lazer

Lazer epilyasiyasının fəsadları haqda bilmədikləriniz

Baxış sayı: 7. 283

El arasında belə bir deyim var ki, “Gözəllik qurban tələb edir”. Xüsusilə müasir dövrdə insanlar gözəl görünmək naminə xarici görünüşlərinə xələl gətirən amillərdən qurtulmaq üçün hər “işgəncəyə” dözürlər. Onlar estetik görünüşlərini qorumaq məqsədilə zaman-zaman bədənlərinə şüa yeridilməsi, iynə ilə deşilməsi kimi əzablardan keçirlər.

Hər bir qadının və kişinin estetik görünüşlərinə ziyan gətirən əsas faktorlardan biri də arzu olunmayan tüklərdir. Hər kəsə məlumdur ki, istənməyən tüklər müasir dövrdə insanların qorxunc kabusuna çevrilib. Belə tüklərdən birdəfəlik azad olmaq istər qadınların, istərsə də kişilərin arzusudur. Onlar bu tüklərdən qurtulmaq üçün hər yola əl atırlar. Bu yollardan ən geniş istifadə olunanı isə lazer epilyasiyasıdır.

 

Tüklərdən qurtulmaq mümkün deyil

Məlumat üçün bildirək ki, alimlərin araşdırması nəticəsində məlum olub ki, insan orqanizmindəki tüklərin kökünü birdəfəlik kəsmək və onlardan qurtulmaq mümkün deyil. Əvvəllər tədqiqatçılar düşünürdülər ki, tük follikulunu məhv etməklə onlardan birdəfəlik xilas olmaq olar. Amma sonradan məlum oldu ki, bu üsul istənməyən tüklərdən qurtulmaq üçün yetərli deyil. Belə ki, 80-ci illərin əvvəllərində holland alimi, cərrah Bouman cərrahi əməliyyat vasitəsilə bir qadının qoltuqaltındakı tükləri follikkullar və tük hüceyrələrinin böyüyüb çoxaldığı qatla birlikdə götürür. Lakin bir müddət sonra tüklər yenidən çıxmağa başlayır. Yalnız 14 ildən sonra Pensilvaniya universitetinin alimləri bu məsələni aydınlaşdırırlar. Məlum olur ki, tüklərin çıxmasına səbəb onların rüşeym hüceyrələridir. Bu hüceyrələr tük köklərinin ətrafında və piy vəziləri ilə əzələlər arasında yerləşir. Orqanizmdə follikul tam məhv olsa belə orada rüşeym hüceyrələri varsa, tüklər mütləq yenə də bitəcək. Yəni kosmetoloqlar yaxşı nəticə əldə edə bilmək üçün yalnız tük köklərini yox, həm də onun rüşeym hüceyrələrini məhv etməlidirlər.

Lazer epilyasıyasının çatışmayan cəhətlərindən biri də odur ki, bu vasitə ilə rüşeym hüceyrələrini məhv etmək mümkün deyil. Çünki bu hüceyrələr rəngsiz olduqları üçün lazer şüası onları görmür və bu zonaya daxil ola bilmir. Nəticədə müəyyən müddətdən sonra tüklər yenidən çıxmağa başlayır. Epilyasiyadan sonra yeni çıxan tüklər nazik və qısa olduğu üçün nəzərə çarpmadan özü tökülür. Amma bir müddət sonra bu tüklər yenidən əvvəlki vəziyyətində çıxmağa başlayır.

 

İncə tüklər codlaşır

Türk internet portallarında verilən məlumata görə, lazerin mənfi cəhətlərindən biri yuxarıda qeyd etdiyimiz kimi rəngsiz və nazik tükləri görə bilməməsidir. Digər tərəfdən, həmin tükləri məhv edə bilməməklə yanaşı, şüa onları stimulyasiyaya uğradaraq tükün qara və kobud çıxmasına səbəb olur.

Lazer epilyasiyasının müsbət və mənfi tərəfləri haqqında məlumat verən kosmetoloq Zinyət Süleymanova bizimlə söhbətində epilyasiyanın uzun müddət arzuolunmaz tüklərdən qurtulmaq üçün ən rahat yol olduğunu bildirdi. Onun sözlərinə görə, bu epilyasiyadan istifadə edən insanlar istənməyən tüklərdən azad olmaqla bərabər, onların dərilərində də müəyyən hamarlıq yaranır. Lazer epilyasiyası ilə ülgüc və epilyatorlara nisbətən daha qalıcı, gigiyenik və komfortlu nəticələr əldə edilir. Digər vasitələrdən daha çox dəriyə gözəllik verir.

 

Epilyasiya dərini ləkələndirir

Epilyasiyanın yaratdığı fəsadlardan danışan kosmetoloq bildirdi ki, isti yay aylarında lazer epilyasından istifadə etmək dəridə ləkələnmələr əmələ gətirə bilər: “Ümumiyyətlə yay aylarında epilyasiya etmək təhlükəli hesab olunur. Bu vaxt epilyasiyadan istifadə edən insanlar onun qaydalarına da riayət etməlidirlər. Məsələn, epilyasiyadan sonra insanlar özlərini günəş şüalarından qorumalı, epilyasiya olunan gün vanna qəbul etməməli və dənizə getməməlidir. Bunlara riayət etmədikdə, şüa dəridə ciddi fəsadlar yarada bilər”.

Lazer epilyasından istifadə edən bəzi insanlar epilyasıyanın nəticələri ilə razı deyillər. Onlar iddia edirlər ki, epilyasiyadan sonra tüklər azalmaq əvəzinə çoxalır. Məsələyə münasibət bildirən kosmetoloq belə hallarla qarşılaşdıqlarını bildirdi. Onun sözlərinə görə, birinci proseduradan sonra tüklərin çoxalması normal qəbul olunmalıdır: “Bəzi insanlarda birinci proseduradan sonra bellə hallarla qarşılaşmaq çox təbiidir. Çünki şüa insanın daxilindəki ölü hüceyrələri oyadır və bunlar da bir neçə aydan sonra tüklənməyə səbəb olur. Amma ikinci proseduradan sonra tüklər tam tökülür və azalma müşahidə olunur. Buna görə belə hallarla rastlaşan insanlar ikinci dəfə mütləq təkrar epilyasiya elətdirməlidirlər”.

Kosmetoloq da epilyasiya vasitəsilə tüklərdən birdəfəlik xilas olmağın mümkün olmadığını təsdiqlədi. Onun sözlərinə görə, insanlar il ərzində normal, tüksüz gəzə bilmələri üçün 2-3 dəfə epilyasiyadan istifadə etməlidir: “Biz şərq qadınları olduğumuz üçün tüklənməyə meyilliyik. Əgər bədəninizdəki tük sağlam fizioloji tükdürsə, ildə iki-üç dəfə gəlməlisiniz ki, il ərzində tüksüz gəzə biləsiniz. Çünki fizioloji tükü lazer tam apara bilmir. Amma fizioloji tüklərlə yanaşı, müəyyən xəstəliklərlə bağlı insanlarda tüklənmə gedibsə və ya cod, qara tüklər yaranıbsa, bunlar müvafiq həkimlərlə birlikdə müalicə olunaraq lazer vasitəsilə 3 seansdan sonra tam olaraq aradan qaldırılır”.

 

Lazer şiş xəstəliyi yarada bilərmi?

Lazer epilyasiyası ilə bağlı insanları narahat edən məqamlardan biri də bədənə verilən şüa nəticəsində xərçəng xəstəliyin yaranma ehtimalıdır. Onkoloq Azər Quliyev bizimlə söhbətində bildirdi ki, lazer şüasının xərçəng xəstəliyi yaratma ehtimalı öz təsdiqini tapmayıb: “Lazer epilyasiyasının insan orqanizmində bir sıra fəsadları ola bilər. Amma xərçəng xəstəliyini yaratması kimi risk yoxdur. Çünki epilyasiya zamanı verilən şüa qısamüddətli olduğu üçün hər hansı şiş xəstəliyini də yaratması az ehtimal olunur. Xərçəng xəstəliyinin yaranması radiasiya, gen, hava çirkliliyi, qida və digər səbəblərlə bağlıdır”.

 

Epilyasiya və sonsuzluq

Qadınlarda lazer epilyasiyası bədənin hər tərəfinə tətbiq oluna bilər. Ən çox seçilən bölgələr isə üz, qolaltı, bikini və ayaq bölgələridir. Bəzi qadınlar hesab edir ki, bikini bölgəsində epilyasiya edilməsi yumurtalıqları şüalandıraraq sonsuzluq riski yaradır. Ginekoloq Naibə Həsənova bizimlə söhbətində bildirdi ki, lazer epilyasiyası qadınlarda sonsuzluq və digər qadın xəstəliklər yaratmır: “Lazer epilyasiyası 3-4 ilin trendidir. Hələ ki bunun üzərində konkret tədqiqat aparılmadığı üçün elmə dayanan bir nəticə yoxdur. Amma şəxsi fikrim belədir ki, indiyə kimi epilyasiyadan istifadə edən xanımlar var, o xanımlar bu baxımdan heç bir problemlə qarşılaşmayıb. Müşahidələrimə əsasən deyə bilərəm ki, epilyasiya uşağa qalmaya heç bir təsir göstərmir. Amma ginekoloji problemləri olan xanımlarda müəyyən problemlər yarada bilər”. Ginekoloqun sözlərinə görə, hamilə qadınların hamiləlik dövründə epilyasiyadan istifadə etməsi onların və uşağın sağlamlığı üçün qəti qadağandır.

Qeyd edək ki, lazer ağ, boz, sarı, qırmızı və çox incə tükləri görə bilmir. Belə insanlarda lazer öz təsirini göstərə bilmir. Bununla yanaşı, həkimlər sədəf xəstəlikləri olan şəxslərə, şiş xəstəliklərindən əziyyət çəkən insanlara, ümumiyyətlə hansısa dərmanlardan istifadə edənlərə, 18 yaşına çatmayan gənclərə və müəyyən yanıq xəsarətləri alanlara lazer epilyasiyasından istifadə etməyi məsləhət görmür.

 

Aygün Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir