aile

Gənclər üçün ailə paketləri – ARAŞDIRMA

Baxış sayı: 1. 448

Ailə insanı bütün həyatı boyu müşayiət edən ictimai fenomendir. Ailə iki insanın birlikdə yaşaması deyil , eyni zamanda bu “kiçik dövlətin hər bir vətəndaşının” qarşılıqlı harmoniya şəraitində birgə həyatıdır. Bu səbəbdən ailə qurmaq istəyən gənclər “yüz ölçüb, bir biçməlidirlər”. Evlilik hazırlığında olan cütlüklər gələcəkdə yaşayacaqları evin seçilməsi, əşyaların alınması, dəvətlər, toy mərasiminin keçiriləcəyi yer və s. haqqında düşünürlər. Lakin bütün bunlarla yanaşı, daha vacib sayılan bir nüans çox təəssüf ki, az hallarda gənclərin yadına düşür. Hər bir şəxs belə bir addım atmazdan öncə ictimai həyatından da vacib olan sağlamlığını bir daha nəzarətdən keçirməlidir. Çünki ailənin gələcəyi bütövlükdə dünyaya gələcək uşaqların sağlamlığından asılıdır. Bu səbəbdən mütəxəssislər ailə qurmazdan öncə, evlənmək istəyən cütlüklərin mütləq həkim müayinəsindən keçməsini məsləhət görürlər.

 

Paketlərin təklif edildiyi klinikalar

Bunları nəzərə alan bəzi klinikalar ailə qurmaq istəyən gənclərin müayinə olunması və müayinənin nisbətən ucuz başa gəlməsi üçün paketlər təklif edirlər. “Gənc ailə paketləri” adı verilən bu müayinə üsulunda oğlan və qızlar üçün paket şəklində müalicə üsulları nəzərdə tutulur. Biz də gənc ailə paketlərinin hansı xəstəxanalarda, hansı qiymətlərlə təklif olunduğunu öyrənmək üçün kiçik bir araşdırma apardıq. Bunun üçün şəhərdə fəaliyyət göstərən bəzi klinikalarla əlaqə saxladıq. İlk müraciət etdiyimiz ünvan “Sağlam Ailə” Tibb Mərkəzi oldu. Bu klinika əsasən gənclərin reproduktiv sağlamlığı ilə məşğuldur. Bizimlə danışan klinikanın nümayəndəsi deyir ki, “Azərbaycan genofondunun keşiyində” şüarı altında fəaliyyət göstərən mərkəzin məqsədi evliliyə qədəm qoyan, bu ciddi addımı atmağa qərar verən cütlüyün hər birinin sağlam ailə qurmasına yardımçı olmaqdır: “Mərkəzdə infeksion, irsi qan xəstəlikləri, reproduktiv problemlərin erkən diaqnostikası aparılır. Bununla yanaşı, nikahqabağı gənclər və valideyn olmağı planlaşdıranlar androloq, terapevt, seksapatoloq, dermatoveneroloq və ginekoloqun məsləhətlətindən yararlana bilərlər. Müxtəlif “Check-up” müayinələrə isə 5-20 faiz (30 yaşa qədər) endirim edilir, imkanlarımız daxilində hər hansı infeksion xəstəliyin müalicəsi ödənişsiz təqdim olunur”. Eyni zamanda klinikada gənclərə “Mən ailə qururam”, “Mən ana olmaq istəyirəm”, “Mən ata olmaq istəyirəm” kimi gənc ailə paketləri də təklif olunur. Paketlərin qiymətlərinə gəldikdə isə, klinikanın nümayəndəsi deyir ki, gənc ailə paketləri xanımlar üçün 60 manata, kişilər üçün isə 89 manata başa gəlir: “Paket daxilində gənc xanımlar üçün ümumi qan analizi, qan qrupu, qanda olan infeksiyaların yoxlanlması və ginekoloji baxış daxildir. Gənc kişilərin paketinə isə androloji çek-up müayinə, androloji UZi və yaxma analizləri daxildir”.

Məlumat üçün bildirək ki, bu xəstəxanada paketlərdən istifadə etmək istəyən gənc ailələr 2 gün öncədən qeydiyyatdan keçməlidirlər.

 

İxtisar etmək mümkündür

“Vital” Klinikada da gənc ailələr üçün paketlər mövcuddur. Klinikadan qəzetimizə verilən məlumata görə, bu klinikada qiymətlər münasibdir. Belə ki, ginekoloji müayinə 15-20, infeksiya analizləri 33, digər analizlər isə 10 manatdan başlayır: “Klinikamızda paket şəklində olan müayinlərdən bəzilərini ixtisara salmaq mümkündür.”

Ölkəmizdə məşhur klinikalardan sayılan “Mərkəzi Klinika” da gənc ailələr üçün paketlər təklif edir. Sözügedən klinikada paketlərin qiyməti kişilər üçün 167 manat, qadınlar üçün isə 140 manata başa gəlir. Klinikadan qəzetimizə daxil olan məlumata görə paketə əsas müayinə növləri daxildir: “Qadınlar üçün olan paketə ginekoloji müayinə, 2 hormonun və qanda olan virusların yoxlanılması daxildir. Kişilər isə uroloq müayinəsindən keçir, sidiyin təhlili aparılır, HİV və spermoqramma və yaxma analizləri götürülür.

“Ailə planlanması mərkəzi”ndə isə gənc ailələr üçün təklif edilən paketlərin qiymətləri həm qadınlar, həm də kişilər üçün eynidir. Klinikadan verilən məlumata görə, burada həm qadınlar, həm də kişilər 70 manat ödəməklə çek-up müayinədən keçə bilərlər: “Ailə qurmaq istəyən gənclər 140 manat ödəməklə müayinədən keçə bilərlər. Paketə qadınlar üçün ginekoloqun, həkim-genetikin müayinəsi, ümumi qan analizi, virusların yoxlanılması və yaxma analizləri daxildir. Kişilər üçün isə həkim-uroloqun, həkim-genetikin məsləhəti, yaxma analizi, qanda olan virusların, infeksiyaların yoxalnılması daxildir”.

Xatırladaq ki, bu klinikada müayinədən keçmək istəyən gənclər bir gün öncədən həkimlə əlaqə saxlamalıdırlar.

“Nərgiz” klinikasında gənc ailələr üçün “çek-up” müayinə 55 manata başa gəlir. Klinikanın nümayəndəsi bizimlə söhbətində bildirdi ki, istər kişilər, istərsə də qadınlar bu məbləği ödəməklə, çek up müayinədən keçə bilərlər: “Müayinəyə qanın ümumi analizi, sidiyin ümumi analizi, öd, qaraciyər, mədəaltı vəzin yoxlanılması, həmçinin UZİ və ginekoloji yoxlanma da daxildir”.

“City Hospital”  isə klinikalarında gənc ailələr üçün paketlərin olduğunu bildirdi. Lakin qiymətlər haqqında məlumat vermədi. Klinika nümayəndəsinin verdiyi məlumata görə, burada qiymətlər münasibdir: “Bizim klinikaya yaxınlaşan vətəndaşlara endirimlər edilir. Buna görə də, gənc ailə paketlərindən istifadə etmək istəyən gənclər bizə yaxınlaşa bilərlər”.

Qeyd edək ki, “Medilux” klinikası, “Modern hospital”, “Leyla Şıxlinskaya klinikası”, “Medikal plaza”, “Avrasiya” klinikası, “Atlas Medical” Klinikası ilə də əlaqə saxladıq. Lakin sözügedən tibb ocaqları gənc ailələr üçün paketlər təklif etmədiklərini söylədilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir