 400 nanometrdən az olan şüaları keçirməməlidir.
*Günəş eynəyinin şüşəsi tünd rəngdə olmalı və işığın təsirini ən az 50 faiz azaltmalıdır.