neqliyyat

İctimai nəqliyyatda təhlükəsizlik qaydaları necə gözlənilir?

Baxış sayı: 3. 243

İctimai nəqliyyat vasitəsi gün ərzində minlərlə insanı daşıdığı və ehtiyaclarını ödədiyi nəqliyyat vasitəsi olduğu üçün təhlükəsizlik qaydalarının gözlənilməsi də hədsiz vacibdir. Lakin ekspertlərin bildirdiyinə görə, ictimai nəqliyyatda təhlükəsizlik qaydaları tez-tez pozulur.

Sərnişinlərin apardıqları müşahidələrə görə, bütün müasir tipli avtobuslarda avtobus qəzaya uğradıqda nəqliyyatdan çıxmaqdan ötrü pəncərənin şüşəsini qırmaq üçün qoyulan qırmızı çəkiclər yoxdur. Köhnə avtobuslarda isə insanların təhlükəsizliyi üçün lazım olan bu element, ümumiyyətlə, yoxdur.

Yol hərəkəti qaydaları və təhlükəsizliyi üzrə ekspert Azər Allahverənovun bildirdiyinə görə, avtobuslarda bəzi hallarda sərnişinlər təhlükəsizlik qaydalarına riayət etmirlər: “Gah avtobusun qapılarına söykənmiş şəkildə dururlar, gah avtobusların qapılarının açılmasına maneəçilik törədəcək halda dayanırlar. Hətta bir neçə dəfə müşahidə etmişəm ki, sərnişinlər avtobusun qapısının bağlanmasına imkan vermirlər. Avtobuslarda video müşhidə şəbəkələri quraşdırılıb. Və bu kameralar avtobusda gedən proseslərlə bağlı çəkilişlər aparır. Bu, müəyyən mənada avtobusdakı xoşagəlməz halların qarşısını alan bir haldır. Amma video müşahidələr, hər zaman dediyimiz effekti vermir. Bəzi sərnişinlərin avtobusun pəncərəsindən yerə nəsə atması və yaxud avtobus hərəkətdə olarkən avtobusdakı tutacaqlardan tutmaması halları da olur”.

Onun dediyinə görə, “BakuBus”ın avtobuslarında sərnişinlərə təhlükəsizlik qaydaları ilə bağlı səsli mesajlar çatdırılır: “Digər avtobuslarda da bunun tətbiq edilməsi olduqca vacibdir. Səsli mesajlar, hətta başqa dillərdə də olmalıdır. Bəzi hallarda əcnəbilər həmin avtobuslardan istifadə edir. Eyni zamanda, avtobusların içərisində müəyyən şəkillər vasitəsilə də təhlükəsizlik qaydalarını göstərmək olar. İctimai nəqliyyatda təhlükəsizlik qaydaları daim gündəmdə saxlanılmalı olan məsələdir. Şübhəsiz ki, avtobusun bir məntəqədən digər məntəqəyə sərnişinləri təhlükəsiz qaydada daşıması həm sürücünün peşəkarlığı, həm avtobusun texniki vəziyyəti, həm də sərnişinlərin davranışı ilə əlaqədar olan məsələdir. Sərnişinlər çox sadə görünən, amma insanların təhlükəsizliyi üçün önəmli olan qaydaları pozurlar. Məsələn, bir-birinə yol vermirlər. Təsəvvür edin, əgər sərnişinlərin hamısı qaydaları pozsa, avtobusun daxilində necə xaos yaranar”.

Allahverənov qeyd edib ki, avtobus qəzaya uğrayarkən pəncərəni sındırmaq üçün nəzərdə tutulan təhlükəsizlik çəkicləri bir qayda olaraq avtobuslarda olmalıdır: “Bunun çıxarılmasının müxtəlif səbəbləri ola bilər. Apardığımız müzakirələr zamanı aydınlaşdırmışıq ki, bu çəkicləri sərnişinlər oğurlayırlar. Bu səbəbldən də avtobuslardan həmin çəkiclər çıxarılır. Düşünürəm ki, bu, yolverilməz haldır. Çünki heç kəs qəzadan sığortalanmayıb”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir