gelin

“YENGƏ viza”sı

Baxış sayı: 2. 233

İnsanın təbiət etibarilə müəyyən təbii ethiyacları var. Bunlara yemək yemək, yuyunmaq, ünsiyyət qurmaq, cinsi münasibətdə olmaq və s. ehtiyacları misal göstərmək olar. İnsan bu kimi ehtiyaclarını necə təmin edəcəyini mühitdən və cəmiyyətdən öyrənir. Cinsi münasibət haqqında məlumatlar da müxtəlif yollarla əldə olunur. Qadınlar bu cür məlumatları əvvəllər daha çox yengədən öyrənərdilər. Yəni qadınların cinsi məlumatları öyrənməsində yengənin rolu böyük olub. Son dövrlərdə informasiya vasitələri dəyişsə də, bizim cəmiyyətdə yengənin gördüyü “iş” hələ də çox böyük əhəmiyyət kəsb edir.

Bir neçə gün əvvəl “yengə” sözünün lüğətdəki izahı ilə maraqlandım. Azərbaycan dilinin izahlı lüğətində bu söz “Keçmişdə gəlin köçürülən zaman onun yanınca gedən və ona rəhbərlik edən qadın” kimi izah olunur. İzahda “keçmişdə” qeydi olsa belə, bu gün də yengə məsələsi aktualdır və bir çox insanın maraq dairəsindədir. Bu məqalədə yengəyə nəyə görə ehtiyac olduğuna və son dövrlərdə yengəyə münasibətin dəyişməsinə toxunmayacağam. Yaxud “Yengə kimlərdən olmalıdır? Ona necə nəmər verilməlidir? Toydan sonra arzuolunmaz hal (qızın bakirə çıxmaması və s.) baş verərsə, yengə nə etməlidir?” kimi suallara cavab verməyəcəyəm. Bu məqalə, zifaf gecəsi bəy otağının qapısını kəsdirən, cütlüyü tələsdirib: “Bu gecə olmalısınız, yoxsa, sizinkilərə nə deyərəm?” deyərək ilk cinsi münasibəti tezləşdirən, beləcə istər-istəməz cütlüyün gələcək cinsi həyatını korlayan yengələrə müraciətdir.

Son dövrlərdə yengənin qızın arxasınca getməməsi, qızın yengə istəməməsi və ya oğlanın yengəyə razılıq verməməsi kimi hallara şahid oluruq. Bunun bir sıra – bəzi cütlüyün qohum-əqrəbadan utanması, “yengəyə ehtiyacımız yoxdur” düşüncəsinə sahib olunması, bu mövzularda kifayət qədər məlumatı olduqlarını düşünməsi, toydan əvvəl cinsi münasibətdə olaraq kifayət qədər təcrübə toplaması kimi səbəbləri ola bilər. İstənilən halda yengələr cinsi münasibət haqqında müəyyən və düzgün məlumata sahib olmalıdır.

Əgər yengə aşağıda yazılanları bilmirsə, cütlüyü bu sahədə mütəxəssisə yönləndirməlidir. “Hamımız bu yolu keçmişik və heç nə olmaz” deyib cinsi münasibəti əhəmiyyətsiz görməməlidir. Yengə bunları bilməlidir:

1. İnsan orqanizmi və cinsi əlaqə haqqında düzgün məlumata sahib olmalıdır.

2. Ailə quran qıza qadın olmağı öyrətməlidir. Qıza bədəni haqqında məlumat verməli, cinsi münasibətdə diqqət edilməli məsələləri öz bildiyi kimi yox, düzgün öyrətməlidir.

3. Cütlük üçün ilk gecənin əhəmiyyəti böyükdür. Yengə qızın “ilk gecə qorxusu və həyəcanını” azaltmaq üçün əlindən gələni etməlidir.

4. Yengə unutmamalıdır ki, onun vəzifəsi bakirəlik qanı sürtülmüş bəyaz mələfəni bir neçə nəfərə nümayiş etdirib nəmər almaq yox, cütlüyün rahat münasibətdə olmasına şərait hazırlamaq və qızı məlumatlandırmaqdır.

5. İlk cinsi münasibətin olmasına əngəl olan aybaşı, yorğunluq, istəksizlik, utanmaq kimi hallar varsa, cütlüyün əlaqəyə hazır olduğu vaxtı gözləməli və bu mövzuda onlara dəstək olmalıdır. Əgər ehtiyac olarsa, cütlüyü mütəxəssisə yönləndirməlidir.

6. Cütlük ilk gecə “vaginizm” və “erkən boşalma” kimi hallarla qarşılaşa bilər. Bu təqdirdə yengə cütlüyü mütəxəssisə yönləndirməlidir. Belə vəziyyətlərdə “Bir az döz”, “Ay qız, heç nə olmaz”, “Spirtli içki qəbul elə, həyəcanın keçsin” kimi sözlər deyərək onları səhv istiqamətləndirməməlidir.

7. Qapıda və ya yan otaqda oturub “Görəsən nə oldu? Qutarmadılar? Niyə bunlar qutarmırlar” kimi ifadələrlə cütlüyü tələsdirməməlidir. Əksinə cinsi əlaqə üçün hazırlanan otaqda cütlüyün rahatlığına (danışarkən səslərinin eşidilməməsi, duş qəbulu və s.) şərait hazırlamalıdır.

8. Ailə üzvləri və qohum-əqrəbanın mümkün qədər həmin gün cütlüyün gərdəyə girdiyi evdə qalmamasını təmin etməlidir.

9. Yengənin xüsusilə bəzi qohumlardan (bibi, xala, qardaş arvadı və s.) olması şərt deyil. Kim olur-olsun əsas odur ki, yengə qıza düzgün məlumat verib onu cinsi münasibətə hazırlaya bilsin.

10. İlk gecə cinsi münasibətdə olmaq istəməyən cütlüyə faydalı məsləhətlər (söhbət etmək, qucaqlaşmaq və s.) verməlidir.

Unutmamaq lazımdır ki, bahalı restoranda toy etmək, xüsusi gəlin maşını sifariş vermək, qiymətli zinət əşyaları, qonaqların çoxluğu cütlüyün xoşbəxtliyi üçün əsas deyil.

İlk cinsi münasibəti düzgün yaşamamaq “ilk gecə travması”na səbəb olur. Bunu yeni qurulan ailə həyatında problemlərin başlanğıcı da adlandırmaq olar. İlk gecə müəyyən problemlərlə qarşılaşan cütlükdə tez-tez bir-birindən küsmək, kobudluq, cinsi əlaqənin həmişə ağrılı olacağını düşünmək kimi birçox narahatlıqlar özünü göstərir.

Gərdək gecəsi və ilk münasibət haqqında kifayət qədər məlumatı olmayan və ya daha çox məlumat əldə etmək istəyən cütlük zifaf gecəsinə hazır olub-olmadığını bilmək üçün mütəxəssisə müraciət edə bilər.

*Məqalə ailə quran kişinin düzgün məlumatlara sahib olduğu nəzərə alınaraq yazılmışdır.

 

Uzman Psixoloji Konsultant / Cinsi Münasibətlər üzrə Terapevt Maarif Məmmədov