qocalar evi

“Qurban olum, oğluma deyin, gəlib məni aparsın” – REPORTAJ

Baxış sayı: 1. 495

Artıq bütün hazırlıqlar tamamlanmışdı. Bircə o qalırdı ki, arıq və heydən düşmüş qocanı həsir səbətin içinə yerləşdirsinlər. Oğlu və bir neçə qolu güclü kişi cəld irəli çıxdı və qocanı bükülü vəziyyətdə birtəhər səbətə yerləşdirdilər. Getmək vaxtı idi, qarşıda onları uzun və yoxuş bir yol gözləyirdi. Bir tərəfi sıldırım qaya olan dağa çıxırdılar. Demək olar ki, hər kəs bir müddət sonra icra ediləcək adəti seyr etmək üçün sıra ilə dağa çıxırdılar.

 

Nəhayət, mənzil başına çatdılar və o məqam yetişdi. İllərdir yerinə yetirilən ayin. Tayfada qocalan insanları həsir səbətin içinə qoyub diri-diri uçurumdan aşağı atırdılar. İndi də növbəti qoca həsir səbətin içində çarəsizcə uçurumdan aşağı atılmasını gözləyirdi…

 

Səbəti götürdülər və uçuruma yaxınlaşmağa başladılar. Bayaqdan lal dinməz ölüm növbəsini gözləyən qocanın gözlərindən yaş axırdı. Və… Və o, başını arxaya çevirib, hıçqıra-hıçqıra ağlayan nəvəsinə son dəfə baxaraq gözlərini yumdu…

Onu uçurumun lap kənarına gətirərək, atmaq istəyirdilər ki, qəfildən səs eşidildi:

 

– Dayanın!     

 

Lal sükutu həmin uşağın harayı yardı. Hər kəs heyrət içində donub qaldı.

 

– Ata, səbəti atma. Sən qocalanda mənə lazım olacaq…

 

 

… Artıq mənzil başına gəlib çatmışıq. Həyətdə maşın səsini eşidən Bilgəhdəki qocalar evinin sakinləri ümidlə pəncərədən boylanırlar ki, bəlkə gələn onların doğmalarından biridir, amma əfsus…

 

Binaya daxil oluruq. Burada qəribə bir sükut, sakitlik hökm sürür. Qocalar onların taleyindən yazmaq üçün gəldiyimizi biləndə daha da özlərinə qapanır, bir az küskün, bir az məzəmmət dolu baxışlarla bizi süzürlər.

Heç biz də söz tapa bilmirik deməyə. Axı nə deyək? Necə soruşaq ki, niyə evinizdən, övladlarınızdan, nəvələrinizdən uzaq düşmüsünüz? Sualı necə qoyaq ki, kövrək qəlblərini qırmayaq?

 

Onlara ayrılmış otaqları bir-bir gəzirik. Bir yataq, kiçicik bir televizor, soyuducu, stol, stul…

 

Nəzarətçi deyir, sakinlərin bəzisi televizor da istəmir ki, səsi başlarına düşür.

Bəlkə də onlar ətraf aləmdən tamamilə təcrid olunmaq, qovulduqları dünyadan heç bir xəbər tutmamaq üçün televizordan imtina ediblər? Kim bilir?

 

Bəs ata-ana bizim ən dəyərli varlığımız idi?! Bəs cənnət anaların ayağı altında idi?! Halbuki daracıq bir otaqla belə, yetinən valideynlərimizi təmin etməkdən imtina edir, qocalar evinə yerləşdirərək arxamıza baxmadan çıxıb gedir, ömürlərinin bizə ən çox ehtiyacları olan məqamında onları kimsəsiz qoyuruq.

 

…Qapını yavaşca aralayaraq içəri boylanırıq. Arxası qapıya tərəf, ayaqlarını qarnına yığaraq büzüşüb oturmuş ağ saçlı bir qadın oturub. O qadın ki, səsə ümidlə çevrilir.  Amma bizi görən kimi canlanmış üzü donuq bir görünüş alır. Üzünü yenidən pəncərəyə doğru çevirir və ayaqlarını qarnına yığır. Bizim varlığımızı çoxdan unudub…

 

Başqa bir qapını qorxa-qorxa döyürük. Nurani bir qadın açır və sevinclə bizi qucaqlayır.

 

– Xoş gəlmisiniz, ay bala, çoxdandır qapımı heç kim açmır. Gəlin qonağım olun.

 

Rəna nənə müəllimə olub, illərlə Memarlıq və İnşaat Universitetində dərs deyib:

 

 Heç yatsam, yuxuma da girməzdi ki, bir gün bura yolum düşər. Mənim bax, o oğlum  əli ilə şəkli göstərir – rəhmətə getdi. Hər səhər durub məni öpərdiDeyərdi, mama, çayın hazırdırÖzü də xoşladığı kimi, armudu stəkanda. Hələ də inana bilmirəm ki, o yoxdur. Bir qızım da Amerikada yaşayır. Ötən il gəlmişdi mənə dəyməyə. Bilirsiz, burada bizə nə qədər yaxşı olsa da, insanın öz evi kimi olmur.

 

Ümumi istirahəti üçün nəzərdə tutulan otaqda divanda oturan qocalarla həmsöhbət olmağa çalışırıq.

 

– Düz bir ildir ki, qocalar evində məskunlaşmışam, – deyir Məleykə nənə.

 

– Bəs övladınız yoxdur?

 

– Demək olar ki, yoxdur. 

 

– Yəni var, siz onları övladlıqdan silmisiniz?

 

– Bəli… Oğlanlarım çıxıb getdilər İsrailə. Mənim də evim yox, eşiyim yox, düzəltdilər bura. Düz 65 il Elmlər Akademiyasında işləmişəm. İndi necə xaricə gedə bilərəm?! Bunu heç kim qəbul etməz. Şəxsən mən razı olmadım, dedim, getmirəm. Onlar da dedi, biz gedirik, istəsən, sənin üçün viza göndərərik, gələrsən. Dedim, xeyr, sizə yaxşı yol. Evimi də satdılar ki, gedib orada özlərinə ev alsınlar. İndi mənə buradakılar həyandır. Bu yaxınlarda xəstə yatdım, Elmira xanım mənə qulluq etdi (Mehribanlıqla yanında oturmuş qadının çiynini qucaqlayır) .

 

Qocalar evinə yerləşdirildikdən sonra buranın başqa bir sakini ilə evlənən Həbib baba söhbətə qoşulur:

 

– Bilirsiz, ay bala, həyatda da belədir – bir ağaca qulluq edirsən, onu yetişdirirsən, amma  barını kənardan biri gəlib dərir, sənə qismət olmur. Övlad da belədir. Kənardan bir yad qızı, yad oğlu gəlib aparır və onun da barını o yeyir. Gəlin deyir ki, mən sənin atana baxmıram. Kürəkən deyir ki, mən niyə sənin atana baxmalıyam? Bir qadının əlindən baş götürüb gəlmişəm bura... Həyat yoldaşım mənimlə yaşamaqdan imtina etdi. Evim bölünməli deyildi. Pencəyimi götürüb evi tərk elədim. Uzun müddət müxtəlif yerlərdə yaşadım. Sonra nazirliyə müraciət elədim. Araşdırdılar və məni bura gətirdilər. Şəkər və 2-ci qrup əsəb xəstəsiyəm, əsəblərim imkan vermədi, ona görə də buranı seçdim. Hərdənbir gedib nəvələrimlə görüşürəm. Amma… Bir insan ki, həyatından küsüb, ona heç nə lazım deyil. Qocalanda kişiyə arvadı, arvada da əri dayaqdır. Onlardan biri olmayanda həyat çox çətin olur. Burada evləndiyim xanım qulaq yoldaşıdır mənə. Bir-birimizə həyan oluruq. Mənim başım səs götürmür, bura mənim üçün çox rahatdır.

 

Zəminə müəllimə isə ağlamsınır:

 

– Ay bala, mənim dərdimi təzələməyin. Dayana bilməyib ağlayacam. Ağlamaqdan gözlərim tutulub. Yenicə əməliyyat etdiriblər. Qızım rəhmətə gedib, başqa heç kimim də yoxdur. Ona görə buradayam.

 

İndiyə kimi gözüm yoldadır deyir Səbirə nənə:

– Bir hənirti gələndə elə bilirəm, oğlumdur. Yadımdadır, anam da belə idi. Yolda adam görəndə deyərdi, dayan görüm birdən bu, Nəcəfqulu olar. İndi mənim də gözüm anam kimi yolda qalıb. Hərdən ayılıram yuxudan, elə bil kimsə məni oyadır. Oğlum Özbəkistanın Bişkek şəhərində idman kompleksinin direktorudur. Vaxtilə cüdoçu olub. Azərbaycan diasporunun sədri Akif Əliverdiyev mənim oğlumu ora apardı. Onun 25 yaşı olanda 3 tələbəsi Amerikadan qızıl medalla gəlmişdi. Onda ona əməkdar məşqçi adı verildi. Başqa bir övladım isə xəstədir. Hərdən birdən nəvəm gəlir yanıma. O da Bakı şəhəri üzrə evləri özəlləşdirmə idarəsinin rəis müavinidir. İqtisad Universitetini bitirib. Məni yanına aparmaq istəsə də, getmək istəmirəm…

 

Bu qədər ağrı-acılı hekayəsi olan bir qadın şeir yazmazmı heç? Yazar. Özü də kimə həsr edər bu şeiri? Bu yaşında, bu kimsəsizliyində öz gözəl xatirələri ilə ona təskinlik verən anasına.

Ananın qədrini bilin, insanlar,

Ananın qədrini bilmək gərəkdir.

Həyata bizi ana bəxş edib,

Bizləri böyüdən təkcə anadır.

Həyata göz açanda ananı gördüm,

İlk nəfəsim, ilk sözüm, ana.

Gecələr yatmayıb yuxusuz qalan,

Bizi bu ərsəyə çatdıran, ana...

 

Bu yaşlı qadın isə nə adını deyir, nə də özü haqqında danışmaq. Doluxsunur, gözlərindən yaş süzülür:

 

– Bununla nə dəyişəcək ki?! Həmişə gülməyə çalışırıq, deyirik, oğlum, qızım nə etsin ki, şəraitləri yoxdur. Məcbur olub, bizi bura gətiriblər. Bəziləri deyir ki, nəvələrin səs küyündən başım ağrıyır. Bura daha sakitlikdir. Yalan deyirlər. Kimi aldadırlar ki? Heç nənə də nəvə səsindən bezər? Biz özümüz nənəmizin, babamızın qucağında böyüməmişik məgər? Müəlliməyəm. 3 qızım var, amma özüm burada qalıram. Bilirsiz də yeznə yanında qalmaq olmur. Bəlkə oğlum olsaydı, bir gün də burada qalmağa qoymazdı. Nə bilmək olur. Amma düşünürəm ki, burada o qədər oğlu olan analar, atalar var ki? Amma mən ölənə qədər öz anamı əllərimin içində saxlamışam…  

Reportajı hazırladığımız müddətdə o qədər həyat hekayəsi dinlədik ki… Bir-birindən acılı, qəmli. Diqqətimizi çəkən məqam isə o idi ki, bura yerləşdirilən qocaların əksəriyyətinin övladları var. Və əksəriyyəti ziyalıdır – müəllim, polkovnik, rəssam, həkim – kimlər, kimlər… Bəlkə də yuxarıda sualını etdiyimiz bir çox məsələnin cavabı da elə bu statistik göstəricilərin altında gizlidir.

Artıq qış günəşinin qürub etmə çağıydı. Biz də yavaş-yavaş bu “kimsəsiz” qocaların evini tərk edirdik. Biz gedirdik, amma binanın yuxarı mərtəbəsindəki otaqların birində öz-özünə hayqıran bir qocanın səsi elə hey qulaqlarımızda cingildəyirdi:

 

– Qurban olum, oğluma deyin, gəlib məni buradan aparsın. Mən burda qalmaq istəmirəm, istəmirəm…  (lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir