Biz belələri ilə tez-tez qarşılaşırıq. Hətta ən çox sevdiklərimizin arasında belə var. Dayanmadan, fasiləsiz olaraq danışır. Özünü, gördüklərini anladır, hər hadisə haqqında mütləq bir fikri var, susmağı sevmir və sair. Bunun adına xəstəlik də demək olar, özünü ifadə problemi də. Bütün hallarda insan bu davranışı ilə ətrafındakılarda ikrah doğurur. Ətrafı ilə yanaşı, çox danışmağı öz sağlamlığına da müxtəlif zərbələr vurur.
Tibb elmi bununla bağlı xeyli araşdırma aparıb və bu suala cavab tapmağa çalışıb. Çox danışmaq xəstəlikdirmi? Xəstəlikdirsə, müalicə üsulları nələrdir?
Danışanda bədənimizdə hansı proseslər baş verir?
Öncə danışmağın möcüzəsinə toxunaq. İnsanın nitq qabiliyyətinin formalaşması zamanı baş verənlərə. Bir söz söyləmək istədiyiniz zaman beyninizdən gələn bir çox əmr səs tellərinizə, dilinizə və çənə əzələlərinizə gedir. Beyinin danışıq mərkəzi danışma əməliyyatınızda rol oynayan bütün əzələlərinizə lazımi əmrlər verir.
Əvvəlcə, ağciyərləriniz isti hava təmin edir. İsti hava danışığın xammalıdır. Hava burnunuzdan girir, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronxlarınıza, oradan da ağciyərlərinizə keçir. Havadakı oksigen ağciyərlərinizdə qana qarışır. Nəticədə, karbondioksid xaric olunur. Ciyərlərinizdən geri qayıdan hava boğazınızdan keçərkən səs tellərinin arasından keçir. Bu tellər pərdəyə bənzəyir və bağlı olduqları kiçik qığırdaqların təsiri ilə hərəkət edirlər. Siz danışmazdan əvvəl səs telləriniz açıq vəziyyətdə olur. Danışdığınız zaman tellər bir-birinə yaxınlaşır və nəfəs verdiyiniz zaman çıxan hava ilə titrəşir.
Ağız və burun quruluşunuz səsinizə özünəməxsus xüsusiyyət qazandırır. Siz sözləri ard-arda düzərək danışarkən diliniz damağınıza müəyyən qədər yaxınlaşıb uzaqlaşır, dodaqlarınız da yığılıb açılır. Bu əməliyyatlarda bir çox əzələniz böyük sürətlə hərəkət edir. Danışmağınız üçün bu əməliyyatların hər biri qüsursuz olmalıdır. Bu kompleks əməliyyatlar heyrətamiz sürətlə və qüsursuz şəkildə reallaşarkən sizin bunlardan xəbəriniz belə olmur.
Danışdığımız zaman bir-birimizi necə anlayırıq?
Dünyada 6000-dən çox dil var. Müxtəlif insan cəmiyyətləri 6000 dil vasitəsilə bir-birləri ilə ünsiyyət qururlar. Bu dilləri meydana gətirən minlərlə söz və bu sözləri cümlələr halına gətirən qrammatik qaydalar bir-birindən tamamilə fərqlənir.
İki psixoloqun – Uilyam Naqi və Riçard Andersonun ingilis dilində danışan ölkələrdə apardıqları araşdırmaya görə, 1-ci sinfə gedən uşaq 13 min, 11-ci sinfi bitirdikdə 60 min söz bilir. Yetkin insan isə təxminən 120 min söz bilir. Zehnimizdəki bu nəhəng lüğəti meydana gətirmək üçün 1 yaşından 17 yaşına qədər gündə 10 söz, ya da oyanıq olduğumuz zaman hər 90 dəqiqədə yeni bir söz öyrənməli, üstəlik öyrəndiyimiz hər sözü də heç vaxt unutmamalıyıq. Halbuki, şüurlu olaraq belə bir səy göstərmirik. Sözlər biz fərqində belə olmadan zehnimizdə öz yerlərini mənaları ilə birlikdə tuturlar. Stiven Pinker bu möcüzəni belə vurğulamışdır:
“Dil istifadəsindəki möcüzələr öyrənmə sürəti ilə məhdudlaşmır. Başqa insanın söylədiyi bir sözü saniyənin yalnız beşdə biri qədər müddətdə anlayırıq. Bu müddət o qədər qısadır ki, qarşımızda danışan adam hələ sözünü bitirmədən mənasını qavrayırıq. Yazılı sözdə isə bu müddət daha qısadır: Bir saniyənin səkkizdə biri. Beynimizin bir söz çıxarması da demək olar ki, eyni sürətdədir və saniyənin dörddə biri qədər olan zamanda bir obyekti adlandıran sözü tapırıq. Yenə saniyənin dörddə biri müddətində bu sözü söyləmək üçün ağzımız və dilimiz proqramlaşdırılır” (Steven Pinker, Language Instinct: How the Mind Creates Language, Harper Perennial, 1994).
Qadınlar daha çox danışır, ya kişilər?
“Çox danışmaq ağlın azlığına, yalan danışmaq iradənin süstlüyünə, səsin yorğunluğu isə gücün zəifliyinə dəlalət edir”. Bu, məşhur kəlamlardan biridir. Bu günə qədər aparılan araşdırmalara inansaq, əslində qadınlar kişilərdən çox danışır. Bu, təbiətin qanunudur. Belə ki, bir qadın gün ərzində çox rahatlıqla 700 min söz və 300 səs tonundan istifadə edir. Bununla yanaşı danışan zaman bədən dilindən də istifadə edirlər. Əl-qol hərəkətləri daxil hər bir qadın gün ərzində 21 min ünsiyyət vasitəsindən istifadə edir. Elm adamlarına görə, qadınlarda beynin sol tərəfi müxtəlif dərəcələrdə və müddətlərdə danışmaq üçün siqnal ötürür.
Qadınların beyinlərinin sol-ön tərəfində müəyyən bir bölgə var ki, bunun sayəsində danışma funskiyası həyata keçirilir. Sağ tərəfdə də danışma funksiyasını yerinə yetirən mərkəz var. Bu iki tərəfin funksiyası ilə qadınlar daha çox danışır. Beyinlərinin yaradılma formasına görə qadınlar danışarkən başqa işləri də rahatlıqla həyata keçirə bilirlər. Buna görə də qadınlar hər yerdə danışmağı sevirlər. Beyinlərinin hər iki tərəfində danışma funksiyası olduğu üçün qadınlar xarici dili daha tez mənimsəyirlər.
Araşdırmalara görə, qadınlar kişilərdən 3 dəfə daha çox danışırlar.
Onlarda yaddaş pozuntusu yaranır
Dediyimiz kimi, bunun fəsadları da var. Müəyyən edilib ki, uzun müddət telefonla danışmaq boyun yırtığı və beyində xərçəng yaranmasına səbəb olur. Bütün günü baş ağrılarından şikayətlənən insanların başının ağrımasının da səbəblərindən biri uzun müddət telefonla danışmaqdır.
Telefonla dalğaları boyun yırtığına səbəb olub, beyin hüceyrələrinə mənfi təsir göstərərək, xərçəngin yaranmasına səbəb olur.
6 dəqiqədən çox telefonla danışdıqda, qulaq ətrafında istilik artır, bu da insanda baş ağrısı, yuxusuzluq, yaddaş pozuntusu, hüceyrələrdə pozuntulara gətirib çıxarır.
Bununla yanaşı, mobil telefonla gündə 30 dəqiqədən artıq danışmaq beyin xərçəngi riskini bir neçə dəfə artırır. Araşdırmada 13 ölkədən 30 yaşdan yuxarı olan 5 mindən artıq insan iştirak edib. Mütəxəssislər mobil telefonu qulaqcıqla istifadə etməyi məsləhət görürlər. Çünki təcrübə çərçivəsində telefondan gündə 30 dəqiqədən az və qulaqcıqla istifadə zamanı xərçəngə yoluxma halı qeydə alınmayıb.
Alimlər xüsusilə 30 yaşdan aşağı olan insanlar arasında cib telefonundan istifadənin kütləvi hal aldığını bildirirlər. “Ağır istifadəçilər” adlandırılan bu qrup gündə 30 dəqiqədən çox telefondan istifadə edir. Təcrübə aparılan qrupa aid olan insanlar isə ayda iki saatdan artıq telefona vaxt sərf etmirlər.
Türkiyənin ağız, diş və çənə cərrahı Cem Üngör isə bildirib ki, xüsusən qadınlarda özünü göstərən çənə oynağı xəstəliyinin baş qaldırması onların çox danışmaları və keçirdikləri stresslə bağlıdır. Çənə xəstəlikləri modern cəmiyyətlərdə özünü çox göstərir.
İnsanlar niyə bir-birini dinləmir?
Miçiqan Universiteti tələbələr arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Məlum olub ki, müasir tələbələr 10 il əvvəlkilərlə müqayisədə 40 faiz daha az ünsiyyətə meyillidirlər. Daha dəqiq desək, onlar qarşılarındakı insana daha az qulaq asıb, daha çox danışırlar. Bu mövzu ilə bağlı kitab yazan Darlene Mininni adlı müəllif yaranmış bu vəziyyəti belə izah edr: “Əgər bir insan daim danışır, digəri isə sadəcə, onu dinləyirsə, bu, heç də sağlam ünsiyyət sayılmır. Dinləyən tərəf əvvəl-axır partlamağa hazır vəziyyətə gələcək. Təbii ki, bəzən sizin üçün çox vacib olan bir xəbəri nəfəsinizi dərmədən dostlarınızla paylaşdığınız anlar ola bilər. Bu, normaldır. Amma dediyimiz hal adət halını alırsa, o zaman ciddi problemdən danışmaq olar”.
Çox danışan insan öz ətrafını danışığı ilə nəzarət altına almaq istəyir. O, danışmadığı vaxt nəzarətin, idarənin əlindən alındığını düşünür və özünü təhlükə altında, qorumasız hiss edir. Əslində bu, bir özünə güvən problemidir. Bəziləri də çox danışaraq özlərini sübut etməyə çalışır.
Necə mübarizə aparaq – susdurmağın üsulları
Dünyanın ən sürətlə danışan qadını Amerikada yaşayır. Nyu-York ştatında yaşayan 54 yaşlı Fran Kapo uşaq yaşından etibarən sürətlə danışır. O, 1986-cı ildə radioların birinə işə qəbul olunub. Qadın sürətlə danışıq bacarığından bəhrələnərək ən tanınmış DJ-lərdən birinə çevrilib. Fran Kapo deyir ki, uşaqlıqdan bu bacarığı ilə hər kəsi heyrətləndirirmiş. Qadın bu bacarığı sayəsində adını Ginnesin Rekordlar kitabına yazdırıb. Qeyd edək ki, Fran Kapo bir dəqiqəyə 585 kəlmə deyə bilir.
Amma çox danışan insanlarla mübarizənin də yolları var. Məsələn, hesab edək ki, dostunuz dayanmadan danışır və sizin darıxdığınızın fərqində də deyil. O zaman bunu ifadə etməyin vaxtı çatıb.
Birincisi, başınızı başqa tərəfə çevirin. Böyük ehtimalla, dostunuz sizdən bunun səbəbini soruşacaq. Siz də fikrinizin başqa yerdə olduğunu deyərək istədiyiniz mövzuya girin: “Mənim də sənə danışacaqlarım var. Sənə danışmaq üçün çox gözləyə bilməyəcəm. Dünən bir iş görüşünə getdim və məni dinləməyini istəyirəm. Çünki sənin fikirlərin mənim üçün çox vacibdir”.
Psixoloqlar hesab edir ki, bu cür girişdən sonra hətta ən danışqan adam belə öz sözünü kəsib sizi dinləməyə məcbur olacaq. Bundan başqa, çox danışan insanlara yaxın ətrafı bunun qüsur, hətta xəstəlik həddinə çatan bir qüsur olduğunu bildirməlidir. Əks halda, çox danışan insan bunu normal hal kimi qəbul edib, mühazirələrinin faydalı olması fikrinə düşəcək.
Sevinc TELMANQIZI