20 yanvar

Qəhrəmanlıq tariximizin “20 Yanvar” səhifəsi

Baxış sayı: 1. 703

20 Yanvar  faciəsindən 28 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız insanların gülləbaran edilməsi əməliyyatı  SSRİ Müdafiə Nazirliyi, DİN  xüsusi təyinatları və SSRİ DTK-nın “A” təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu faciəni törədənlər  Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı.

SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki, M.Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi:

– 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər  öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi;

– adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;

-xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

-adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

-“Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. M.Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?

O dönəmdə özlərini “azadlıq mücahidləri” kimi tanıdan Xalq Cəbhəsinin aparıcı üzvlərinin, həmçinin ölkəyə rəhbərlik edən Əbdülrrəhman Vəzirovun, Azərbaycan DTK  sədri Vaqif Hüseynovun  və hakimiyyətdə təmsil olunan digərlərinin öz vəzifələrini qoruyub saxlamaq üçün bu faciənin kütləvi qan-qada ilə müşayiət olunmasında rolu az olmayıb. İmperiya ordusunun hansı xislətdə olduğunu gizlətməklə onlar əliyalın insanları top-tüfəngin, tankların qabağına sürüklədilər. Əgər əsil həqiqəti xalqdan gizlətməsəydilər və imperiyanın tapşırıqlarını qul kimi icra etməsəydilər, kim bilir bəlkə də bu faciə baş verməzdi. Onlar isə azadlıq arzusunda olan əliyalın insanları aldatdılar, obyektiv gerçəkliyin nədən ibarət olduğunu ört-basdır etdilər. Son anda isə-faciə baş verən gecə qaçıb aradan çıxdılar. Yanvarın19-dan 20-nə keçən gecə bəzilərinin sədası yeyib-içmək məclisindən, bəzilərinin səsi isə xarici ölkələrdən eşidildi. Ambisiyalarından,  siyasi avantüralarından əl çəkməyən belə xəyanətkarlar sonradan arsız-arsız  deyirdilər ki, guya onların heç nədən xəbərləri olmayıb.

Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində, Moskvada…

SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də,  Azərbaycanda törədilmiş 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvar faciəsinin ildönümündə Azərbaycan xalqına başsağlığı verməklə münasibət bildirmişdi.

Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciəyə fərqli prizmadan baxdı.  1990-cı ilin dekabrında isə Qorbaçova hətta Nobel sülh mükafatı da verildi. Azərbaycan o vaxtkı  rəhbərliyinin cəsarətsiz və qorxaq siyasəti, kölə psixologiyası üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində  də layiq olduğu hüquqi-siyasi qiyməti almamışdı. Bu qanlı faciədən  sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi.  Onların kölə psixologiyasının nəticəsi olaraq 20 Yanvar hadisələri yanlış yozuma və unutqanlığa məhkum edilmişdi.

XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Image result for 20 yanvar

 

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyev  hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu…

“20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu… Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda,  1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi…

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı…

2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Möhtərəm Prezidentimizin fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir.

Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Müvafiq olaraq, 20 Yanvar şəhidlərinin ailələrinə, əlillərə də verilir. Əlillərin sağlamlığının bərpası da diqqət mərkəzindədir. Onların reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub.

20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu…

Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin inşasına başlanıldı. 2010-cu il yanvarın 20-də isə kompleksin açılışı oldu. Ümumi sahəsi 1500 kvadratmetr olan xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.

Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.

Bu il xalqımız 20 Yanvar hadisələrinin 24-cü ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin  başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.

Bakının ən mötəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir