Ferid

Nyukaslda təhsil alan həmyerlimiz: “Burada əsas üstünlük… ” – TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 2. 212

“Gencaile.az” saytının  “Tələbə bileti” rubrikasının budəfki qonağı qonağı Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq siyasət (qloballaşma, yoxsulluq və inkişaf) ixtisası üzrə magistr təhsili alan Fərid Ədilovdur.

 

– Xaricdə təhsil almaq istəyən azərbaycanlılar adətən ya məsafə, ya da adət-ənənə baxımından ölkəmizə uyğun dövlətləri seçdiyi halda,  siz  Böyük Britaniyanı seçmisiniz. Niyə məhz Böyük Britaniya?

– Əslində hazırda adət-ənənə, məsafə və digər stereotiplər səbəbindən təhsil almaq maneəsi düşünürəm o qədər də çox deyil. Yəni bugün təhsil almaq istəyi olan insan üçün oğlan və ya qız olmasından asılı olmayaraq bunlar problem deyil. Təbii ki, xaricdə təhsil almaq istəyən insan ilk öncə harada oxumaq istədiyini araşdırmalıdır, gedəcəyi ölkənin təhsilinin ona nə qazandırcağını düşünməlidir. Təhsil istiqamətində bilirsiz ki, Böyük Britanıya dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Müasir təhsil metodlarının, texnologiyanın tətbiqi, tədqiqat işlərinin aparılması, öyrətmə üsulları sahəsində Böyük Britaniya böyük təcrübəyə malikdir. Azərbaycanda dövlət orqanında sosial sahədə çalışmışam. Bildiyiniz kimi, Böyük Britaniya inkişaf etmiş bir ölkə olaraq bu sahə üzrə ixtisaslaşıb, müəyyən standartlara, təkmil qanunvericiliyə malik bir ölkədir. Böyük Britaniyanın təhsil təcrübəsinə yiyələnmək, eyni zamanda bu sahədə təcrübəmi artırmaq üçün məhz Böyük Britaniyanı seçmişəm.

–  İlk dəfə Nyukasla düşəndə nə hiss etmişdiniz?

– Təbii ki, ilk gələndə insan özünü qəribə, tənha hiss edir. Yeni cəmiyyət, yeni insanlar, tamamilə başqa bir həyat. Bunlar özü sənə bir həyəcan yaradır.

– Hazırda Nyukasl Universitetində magistr təhsili alırsınız. Buna qədər isə BDU-da oxumusunuz. İki ölkənin təhsil sistemi arasında müşahidə etdiyiniz başlıca fərqlər nələrdir?

– Böyük Britaniyaya oxumağa gələn insanlar təhsil sistemi arasında fərqləri asanlıqla müşahidə edə bilir. Ola bilsin ilk vaxtlar bu tələbəyə çətinliklər də yaratsın. Burada təhsilə yanaşma və təhsil sistemi fərqlidir. Bizim təhsil sistemində əsasən verilən materiallın öyrənilməsinə üstünlük verilir, ancaq həmin materialın təhlili və ya ona tənqidi yanaşılmasını etmirik. Bu da istər şagird, istərsə də tələbələrdə  “tənqidi düşünmə”nin inkişafına imkan vermir. Burada əsas üstünlük araşdırma, məlumatın müqayisəsi, dəyərləndirilməsinə üstünlük verilir. Seminarlar müzakirə şəklində aparılır, müəllim tələbələrin öz fikirlərini bildirməsi üçün daha çox şərait yaradır. Seminarlarda tələbəyə qiymət verilmir, tələbənin qiyməti onun imtahanı və ya yazdığı esse-dən asılıdır.

fn

– Böyük Britaniyada olduğunuz müddətdə qənaətə gəlmisiniz, sıravi ingilisin həyat tərzi necədir?

– İngilislər günlük vaxtlarını səmərəli istifadə edirlər və hamısı çox məşğuldur. Həftənin müəyyən günləri iki müxtəlif  işdə işləyən insanlar çoxdur. Həftəsonlarını isə istirahətlərinə ayırırlar. Həftəsonları kafe, restoranlar hamısı insanla dolu olur.

–  Maddi imkanları necədir? Tutaq ki, müəllim, mühəndis, fəhlə, jurnalist, kitabxanaçı – bir sözlə, məmur olmayan və biznesi olmayan ingilisin maddi təminatı necədir? Nə təsir bağışlayır sizə?

– Gördükləri işdən asılı olaraq insanların gəlirləri dəyişir. Maddi təminatları yaxşıdır, yerli insanların işlə bağlı problemləri yoxdur, asanlıqla iş tapa bilirlər, məvacibləri kifayət qədər yüksəkdir. Yerli tələbələr hamısı demək olar ki, işləyirlər.

– Bizimlə ingilislər arasında hansı oxşar və fərqli cəhətlər diqqətinizi çəkib?

– Hər hansı köməyə ehiyacın olduğu halda kimdən soruşsan sənə kömək etməyə çalışacaqlar. Bizim insanlarla bu eyni uyğunluğu görürəm. Çox dəqiqdilər. Kiminləsə görüşü əvvəlcədən təyin edirsənsə, mütləq həmin vaxtı və saatı orda olurlar.

– Maraqlıdır, ərzaq alış-verişi, yemək hazırlamaq, evi səliqəyə salmaq – bu məsələləri necə həll edirsiniz?

– Buraya gələndə artıq yeni bir həyata başlamış olursan. Nyukasl Universitetinin yataqxanasında qalıram, yataqxana kirayəsi baha olsa da, yataqxana ən müasir səviyyədədir. Çalışıb yemək bişirirəm, fastfood-lardan maksimum qaçıram. Ərzaqların qiymətlərinin baha olduğunu düşünmürəm, alış-verişi yaxınlıqdakı marketlərdən edirəm.

– Britaniya bahalı ölkədir. Xərclərinizi necə qarşılayırsınız?

– Böyük Britaniya Xarici İşlər Nazirliyinin magistr təhsili almaq istəyənlər üçün beynəlxalq Chevening təqaüd proqramı var. Chevening təqaüd proqramı magistr təhsili aldığın müddətdə bütün xərcləri (təhsil haqqı, yaşayış, viza, uçuş xərcləri) tam qarşılayır. Proqram öz sahəsi üzrə uğurlu nailiyyətləri olan, gələcəkdə işlərini daha da effektiv aparmaq üçün beynəlxalq təcrübə qazanmaq istəyən namizədlərə Britaniyada təhsil almaq imkan yaradır. Ötən il həmin proqrama müraciət etdim. Proqramın müsabiqə və müsahibə mərhləsini uğurla keçdim və təqaüdü qazandım. Hazırda xərclərimi Chevening proqramı qarşılayır.

fnn

– Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə çatdırmaq hamımızın borcudur. Bu baxımdan xaricdə yaşayan həmyerlilərimizin məsuliyyəti bir az da artıqdır. İşğal altındakı Laçından məcburi köçkün olan Fərid Ədilov  bu problemi əcnəbilərə çatdırmağa nə dərəcədə çalışır?

– Mən və ailəm erməni işğalından əziyyət çəkmişik, həmin çətin vəziyyəti biz yaşamışıq. O hadisələri kitabdan yox, canlı yaşamış bir insanam. Burada xarici tələbələri Azərbaycan haqqında, Qarabağ hadisələri ilə bağlı məlumatlandırıram, ermənilərin vəhşiliklərini onlara danışıram. Çünki bu hadisələri mən özüm yaşamışam, görmüşəm. Onlara deyirəm ki, hazırda doğulduğum torpaq işğal altındadır, emrənilər də iddia edir ki, həmin torpaqlar onlara məxsusdur. Mən deyirəm azərbaycanlıyam və orada doğulmuşam, o zaman bu necə ola bilər? Bütün bunları danışanda ağlayan insanlar olub.

– Ümumiyyətlə, çevrənizdəki tələbələr Dağlıq Qarabağ problemi haqda nə dərəcədə məlumatlıdırlar?

– Ətrafımdakı əcnəbi, yerli tələbələr ölkəmiz haqqında o qədər də məlumatlı deyillər. Ona görə də çalışıram onlara həmişə məlumat verim, ölkə ilə bağlı həqiqətləri onlara danışım.

– Sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

– Xaricdə təhsil almaq üçün kriteriyalar müxtəlifdir və bu insandan-insana dəyişə bilir. Ölkə və universitet- bu insanın seçimindən  asılıdır. Yəni insan özü daha yaxşı bilir ki, ona nə lazımdır, hara ona uyğundur. Ancaq ümumi bəzi məsələri qeyd etmək olar. Xaricə gəlməmişdən öncə getdiyiniz ölkə və universitet barədə geniş araşdırma aparmalısınız. Oxumaq istədiyi sahənin hansı universitetdə daha yaxşı tədris edildiyi, universitetin səviyyəsi önəmlidir. Yəni xaricə gəlib istəklərinizi ala bilməzsəniz bu sizi məyus edər. Bunları öyrənmək üçün həmin universitetin veb səhifəsinə daxil olaraq bütün məlumatları öyrənə bilərsiz.

 

Söhbətləşdi: Tural Məmmədov

nf

fnnn