evlilik

Qohumdan qız alma sevdasının QORXUNC ÜZÜ

Baxış sayı: 1. 394

Dünyada qohum evlilikləri ilə illərdir aparılan mübarizə öz nəticəsini göstərsə də, Azərbaycanda hələ də azalmaq bilmir. Əsasən rayon yerlərində hamı özünün yaxın qohumunun qızını gəlin olaraq evinə gətirməyə çalışır. Yaxın qohum olmadıqda isə, uzaq da olsa, oğlunu “özününkülərdən” biri ilə evləndirir. Lakin ailələr təkrak-təkrar qan bağı olan evliliklərdən dünyaya gələcək uşaqların qüsurlu ola bilmə ehtimalını qulaqardı edir.

Araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir. Dünyanın bəzi ölkələrində genofondun təmizliyini təmin etmək məqsədilə qohum evliliyi təmamilə qadağan edilib. Almaniya, ABŞ-ın 24 ştatında əmiqızı-əmioğlu evliliyi təmamilə yolverilməzdir. ABŞ-ın bəzi ştatlarında qohum evliliyi 56%- təşkil edir. Bu göstərici Küveytdə 54,3%, Türkiyədə 26,8% təşkil edirsə, İngiltərədə 0,56%-dir.

Qohum evlilikləri ilə bağlı  məsələyə münasibət bildirən  ginekoloq Zalxa Osmanova deyir ki, dünyaya sağlam uşaq gətirmək üçün mayalanmada iştirak edən, genetik informasiyanı daşıyan hüceyrələr sağlam olmalıdır: “Mayalanmanı 50 faiz kişi hüceyrəsi, 50 faiz isə qadın xromosomları təşkil edir. Qohum nikahlarında daha çox genetik xəstəliklərin, eybəcərliklərin, inkişaf etməyən hamiləliklərin, qüsurlu uşaqların doğulması məhz bununla bağlıdır. Yəni bizim genetik informasiyanı daşıyan hüceyrələrdə hansı xəstəliklərin olub-olmaması ilə əlaqəlidir. Qohum olduğu zaman artıq bizim ulu babamızın genində olan informasiya bölünüb bütün uşaqlara paylanılır. Yəni bir baba, yaxud nənənin xromosomlarında olan məlumat bütün övladların hüceyrələrinə bölünür, hətta bir-iki nəsil sonra belə əgər qohumluq əlaqəsi varsa, bu xəstəliyi daşıyan hər iki fərddə artıq xəstə övladın olma faizi yüksəlir”.

Mütəxəssisin sözlərinə görə, gendə olan hansısa bir xəstəlik doğulacaq bütün uşaqlarda rast gəlinə bilər. Nəvədə isə bu genlər daha da çoxalır.

“Bu qohumluqdan iki nəfər evlənərsə, sözsüz ki, bunların xəstə övladının olma faizi daha yüksək olacaq. Amma nəsildən hər hansısa xəstəliyi daşıyan fərd, başqa nəsildən biri ilə evləndiyi zaman orda bu xəstəliyin təkrarlanma faizi olmur, yaxud çox aşağı olur”, – deyə Z. Osmanova vurğulayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir