ders

Şagird xəstə-xəstə məktəbə gedirsə…

Baxış sayı: 1. 296

Valideynlərin yaralı yerlərindən biri də uşaqların xəstə-xəstə uşaq bağçalarına və ya məktəbə gətirilməsidir. İndi bu hal geniş yayılıb və uşaqlar arasında soyuqdəymə, viruslar durmadan artır. Valideynlər də artıq bir-birinə “uşağın xəstədir, məktəbə gətirmə” desə də, buna əməl edən azdır. Təhsil müəssisələrində buna nəzarət zəifdir.

Tibbi ekspert Adil Qeybullanın bildirdiyinə görə, çox vaxt valideynlər uşaqlarının qripə yoluxduğunu deyirlər: “Amma bilməlidirlər ki, bu, qrip deyil, yuxarı tənəffüs yollarının iltihabı prosesi, kəskin respirator xəstəliklərdir. Uşaqların tutulduğu bu xəstəliklərin heç biri qrip deyil. Qrip virus növüdür. Qrip dünyada dörd karantin infeksiyadan biri sayılır. Qrip olduqda Ümumdünya Səhiyyə Təşkilatı rapor verir. Qrip balaca bir regionda olmur. Böyük bir arealı əhatə edir”.

Müsahibimizə görə, insanlar bilməzlikdən, dilləri buna alışdıqdan uşaqların tutulduğu kəskin respirator xəstəliklərə qrip deyirlər. Kəskin respirator virusa yoluxma qripə bənzə əlamətlərlə keçdiyi üçün belə adlandırırlar. “Əslində isə uşaq yoluxduqda renaviruslar, adenaviruslar, paraviruslar fəallaşır və bu vəziyyəti yaradır. Bunlar yuxarı tənəffüs orqanlarında soyuqdəymədən fəallaşırlar və qripə bənzər əlamətlər yaradırlar. İnsanlar da bir-birlərini yoluxdura-yoluxdura gedirlər”.

A.Qeybulla qeyd edir ki, istənilən halda yuxarı tənəffüs orqanları virusa yoluxubsa, uşaq yataq rejimində olmalıdır: “Elə olur ki, valideynlər uşaq xəstəliyə tutulanda bir-iki gün evdə saxlayır, sonra uşaq bağçasına və ya məktəbə aparır. Bu, düzgün deyil. Uşaq sağalandan sonra məktəbə getməlidir. Sahə həkimi gəlib onu müayinə edib sağalması barədə arayış verməlidir. Yalnız bundan sonra uşağı təhsil müəssisəsinə buraxmaq olar”.

Tibb ekspertinin dediyinə görə, adətən kəskin respirator viriusdan sağalma bir həftə davam edir. Uşaq bu virusa yoluxubsa və bir az vəziyyəti yaxşı olan kimi yataq rejimindən çıxarılırsa, bu, yarımçıq sağalmadır və yarımçıq sağalmadan sonra uşaq bir də yenə xəstələnir.

Təhsil eksperti Kamran Əsədovun bildirdiyinə görə, ilin soyuq aylarında uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır: “Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil. Lakin hər şeydə olduğu kimi burada da müəyyən hədd var. Danılmaz faktdır ki, şagirdlərin qidalanması çox yaxşı vəziyyətdə deyil. Hətta 6-7 dərs saatı ərzində onların normal qidalanmaması şagirdlərin fiziki zəifləməsi ilə nəticələnir”.

Onun bildirdiyinə görə, qanunvericilik aktlarına əsasən, ciddi yoluxucu xəstəliklər istisna olmaqla, digər mövsümi xarakter daşıyan xəstəliklərə yoluxma şagirdlərin dərsə gəlməsinə məhdudiyyət qoyulması üçün səbəb ola bilməz.

“Lakin qrip və bu kimi xəstəlik daşıyıcısı olan şagirdlərin məktəbə daxil olması zamanı orta məktəbin tibb xidməti göstərən əməkdaşı tərəfindən profilaktik tədbirlər həyata keçirilməlidir. Məlumdur ki, uşağın ağzı və burnu infeksiya və viruslar üçün “giriş qapısıdır”. Çöldən evə qayıtdıqdan sonra uşaq boğazını yaxalamalı, burnunu su ilə yumalıdır.

Məktəb rəhbərliyi müəssisənin tibbi personalı ilə hər gün monitorinq aparmalı, əgər sinifdəki şagirdlər arasında qrip virusu ilə bağlı təhlükə varsa, o zaman bütün şagirdlər quruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq sonuncu partada əyləşməlidir. Sinif rəhbəri virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirilməlidir”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir