Azərbaycan mətbəxinin ləzzət sirri yeməklərin kərə yağında bişirilməsidir. Ancaq əlbəttə əridilmiş kərə yağında. Son illər gənc xanımlar yeməklərin bişirilməsində ərinmiş kərə yağından çox istifadə etmirlər. Kərə yağı tərkibindəki faydalı maddələrlə sağlamlığa olduqca faydalıdır. Bu sağlıqlı qida beyin funksiyalarımızın yaxşı çalışmasına yardım edir. Kərə yağının əridilməsi nəticəsində tərkibində olan zərərli maddələr atılır. “Gencaile.az” sizə kərə yağının əridilmə qaydasını təqdim edir.
Hazırlanması:
Əvvəlcə kərə yağını bir qazana boşaldın. Üstünə azca qaynadılmış su və bir çimdik duz tökün. Yağı vam odda əritməyə başlayın. Yüksək istilikdə kərə yağınız yana bilər. Tez-tez qarışdıraraq yanmasının qarşısını alın. Yağın üzündə köpüklər əmələ gələcək. Həmin köpüklər qazanın dibinə enib qızarana qədər yağı bişirin. Bu, yağın tortasıdır. Torta qəhvəyi rəng aldıqda kərə yağınız hazır deməkdir. Təmiz bir süzgəclə, yaxud cunayla yağı saxlayacağınız çuğun qazana süzün.
Tortanı da atmayın. Keks, peçenye kimi şirniyyatlar hazırlayarkən yağ əvəzinə istifadə edə bilərsiniz. Şirniyyatlarınıza xüsusi dad verəcək.