ev

Güzəştli mənzilləri kimlərin almaq hüququ var? – ŞƏRTLƏR

Baxış sayı: 1. 607

Şəxsi mənzil sahibi olmaq hər kəsin arzusudur. Xüsusilə də Bakıda yeni tikilən binalarda qiymətlərin yüksək olması hər kəsə bu arzunu reallaşdırmaq imkanı vermir. Lakin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən yaxın illərdə satışa çıxarılacaq güzəştli mənzillər bir çox insanın şəxsi mənzil arzusunu reallaşdıracaq.

Güzəştli mənzilin hansı üstünlükləri var? Güzəştli mənzili kim və necə əldə edə bilər? Güzəştli mənzil üçün müraciət qaydası necədir?

Əvvəlcə qeyd edək ki, güzəştli mənzilin qiyməti yerləşdiyi ərazidəki digər mənzillərin orta bazar qiymətindən aşağı olacaq. Vətəndaş mənzili İpoteka Fondunun müddəti 30 ilədək olan güzəştli krediti hesabına 10 % minimal ilkin ödənişlə, illik 4%-lə əldə edəcək. Mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif ediləcək.

Güzəştli mənzili kim ala bilər?

– Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
– Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
– Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
– Ən az 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
– Ən az 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
– Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
– İdman sahəsində xüsusi xidmətləri olan şəxs (Fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və III yerlər).

DİQQƏT!

Sadalanan bu 7 kateqoriyaya aid vətəndaşlar yalnız gənc ailənin üzvü olduqda güzəştli mənzil əldə etmək hüququna malikdirlər. Gənc ailə dedikdə hər iki üzvünün yaşı 35-dən çox olmayan ailə və ya yaşı 35-dən çox olmayan və himayəsində ən azı 1 uşaq olan valideyn nəzərdə tutulur.

Bununla yanaşı…

Güzəştli mənzillər təkcə gənc ailələr üçün nəzərdə tutulmayıb. Orta yaşlı şəxslər də bu imkandan yararlana biləcəklər. Həmin şəxslərin kateqoriyası aşağıdakı kimi müəyyənləşdirilib:

– Elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
– Ən az 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;
– Ən az 3 il hərbi xidmətdə olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla), həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3.-cü, 42.0.4-cü, 42.0.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla);
– Ən az 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər;
– Ən az 3 il elmi vəzifədə işləyən elmi işçilər.

DİQQƏT!

Güzəştlə alınan mənzil 3 il müddətinə satıla, bağışlana və icarəyə verilə bilməz.

Müraciət qaydası

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə müraciət qaydası belədir:
1-ci mərhələdə: Vətəndaş “Elektron hökumət” portalında (www.e-gov.az) “Güzəştli mənzil” sisteminə daxil olur, özü haqqında tələb olunan məlumatları daxil edir. 5 iş günü ərzində müraciətinə baxılmasını gözləyir. Müəyyənedilmiş kateqoriyaya aid olduğu təsdiq edilərsə, onun şəxsi elektron kabinetinin yaradılması barədə bildiriş alır. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
2-ci mərhələdə: Vətəndaş satışa çıxarılacaq güzəştli mənzillər barədə elanı gözləyir. Elan çıxanda şəxsi elektron kabinetinə bildiriş gəlir. Burada o, satışa çıxarılmış mənzillərin yerləşdiyi şəhərcik, binalar və mənzillərin interyeri ilə elektron qaydada tanış olmaq imkanı əldə edir. Bəyəndiyi mənzili elektron qaydada seçir. Ödəniş üsulu ilə bağlı təsdiq aldıqdan sonra müvafiq müqavilənin imzalanması üçün dəvət alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir