usaq

Kiçiklərin böyük yükü və ya uşaqlar dərs yükünü qaldıra bilirmi?

Baxış sayı: 1. 347

Azərbaycan məktəbində ibtidai sinifdə şagird müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir. Ev tapşırıqlarını da əksər şagirdlər valideynlərinin köməyi ilə edirlər. Valideynlər sanki artıq övladları ilə birgə yenidən oxuyurlar. Çünki dərsliklər kifayət qədər ağır yazılıb, uşağın yaşına uyğun psixologiyası, qabiliyyətəri nəzərə alınmayıb. Valideynlər proqramın çətinliyindən şikayət edirlər. Müəllimlər özləri də proqramın çətin olduğunu etiraf edirlər.

Təhsil Xidməti Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədovun bildirdiyinə görə, bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu, bir az da ağırlaşır: “Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Yəni tədris materiallarının sadələşdirilməsi əvəzinə, müddətin uzadılması ilə onun sadələşdirilməsi haqqında düşünülür ki, həyata keçirilən tədbirlər nəticəsində isə proqram daha çox ağırlaşır. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur”.

Azərbaycanda cəmi 32 tədris həftəsinin olduğunu deyən müsahibimiz bunu aşağı göstərici sayır. Dediyinə görə, digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40-42-43 həftəyə çatır.

Əsədov qeyd edir ki, son illər ərzində Azərbaycanda dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb: “Onlar şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil. Hal-hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçrilən eyni mövzuları mənimsəyiblər”,-deyən K.Əsədov əlavə edib ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır: “Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı şagirdlər”.

Ekspertin dediyinə görə, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər – pedaqoji, siyasi və müasir: “Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və “bir udumluq” olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var”.

“Bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır. Onlar bunu düşünür: kitabda nə artıqdır, nə yox? Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır”, – deyə K.Əsədov əlavə edib: “Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin ibtidai siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir. Dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi. Avropa dərsliklərinə fikir verin; qalın, maraqlı. Əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiz, dərslik fikir laboratoriyasıdır. Tapşırıqlarda əlavə göstərişlər olmalıdır. Şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir. Dünya təcrübəsindən bir misal deyim: Kanadada deyirlər ki, uşağa bilik öyrətməkdən əl çəkin. Şagirdə özünütəyinetmə imkanı verin. Yuxarı siniflərdə instruktor olması kifayətdir. Tapşırıq verir, şagird isə informasiyanı özü axtarıb tapmalıdır. Dərsliksə şagirdin müstəqilliyini inkişaf etdirmir. Əksinə, onu çərçivəyə salır. Həyatda nə müəllim həmişə onun yanında olacaq, nə də düzgün yazılmış dərslik”.

Mütəxəssis vurğulayır ki, orta məktəblər üçün dərslik, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır: “Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir”.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin orta məktəblərində bizdən fərqli olaraq, yuxarı siniflərin dərslikləri də şəkillidir: “Alimlər artıq çoxdan təsdiq edib ki, yazılı mətnlə görüntü arasında kəskin fərq var. Görüntü ilə biliyin mənimsənilməsi faizi yazı və oxudan xeyli artıqdır – 70 faizdir. Bizdə isə şagirdlərə hələ də “bu mətni oxuyun, əzbərləyin” tapşırıqları verilir. Dərslikdə mücərrəd ifadələr olmamalıdır. O fikri ki sadə cümlə ilə ifadə etmək olar, bizim dərslik müəllifləri ən çətin ifadələr işlədir. Hesab edirəm ki, dərsliyi yazan professor fikirləşməlidir ki, bunu professorlar oxumayacaq, uşaqlar oxuyacaq. Məncə, orta məktəb dərsliklərinin hazırlanmasında gənc nəslə üstünlük verilməlidir. Gənclər uşaqlıq dövrünə daha yaxın məsafədə uzaqlaşan insanlardır. Bir var, ibtidai sinif dərsliyini 60-70 yaşlı professor yazsın, bir də var, 35-40 yaşında məktəb müəllimi. Dərsliklərin hazırlanmasında məktəblə bağlı insanlar mütləq iştirak etməlidir”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir