“Gencaile.az” Günay Rəsulovanın məqaləsini təqdim edir.
Övladı tez-tez xəstələnən valideynlər həmişə bir həyəcan, qorxu içində olurlar:
“Görəsən uşağın immun sistemində ciddi bir problem var?”, “Görəsən tək mənim uşağımdır belə tez-tez xəstələnən?”, “Niyə belə tez-tez xəstələnir?”
Bütün valideynlər, əslində, uşaqlarına qarşı çox diqqətli olduqlarını, onları bütün zərərli faktorlardan qorumağa çalışdıqlarını və bütün bu çabalarının nəticəsiz qaldıqlarını iddia edir və çox üzülürlər. Bəs əslində səbəb nədir? Axı niyə bu uşaqlar tez-tez xəstələnir?
Həqiqət isə budur. İlk 6 ay uşaqlarda anadan alınan passiv immunitet bitir və onlar bundan sonra öz şəxsi immun sistemlərini qurmağa başlayırlar. “Tez-tez xəstələnən uşaq” termini 1 yaşa qədər 4 dəfədən, 2-5 yaş arası ildə 5-6 dəfədən çox xəstələnən uşaqlara deyilir. Sağlam hesab edilən uşaq isə ildə 8-10 dəfəyə qədər üst tənəffüs yolu infeksiyası, ildə 2-3 dəfəyə qədər mədə-bağırsaq pozğunluğu keçirə bilər. Onların belə sıx-sıx xəstələnməsinin əsas səbəbi hər an yeni – yeni virus növləri ilə kontaktda olmasıdır. Bu viruslar sizin təmizkarlığınızdan asılı olmayaraq hər yerdə var. Bu virusların təxminən 200-ə qədər fərqli növləri var, hansı ki, hər dəqiqə artır və mutasiya edərək fərqli növlərə çevrilir. Uşaq orqanizmi də bu viruslar əleyhinə immunitet formalaşdırır. Bu proses illərlə davam edir. Bu səbəblə uşaqlar məktəbə və ya bağçaya gedərkən, özündən böyük qardaş və ya bacısının evə gətirdiyi viruslarla yoluxub xəstələnirlər. Uşaqlar soyuq fəsillərdə sıx-sıx xəstələnsələr də, bu xəstələnmənin səbəbi soyuq hava deyil, bu düşüncə ilə uşaqları havaya çıxarmaqdan məhrum etmək olmaz. Səbəb soyuq fəsillərdə insanların hava sirkulyasiyası yaxşı getməyən qapalı şəraitdə çox toplanmasıdır. Uşaqlar daha çox bağçada və məktəbdə xəstələnir. Çünki daim xəstə uşaqlarla təmas var, havalanma doğru olmayan, iqlimi uyğun olmayan qapalı otaqlarda təbii ki, infeksiya asanlıqla yayılır. Bu hal evlərdə də belədir. Çox vaxt xəstə uşaq olan evi çox isitməkdən ötrü əllərindən gələni edən valideynlər əslində mexanizmin əksinə təsir göstərirlər. Belə ki, xəstələnməyə başlayan uşaq üçün optimal ev istilik (18-20 dərəcə) və nəmliliyi təmin edilərsə, xəstəlik daha tez sağalar və irəliləməz.
Tez-tez bu sualı verirlər: “Həkim, oğlumun (qızımın) burnu axır, tək-tək öskürməyə başlayır, nə edim ki, artmasın”. Cavab: Otağın havasını sərin və nəmli saxlayın, uşağa bol maye verin, olduğu otağın havasını tez-tez dəyişin, uşaq özü istəmədikcə onu məcbur yedirtməyin və duzlu su məhlulları ilə burnunu maksimum açıq tutmağa çalışın.
Tez-tez xəstələnən uşaqları respirator allergik xəstəliyi olan uşaqdan fərqləndirmək də vacibdir. 2 yaşından yuxarı uşaqlarda uzun müddət davam edən burun axması varsa, uşaq tez-tez burnunu qaşıyır və silirsə, qızdırması yoxdursa, böyük ehtimal ki, allergik uşaqdır, xüsusi ilə də bu simptomlar yaz aylarında başlayırsa, allergik xəstəlik nəzərdən qaçmamalıdır.
Çox valideynin narahat olduğu əsas məsələ uşağın tez-tez xəstələnməsinin əsasında altda yatan ciddi bir səbəbin olub-olmamasıdır. Tez-tez xəstələnən uşaqlardan çox az bir qismində anadangəlmə immun çatmazlığı ola bilər ki, bu da çox az rast gəlinən bir xəstəlikdir. Belə xəstə uşaqlar hər xəstəliyi ciddi bir ağırlaşma ilə keçirir, çox vaxt belə uşaqlar uzun müddət xəstəxanada yatırlar.
Bəs tez-tez xəstələnən uşaqların valideyni nə etməlidir?
İlk növbədə, belə uşağa ümumi sağlam uşaq kimi baxmağı bacarmalıdır, əgər uşaq pediatr müayinəsində sağlam uşaq kimi dəyərləndirilirsə, narahat olmaq lazım deyil. Uşaq tez-tez xəstələndikcə bədən müxtəlif viruslara qarşı antitellər (qoruyucular) hazırlayır, get-gedə belə uşaqların orqanizmi artıq bu viruslarla necə mübarizə aparılmasını öyrənmiş olur və immuniteti möhkəmlənir.
Uşaq xəstədirsə, onu bağçaya və ya məktəbə göndərməməlisiniz, belə xəstə uşaqlar evdə daha tez sağalır, həmçinin ətrafdakıları yoluxdurmamış olur. Virus infeksiyalarının ilk 5 günü uşaqlar daha pis olur, soyuqlama simptomları 2 və ya 3 həftə davam edə bilir. Təkrarlanan virus infeksiyalarının xüsusi bir müalicəsi yoxdur, lakin virus infeksiyası otitlə, sinusitlə, pnevmoniya ilə, angina ilə ağırlaşmışsa, müalicədə antibiotiklər həkim təyinatına əsasən verilə bilər.
Uşaqlara profilaktik peyvəndləri vaxtı-vaxtında etdirməlidirlər, bağça və ya məktəbə gedən tez-tez xəstələnən uşaqlara isə əlavə olaraq “qrip əleyhinə vaksin” vurdursalar, yaxşı olar.
Sağlam uşaq böyütməyin əsas meyarlarından olan sağlam qidalanma, təmiz hava, normal və vaxtında yatmaq, uşağı həddindən çox fiziki və ya zehni yorulmağa qoymamaq da onun tez-tez xəstələnməsinin qarşısını əhəmiyyətli dərəcədə almış olur.
Sağlam olun!