AILE

Qadınlarda sonsuzluğun artma səbəbləri nələrdir?

Baxış sayı: 1. 975

Son 11 ildə Azərbaycanda qadınlar arasında sonsuzluq halları iki dəfə artıb. 2005-ci ildə Azərbaycanda 1117 nəfər qadın ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıb. 2011-ci ildə bu rəqəm 1 776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314, 2016-cı ildə 2 208 olub.

Hər 100 000 nəfər qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınan qadınların sayı 2011-ci ildə 26,3 nəfər, 2014-cü ildə 48,5 nəfər, 2015-ci ildə 48,4, 2016-cı ildə 45,7 nəfər olub.

Qadınlarda sonsuzluğun artma səbəbləri nələrdir?

Məsələ ilə bağlı danışan uzman cərrah-ginekoloq Nərmin Qəribova bildirir ki, son zamanlarda yalnız ölkəmizdə deyil, dünyada da sonsuzluq hallarında artım müşahidə edilir:

“Bir illik qorunmasız düzənli cinsi əlaqəyə baxmayaraq hamiləliyin baş tutmaması sonsuzluq adlanır. Bir siklus müddətində qorunmasız cinsi əlaqə sonrası qadının  hamilə qalma şansı 20 faizdir.

Son dövrlərdə nəinki Azərbaycanda, həmçinin dünyada da sonsuzluq  halları artıb. Bunun önəmli səbəblərindən biri qadının sosiallaşması ilə bağlı ailə qurma yaşının artmasıdır. Hamiləlik kriteriyaları arasında yaş önəmli faktorlardan biridir. Digər tərəfdən bədən-kütlə indeksində normadan çox artis ( ətraf mühit, qidalanmada olan dəyişiklik, müasirləşmə ilə əlaqəli hərəkət qabiliyyətində yaranan məhdudluq və. s), cinsi yolla yoluxan xəstəliklərin artması, zərərli vərdişlər ( siqaret, alkoqollu içkilər) kimi amillər də var. Sonsuzluğu yaradan amillər müxtəlifdir. Səbəblərin 1/3 hissəsi qadınla, 1/3 hissəsi kişiylə bağlı olsa da, qalan hallarda səbəb aşkarlanmaya da bilər”.

N.Qəribova  qadın və kişi sonsuzluğuna səbəb olan amillərdən söz açıb:

“Qadın sonsuzluğunu yaradan amillər: uşaqlıqla bağlı ( anomaliyalar, arakəsmə, miaoma), yumurtalıqla bağlı (kistlər, polikistoz, vaxtından öncə yumurtalıq yetməzliyi), uşaqlıq boruları ilə bağlı ( hidrosalpinks, pyosalpinks) endometrioz, hormonal səbəblər ola bilər.

Kişi sonsuzluğunun əsas səbəbləri: hormonal, testikulyar, sperm daşıyıcı kanallara aid problemlər,  infeksiya, travma.

Sonsuzluq səbəblərdən asılı olaraq anadangəlmə, (daha çox uşaqlıq anomaliyaları, hipogonodotropik hipoqonodizm, eləcə də xromosom anomaliyalari ilə əlaqəli ( turner sindromu , klynfelter sindromu)) ola bilər. Sonsuzluğun həmçinin sonradan yaranan problemlərlə əlaqəli olması mümkündür.

Əksər hallarda sonradan yaranan problemlər – mioma, keçirilmiş əməliyyatlar, endometrioz, hormonal pozğunluqlar, vaxtından əvvəl yumurtaqlı yetməzliyi və ikincili sonsuzluq şəklindədir”.

Cərrah-ginekoloq bildirib ki, sonsuzluğun müalicəsi yaranma səbəbinə görə dəyişir:

“Təbii ki, son zamanlarda tibbin inkişafı, xüsusilə süni mayalanmada əldə olunan nailiyyətlərlə bağlı artıq sonsuzluq problemi ciddi şəkildə azalıb.

Bununla mübarizə aparmaq mümkündür. 35 yaş üzəri ailə quran, enxometrioz xəstəliyi, keçirilmiş cərrahi müdaxilələri , ailəsində vaxtından öncə yumurtalıq yetməzliyi problemi olan xanımlar bir ilin tamamını gözləmədən, 6 ay sonra həkimə müraciət etməlidir. Həmçinin sonsuzluq problemində ilkin olaraq və tək tərəfli qadının müayinədən keçməsi və müalicə olunmasının düzgün olmadığını, kişinin də mütləq müayinədən keçməsini təmin etməli və bu istiqamətdə maarifləndirmə tədbirləri aparılmalıdır”.

Müsahibimiz qeyd edib ki, son dövrlərdə sonsuzluq problemi ilə müraciət edən xanımların sayında, xüsusilə gənc yaşlarda bu problemi yaşayan xanımların sayında artım müşahidə edilir.

“Bu zaman ilkin olaraq  kişinin müayinədən keçməsi məsləhətdir. Çünki sperma analizi ən asan və  maddi baxımdan az xərc tələb edən analizdir. Təəssüf ki, sonsuzluq problemi yaşayan cütlüklərdə  ilk ağıla gələn elə qadın olur.

Bəzən uzun illər, dəfələrlə qadın müayinə edilib problem aşkarlanmadığı halda belə müalicə alır. Amma həyat yoldaşının bir dəfə də olsun müayinədən keçmədiyini görürük.

Unutmayaq ki, sonsuzluq qarşılıqlı yarana biləcək bir problemdir və cütlüklər birlikdə konsultasiyadan keçməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir