tv

Cizgi filmlər uşaqların xasiyyətinə təsir edirmi? – ARAŞDIRMA

Baxış sayı: 1. 975

“Oğlum cizgi filmə baxmadan yemək yemir. Ona yeməyi animasiyalar, cizgi filmlər vasitəsilə yedirdirəm. Ən çox izlədiyimiz film isə “Maşa və ayı”dır. Övladım artıq onun alüdəçisidir. Nə edirəm televizordan, telefonlardan uzaqlaşdıra bilmirəm. Uşaq çox aqressiv olub. Hər şeyə etiraz edir, özündən kiçik bacısını vurur”.

Bu sözləri 2 uşaq anası Gülnar deyir. Gənc valideyn oğlunun xarakterindəki dəyişiklikləri gördüyü üçün qızını multfilmlərdən uzaq tutur.

Sosial şəbəkələrdəki məşhur qadın qruplarında da belə statuslara tez-tez rast gəlirik. Valideynlərdən məsləhət alan gənc analar övladlarını mavi ekran və nağıl dünyasından kənarlaşdırmaq üçün çarələr axtarırlar.

Biz də gənc anaların çağırışını əsas tutub kiçik araşdırma apardıq. Uşaqlar hansı cizgi filmləri izləməlidir. Cizgi filmlər həqiqətən onların taleyinə təsir edirmi?

 

“Uşaqlar film qəhrəmanlarını təqlid edirlər”

Psixoloq Orxan Oruc bildirdi ki, 4-5 yaşdan cizgi filmlərdəki obrazlar xarakter olaraq uşaqların diqqətini çəkir: “Təxminən 1.5 yaşdan etibarən uşaqlar ətraflarında baş verən, gördükləri hər bir hərəkətə, rəngə, səsə xüsusi diqqət göstərməyə başlayırlar. Sözsüz ki, hərəkətli, xüsusi rənglərlə zəngin, səs effektləri ilə bol olan cizgi filmləri də uşaqların diqqətini çəkir. 4-5 yaşa qədər rəngarənglilik, fərqli səslər, dinamiklik uşaqlarda maraq oyadırdısa, artıq 4 yaşından sonra cizgi film qəhrəmanları obraz olaraq diqqətlərini çəkməyə başlayır. Daha sonrakı yaşlarda isə artıq uşaqlar həmin qəhrəmanları təqlid etməyə başlayırlar. Qəhrəmanların cizgi filmlərində elədiyi qəhrəmanlığı etmək imkanları olmasa da, onlar kimi davranır, onlara bənzəməyə çalışırlar. Cizgi filmlərində isə qəhrəmanlar həmişə müsbət xarakterli olmur, tərbiyəvi davranış nümayiş etdirmirlər. Bu baxımdan, bəzən uşaqların xoşagəlməz davranış səbəbləri də məhz cizgi filmlərindəki qəhrəmanların mənfi davranışlarının təqlidi ilə bağlı olur”.

 

Valideynlər şərait yaradır…

Psixoloq hesab edir ki, valideynlər uşaqların başlarını qatmaq üçün onlara əcnəbi cizgi film kanallarına baxmağa şərait yaradırlar: “Təəssüf ki, müasir dövrdə gənc valideynlər uşaqlarının hərəkətliliyinin qarşısını almaq, öz işlərini görmək, uşağın başını qatmaq üçün cizgi filmlərindən istifadə edirlər, yəni uşaqları televiziya qarşısında əyləşdirib, onlarla əcnəbi cizgi filmi kanallarına baxmağa şərait yaradırlar. Uşaqların xəyal dünyalarının, fantaziya bacarıqlarının inkişaf edən vaxtından onlar üçün real öyrənmə və fantaziya qurma imkanının yaradılmaması, gələcəkdə müəyyən problemlərin yaranmasına gətirib çıxara bilir. Müstəqil düşünmə, vəziyyətlərdən məntiqi çıxış bacarığı zəif olan uşağın özünəinam kimi vacib duyğusunun zəifləməsinə səbəb olur. Həmçinin, süjet xəttində şiddət əlamətləri olan cizgi filmləri uşaqların aqressiv olmasına, ətraf aləmlə əlaqələrinin kəsilməsinə, diqqət əskikliyi kimi problemlərin yaranmasına səbəb olur”.

Həmsöhbətimizin sözlərinə görə, valideynlər çox asanlıqla cizgi filmlərinin uşaqlara verə biləcəyi zərər və faydaları öyrənə bilərlər: “Bunun qarşısını almaq üçün valideyn ilk növbədə cizgi filmini nəzərdə keçirməli, məzmunu və ideyası ilə tanış olmalıdır. Müasir dövrdə bunu etmək o qədər çətin və vaxt alan bir proses deyil. Demək olar ki, hər bir cizgi filmi haqqında mütəxəssislərin analizləri internetdə var. Müxtəlif ölkələrdən olan bu analizləri oxumaqla cizgi filminin uşağa verə biləcəyi zərər və faydaları öyrənmiş olar. Bundan əlavə, uşaqların onları cizgi filmi, telefon, planşet, kompyuter oyunları kimi real həyatdan uzaqlaşdıran vasitələrdən məhdudiyyət və limitli zamanla istifadəsi təmin edilməlidir. Ümumi şəkildə desək, valideynlər uşaqların fiziki və psixi baxımdan sağlam böyümələri üçün onlarla birlikdə çoxlu vaxt keçirməli, həyatı daha real və təbii öyrənmələri üçün şərait yaratmalıdırlar”.

 

“Kadr dəyişikliyi körpə beynində qarışıqlıq yaradır”

Məlumat üçün bildirək ki, Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə, uşaqlarda televiziyaya maraq 18 aylıq olarkən yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq başlayır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş yaranır.  Tədqiqatlara görə, tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa səbəb olur. 3-6 yaş arası uşaqlar da isə bu təsirin səviyyəsi daha da artır.

6-11 yaş qrupuna aid uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur. Cizgi filmləri uşaqlara müxtəlif formalarda mənfi təsir edir. Araşdırmalara görə, şiddət, qorxu məzmunlu cizgi film izləyən uşaqlar digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olur. Belələri ətraflarına daim zərər vermək barədə düşünür və çox aqressiv olurlar. Mütəxəssislərin fikrincə, gündə bir neçə saat cizgi filminə baxan uşaqlarda diqqət əskikliyi olur. Bundan başqa, onlarda aktivlik yaşıdlarına nisbətən 30-40 faiz az olur. Uşağın izlədiyi animasiya filmləri hər gün onun həyatına daha çox daxil olur. Balaca özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə gerçək olmayan dünyada yaşayır, reallığa adaptasiya ola bilmirlər. Filmdə gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər.

Sosioloq Lalə Mehralı isə deyir ki, əcnəbi cizgi filmlərindəki əcaib görünüşlü, qorxulu personajlar uşaqları idarə edir. Sosioloq vurğulayır ki, müasir cizgi filmlərin hamısında subliminal mesaj gizlənib: “Axı bizim kifayət qədər milli cizgi filmimiz var, sovet dövründə çəkilənlər var, hamısı yüzlərlə peşəkar mütəxəssisin əlində çıxıb, onlara sosial, psixoloji baxışlar keçirilib, uşaqların alt şüuruna necə təsir edəcək, nə kimi xeyri ola bilər, bu suallar ətrafında düşünülüb. Amma müasir cizgi filmlərinin hamısında bir məqsəd, subniminal mesaj gizlənib”.

“Yad ideologiyalar uşaqların beynini korlayır”

Müsahibimiz öz övladları üçün Azərbaycan istehsalı cizgi filmlərinin siyahısını tərtib edib. Həmin siyahını bizimlə bölüşən sosioloq deyir ki, uşaq ana dilində cizgi filmlərə baxanda milli ruhda böyüyür: “Sovet illərində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası xeyli sayda milli cizgi filmləri istehsal edib. Sadəcə, əhali onlardan yalnız bir neçəsini izləyib. “Tıq-tıq xanım”, “Tülkü Həccə gedir”, “Cırtdan”, “Qız qalası”, “Meşəyə insan gəlir” və s. Halbuki, bizim çox nəhəng cizgi filmi arxivimiz var. Əhali, xalq çəkilmiş həmin cizgi filmlərini sadəcə, görməyib. Bəlkə televiziyalar da bundan xəbərsizdir. Televiziyalara bu saat sərf edir ki, “Maşa və ayı”, yaxud “Buz dövrü”, uzaqbaşı “Qar kraliçası”, “Kral Aslan” kimi cizgi filmlərini efirə versinlər. Heç kəs beynini yorub düşünmək istəmir. Əl altda olandan istifadə edir. Amma kinostudiyaya müraciət etsələr, arxivdən xeyli sayda milli cizgi filmi əldə edərlər. AzTV-nin özünün çox zəngin arxivi var. Yəni milli cizgi filmlərinin azlığı bəhanə edilməməlidir. Sadəcə, telekanallar onları alıb efirə verməlidir. Bu, hərtərəfli sərfəlidir. Nə dublyaja vaxt və maliyyə sərf olunar, nə də yad ideologiyalar uşaqlarımızın beynini korlayar. Uşaqlarımız milli ruhda böyüyər, ana dilində cizgi filminə baxar. Hazırda bəlkə də ailələrin 90 faizində ya Rusiya, ABŞ istehsalı, ya da Türkiyə istehsalı cizgi filmlərinə baxılır. ABŞ istehsalı bir cizgi filmi var – “Ben 10”. Orada aşkar satanizm təbliğ edən kadrlar mövcuddur. Mən o cizgi filmini görmüşəm, ordakı uşağın gözlərindəki ifadə şəxsən məni qorxudub. Uşaqlar o filmə necə baxır bəs? Çoxları deyir ki, “Maşa və ayı” cizgi filmində də zorakılıq elementləri var. Fikrimcə orada dəcəl, “yaramaz” bir qızcığaz və onu çox sevən ayı var. Bu cizgi filmi çox güman ki, sovet illərində çəkilmiş cizgi filminin yeni, müasir variantıdır. Sovet vaxtı oxşar bir cizgi filmi vardı, Maşa adlı balaca qız ayının daxmasına gəlir. Yemək hazırlayır, daxmanı silib-süpürür, yığışdırır və s. Hazırkı cizgi filmi isə müasir zamana uyğunlaşdırılıb. Düzdür, “Maşa və ayı” da yad beynin məhsuludur. Amma unutmayaq ki, bu yad beynin məhsulu olan cizgi filmləri ilə böyük bir nəsil yetişdi. Və biz zorakılığa meyilli, aqressiv olmadıq. Əksinə, yaxşılıq etməyi, böyüyə hörməti, heyvanları, canlıları sevməyi, dünyanı sevməyi öyrəndik. Sovet illərində bizim ölkəmizdə çəkilmiş yüzlərlə  cizgi filmində uşaqlara ən müsbət keyfiyyətlər aşılanır. Üstəlik,  bu işi o vaxt ən peşəkar insanlar görürdü. Şəxsən bizim evdə uşaqlar sovet dövründə çəkilmiş milli və sovet cizgi filmlərinə baxır. Həyat yoldaşım vaxt olduqca youtube-dan kompyuterə cizgi filmləri endirib, sonra da SD disklərə yazıb. Evdə onlarla belə disk var. Hesablasaq ümumilikdə 800-900 cizgi filmidir.  Övladlarım yalnız o filmləri izləyir”.

Cizgi filmlər uşaqların xasiyyətinə təsir edir - Araşdırma

Hiylə, pis davranış, itaətsizlik, aqressivlik…

Qeyd edək ki, Amerikada Sietl Uşaq Xəstəxanasının Elmi-Tədqiqat İnstitutunun 330 uşaq üzərində apardığı araşdırmanın nəticələrinə görə, məktəbəqədər dövrdə şiddət mövzulu filmlər izləyən uşaqlar daha sonra yaşıdlarına görə 3 qat daha aqressiv olur. Bu cür uşaqlarda hiylə, pis davranış, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi davranışların sıx müşahidə edildiyi ortaya çıxdı. Araşdırmaya görə, uşaqlar məktəbə başlandıqları andan məzun olduqları zamana qədər məktəbdə təxminən 13 min saat keçirirlər. Eyni müddət ərzində televiziya qarşısında keçirdikləri vaxt isə təxminən 18 min saatdır. Bu 18 min saat isə, uşaqların zehni, fiziki və ruhi inkişafına mənfi təsir göstərir. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir