balina

“Mavi balina” kimləri udur?

Baxış sayı: 1. 683

Son zamanlar yeniyetmə və gənclər arasında “Mavi balina” oyunu dəb halını alıb. Bu oyun artıq neçə-neçə uşaq, yeniyetmə və gəncləri öldürüb. Xarici ölkələrin saytlarında o da qeyd edilir ki, “Mavi balina” virus yolu ilə oyunçu olmaq istəyənlərin şəxsi məlumatlarını əlinə keçirir və onları təhdid etməyə başlayır.

Bu günlərdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri “Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları tapşırılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumatlara aydınlıq gətirib. “Noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib”, – B.Məmmədov “virtualaz.org”a deyib. Hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilib, idarənin nümayəndələri məktəbə göndərilib. Valideynlərə tövsiyə edilib ki, uşaqlara nəzarəti gücləndirsinlər.

Məktəbdən isə bildiriblər ki, hazırda uşaqlarla psixoloji iş aparılır, valideynlər məlumatlandırılıb. “Burda intihardan söhbət getmir, sadəcə olaraq, uşaqların qolunda xəsarətlər var. Bunun nədən yarandığı araşdırılır”.

Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Zülfüqar Zülfüqarov isə yalnız tədbirlər görüldüyünü, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatlandırıldığını söyləməklə kifayətlənib. “Bu barədə yalnız Təhsil İdarəsi açıqlama verə bilər. Bütün məlumatlar onlara göndərilib”.

Xatırladaq ki, oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asmışdı. Gəncin “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu. Onu da xatırladaq ki, yeniyetmələri hədəf alan “Mavi balina” indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə “admin” tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur. 76 saylı məktəbdə isə şagirdlərin bu oyunun təsirinə düşüb-düşmədiyi araşdırmadan sonra bəlli olacaq.

30-cu polis bölməsindən hadisə ilə bağlı açıqlama vermək istəməyiblər.

Psixoloq Raminə Həsənovanın bildirdiyinə görə, “Mavi balina” uşaqları, yeniyetmə və gəncləri özündən asılı salaraq onları müəyyən hərəkətləri etməyə məcbur edir: “Xüsusilə də, yeniyetməlik dövrü çətin olduğundan bu dönəmlərdə “Mavi balina”nın təsiri altına daha tez düşürlər. Uşaqlar hələ hər şeyi dərk etmirlər və kənar təsirlərə məruz qalırlar”.

Həsənova qeyd edir ki, “Mavi balina” oyunu oynayan uşaqlar hər kəsdən seçilir: “Bildiyimiz kimi, hər uşaq bu oyunu oynamır. Bu oyunu oynamaq üçün uşaqlardan müəyyən şeylər tələb olunur. Uşaqlar da onu verirlər. Adətən ailədə həddindən artıq şiddətə məruz qalan və ya diqqətdən kənar qalan, eləcə də, çox qorunan uşaqlar “Mavi balina” oyununa aludə olurlar. Həddindən artıq şiddət görən uşaqlar artıq ailəsindən, ətrafından bezdiyinə görə, depressiyada olur. “Mavi balina”nın tələblərinə uyur və sonda intihara cəhd edir. Şiddətə məruz qalan uşaqlar onsuz da zorakılığa məruz qaldığı üçün “Mavi balina” onları özlərinə çəkə bilir. Həddindən çox mühafizə olunan ailələrdə uşaq daim valideyn basqısı altında olduğu üçün “Mavi balina” ona daha maraqlı gəlir. Oyuna aludə olur və oyunda deyilən hərəkətləri etməyə başlayır. Oyun sona yaxınlaşdıqda uşaqlar tənhalığa sövq edilir. Uşaqların özünü tənha hiss etməyə başlaması onu göstərir ki, zəif psixologiyaya malikdirlər, zəif nöqtələrini bildirirlər. Əgər normal psixologiyaya sahib olsaydılar, bunu etməzdilər”.
Həmsöhbətimiz qeyd edib ki, valideynlər övladlarını nəzarətsiz qoymamalıdır: “Uşaqlar nəzarətsiz qaldıqda da düşünürlər ki, rahatdırlar, istədiklərini edə bilərlər. Nə vaxt istəyir evdən çıxır, evə gəlirlər, istədiklərini edirlər. Hər zaman da onlara elə gəlir ki, bu, azdır, bir qədər də sərhədi aşa bilərlər. Uşağın yaşından asılı olmayaraq valideyn uşağa nəzarət etməlidir. Valideynlər sistemli şəkildə uşağın nə etdiyini, nə ilə maraqlandığını bilməlidir. Lakin əksər valideynlər bunu  basqı şəklində etdiyinə görə, uşaqların qəzəbinə, onlardan uzaqlaşmasına səbəb olur. Valideynlər uşaqlardan onların problemlərini onlarla söhbət edərək sakit şəkildə soruşmalıdırlar”.

Onun sözlərinə görə, valideynlər uşaqlarına düzgün tərbiyə üsulu seçsələr, xoşagəlməz hallar olmaz: “Uşaqlara hadisələri düzgün analiz və sintez etməyə imkan vermək lazımdır. Belə imkan veriləndə də, təəssüf, hədsiz verilir. 11-15 yaşına qədər uşaqların yerinə hər şeyə cavabdeh olmaq da yanlış tərbiyə üsuludur. Bu yaşa qədər uşağın yerinə hər şeyi etmək və sonra da onu sərbəst, başdı başına buraxmaq isə daha pisdir. Valideynlər “qızıl orta”nı tutmalıdır. Azərbaycanlı valideynlər şüuraltı olaraq uşaqları özlərindən asılı vəziyyətdə saxlamağa çalışırlar. Bütün problemlər də bundan qaynaqlanır. Həmişə uşağa asılqan oluruq. Beləcə, övladlarımız yetkin olub sərbəst həyata atılanda bir çox problemləri çözə bilmirlər. Elə olur ki, asılı övladlar yetkin olduqda özlərinə başqa asılqan axtarmağa başlayırlar. Ona görə ki, ömrü boyu asılı olmağa öyrəniblər”.

Qeyd edək ki, posta.com.tr saytında verilən məlumata görə, oyunun rəsmi bir internet adresi və satışına qadağa yoxdur. Rus çat səhifələrində oyuna girmək istəyənlərə oyunu idarə edən tərəfindən ünvan göndərilir. Bu internet ünvanına girən adamların kompüterlərinə virus daxil olur və bütün şəxsi məlumatları, gizli qalmalı məlumatları əldə edir.

Bundan sonra təhdid yolu ilə oyunçudan bütün təlimatların yerinə yetirilməsi tələb olunur.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir