usaq

Uşaqlar evdən niyə qaçır?

Baxış sayı: 1. 957

Uşağa ata və anasından, ailəsindən əziz və yaxın olan yoxdur. Uşağın çətinliyi, qorxusu olanda ata-anasına sığınmırsa, əksinə evdən qaçırsa, bu, ailədə hansı dəhşətlərin baş verməsinə işarə edir. Uşaqlar hər zaman kömək üçün anasının yanına qaçar, bəs valideynlərindən qorunmaq üçün kimə üz tutsunlar?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərə əsasən, uşaqların evdən qaçma səbəbi daha çox zorakılq halları ilə bağlı olur. Komitənin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyevin “Trend”ə dediyinə görə, onlarda bununla bağlı statistika yoxdur: “Lakin komitəyə edilən müraciətlər əsasında belə halları qeyd edirik. Bizə ya qaçan uşaqlar, ya da onların valideynləri müraciət edib kömək istəyirlər. Bu müraciətlərə əsasən deyə bilərik ki, uşaqlar evdən daha çox zorakılığa görə qaçırlar”.

P.Əliyev deyib ki, evdən qaçan uşaqların arasında qızlar olsa da, oğlanlar üstünlük təşkil edir: “Komitəyə il ərzində bununla bağlı 3-4 müraciət olur. Lakin o da nəzərə alınmalıdır ki, evdən qaçan hər bir uşaq bizə üz tutmur. Polisə də müraciət edənlər olur”.

Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq sığınacağının direktoru Vasif Akifli bildirir ki, uşaqlar evdən qaçmağı son çıxış yolu gördüyü üçün belə edir: “Heç kəs ona xoş olan yerdən qaçmaz. İstər uşaq, istər böyük. Xoşbəxtlik, sevgi olan bir yerdən insan qaçmır. Deməli, ailədə zorakılıq faktoru, psixoloji təsirlər olub ki, uşaq evdən qaçıb. Zorakılığın hansısa bir növü ilə, psixoloji, fiziki, cinsi zorakılıqla üzləşən uşaqlar ailəni artıq evləri kimi görə bilməz. Uşaqlar diqqətsizlik gördüyü halda da belə edir”.

Müsahibimiz hesab edir ki, valideyn nəzarətsizliyindən, diqqətsizliyindən çöldə kimlərəsə qoşulmuş uşaqlar da evdən qaça bilər. Buna oyunlar, zərərli vərdişlərə aludəçilik də səbəb olur. “Təcrübəmizdə belə hallarla tez-tez rastlaşırıq. İstənilən halda valideyn buna görə məsuliyyət daşıyır”.

Akifli qeyd edir ki, ailəsində zorakılıq görən uşaqlar qapalı şəraitdə qalırlar: “Fürsət olduqda evdən qaçırlar. Evdən qaçan uşaqlarsa əksər vaxtlarda polis tərəfindən aşkarlanır. Sığınacaqdakı uşaqlardan bir misal gətirim. Evdən qaçan bacı və qardaş sığınacağa yerləşdirilib. Onları Bakı Şəhər İcra Hakimiyyətinin Qəyyum himayəçilik komissiyası gətirib. Bu komissiya uşaqların sosial durumlarına və təhlükəsizliyinə nəzarət edir. Sığınacağa yerləşdirilən həmin bacı və qardaş anaları tərəfindən zorakılıq görüblər. Ana reabilitasiyaya göndərilib, içki aludəçisidir, uşaqların heç bir sənədi yoxdur, qeyri-rəsmi nikahdan dünyaya gəliblər. Bunu xüsusilə qeyd edirəm, artıq ənənəvi hal alıb ki, evdən qaçan uşaqların əksəriyyəti analığı və ya atalığı tərəfindən zorakılığa məruz qalıb. Qeyri-rəsmi nikahdan olan uşaqlar zorakılıqla daha çox üzləşir. Doğma ana və ya atası tərəfindən zorakılıq görən uşaqlar az olur”.

Psixoloq Arzu Qurbanovanın bildirdiyinə görə, uşaqlar fərqli səbəblər üzündən evdən qaçır: “Ailədə dözülməz vəziyyət, konfliktlər, zorakılıq, diqqətsizlik uşaqları qaçmağa vadar edir”.

Müsahibimizə görə, uşaqlar yeniyetməlik dövlərində evdən qaçmağa daha meylli olur. “Onlar özlərini axtarırlar, şəxsiyyət kimi təsdiq etməyə çalışırlar. Ailədə diqqət göstərilməsini, şəxsiyyət kimi qəbul olunmasını, fikirlərinin nəzərə alınmasını, məktəbdə müəllimi tərəfindən ona dəyər verilməsini istəyirlər. Onları görmədikləri təqdirdə, yeniyetmələr müəyyən psixoloji problemlər yaşayırlar. Münasibətlərin pis, yeniyetmənin içində daxili narahatçılıqların olması yeniyetmələrin evdən uzaqlaşmasına gətirib çıxarır”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir